27 Sentyabr, 2011
Nardaran yenidən ayağa qalxdı

Həmişəki kimi ilkin səbəb sosial problemlərdi 

Bakının Nardaran qəsəbəsinin sakinləri yenidən etiraz aksiyalarına başlayıblar, sentyabrın 27-də onlar qəsəbəyə gedən yolları bağlayıblar.

Nardaran Ağsaqqallar Şurasının sədri Hacı Natiq Kərimov “Media forum” saytına deyib ki, aksiya qəsəbəyə qaz və işıq verilməsi tələbi ilə keçirilir: “Aprel ayından Nardaranda qaz yoxdur. İşığı isə fasilələrlə verirdilər. Son iki gündə işıqlarımızı da kəsiblər”.

Şura sədri bildirib ki, ötən il qəsəbədə evlərə elektrik sayğacları qoyulub və sakinlər istifadə etdikləri enerjinin haqını vaxtında ödəyirlər: “Bizə deyirlər ki, əvvəlki illərdən borcunuz qalıb, onu ödəməlisiniz. Halbuki sayğac qoyulanda “Bakıelektrikşəbəkə”nin nümayəndələri ilə belə razılığa gəlinmişdi ki, əvvəlki illərdən qalan borcları istəməyəcəklər, yalnız sayğacda olan göstəricilərə əsasən pul ödənəcək. Əvvəlki illərdən qalan borclar uydurmadır, şişirdilmiş rəqəmlərdən ibarətdir. Bizim bunu ödəməyə imkanımız yoxdur. Qəsəbə sakinlərinin hamısı işsizdir, becərdiyimiz məhsulları sata bilmirik, məhsulun satış qiyməti ona çəkilən xərci ödəmir. Ona görə də bu borcu ödəməyəcəyik. Sayğac qoyulandan sonra heç kimin işığa borcu yoxdur”.

Hacı Natiq Kərimovun sözlərinə görə, son iki gündə nardaranlıların “Bakıelektrikşəbəkə”nin nümayəndələri ilə apardığı müzakirələr nəticəsiz qalıb: “İki nəfər qəsəbəyə də gəlmişdi. Amma müzakirələr nəticə vermədi. Ona görə də qəsəbə sakinləri etiraz aksiyasına başlamağa məcbur oldular. Hazırda İmam Hüseyn meydanında dörd minə yaxın insan toplanıb, qəsəbəyə daxil olan, Maştağa və Bilgəhə gedən yolları bağlayıblar. Əgər işıq və qazı verməsələr, vəziyyət yaxşı olmayacaq, qarşıdurma yaranacaq. İşıq və qaz verilməyincə aksiyalar davam edəcək”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!