28 Sentyabr, 2011
Respublika Uşaq Kitabxanası səyyar kitab sərgisi təşkil edir

Bir həftəlik tədbir bugündən başlayıb

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi ilə əlaqədar sentyabrın 28-dən oktyabrın 4-ə kimi səyyar kitab sərgisi keçirir. “Kitab karvanı: İpək yolu ilə” adlı tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə düzənlənib. Uşaq və yeniyetmələr üçün təşkil olunan səyyar kitab sərgisində Gəncə, Goranboy, Şəmkir, Tovuz, Qazax, Ağstafanın uşaq kitabxanalarına 700 nüsxədən ibarət müxtəlif nəşrlər, kitab kolleksiyası hədiyyə ediləcək.

Tədbir iştirakçıları uşaq kitablarını çap edən nəşriyyat işçiləri, sevimli yazıçı və şairləri ilə görüşəcəklər. Nazirliyin mətbuat xidmətindən simsar.az-a verilən məlumata görə, Hər rayonda səyyar sərgilər Heydər Əliyev adına parkda təşkil olunacaq.

Tədbirin keçirilməsində məqsəd şəhər və rayon kitabxanalarında uşaq ədəbiyyatının azlığını nəzərə alaraq, səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına marağı artırmaq, uşaqları mütaliəyə cəlb etməkdir. Uşaqların asudə vaxtlarının təşkilində kitabxanaların müsbət imicinin artmasına yardımçı olmaq da məqsədlər sırasındadır.

Bakıda fəaliyyət göstərən “Altun”, “Təhsil”, “Turan”, Kitab klubu, “Beşik”, “Çinar-çap” nəşriyyatlarının sərgi-satışı da təşkil olunacaq. Tədbirdə uşaq yazıçı və şairlərindən Ələmdar Quluzadə, Rafiq Yusifoğlu, Zahid Xəlil, Sevinc Nuruqızı, Gülzar İbrahimova, İlyas Tapdıq və başqaları iştirak edəcəklər.

Arifə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!