28 Sentyabr, 2011
Bakıda daha bir yenilik

Paytaxtda quraşdırılan aparat tam universal olacaq...

Yeniləşən və müasirləşən Bakı şəhərinin gözəlliyinə daha bir rəng qatılıb. Milli.Az-ın məlumatına görə, paytaxtın mərkəzi hissələrində yeni taksofonlar quraşdırılıb. Kabinəsinin üzərində buta şəkli təsvir olunan taksofonlar görünüşü ilə hamının diqqətini cəlb edir.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyev bildirib ki, yeni quraşdırılan taksofonlar sırf eksperiment xarakteri daşıyır. Onun sözlərinə görə, Bakıda quraşdırılacaq taksofonlarla bağlı yekun qərar verilməyib. Hazırda bir neçə variant üzərində işlənilir, bu istiqamətdə işlər hələ də davam etdirilir.

Baş direktorun müavini qeyd edib ki, bu işdə taksofonun daha cəlbedici və şəhərin görkəminə uyğun olması, eyni zamanda, universal olması nəzərə alınacaq: “Bakıda olan taksofonların çoxu ötən əsrin 60-cı illərindən qalmışdı. Məqsəd, universal taksofonlar quraşdırmaqdır.

Yeni taksofonlardan istifadə üçün əlavə jetona ehtiyac olmayacaq. Həm kartla, həm də pulla işləyəcək. Eyni zamanda, nəzərə alınacaq ki, taksofonların kabinaları gözəl olsun, şəhərin forma və gözəlliyinə uyğun gəlsin, quraşdırılan əraziyə yaraşsın. Bu məsələ dövlət səviyyəsində həll olunur”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!