27 Sentyabr, 2011
Məşhurların evini talayan peşəkar oğru tutuldu

Tanınmış şəxslərin evini yaran oğru min manatlarla pul aparıb

Xəzər rayon Polis İdarəsi 1-ci və 2-ci PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də Günay Zeynalovanın evindən qızıl əşyalarını oğurlamış Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Zakir Ordiyev tutulub. Simsar.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Z.Ordiyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun bu il ərzində Sevda Kazımovanın, İlqar Şükürovun, Rüstəm Səfərovun, Namiq Qurbanovun, İsaxan İsaxanlının, Alik Abdullayevin, Emil Abbasbəyilinin evlərindən pul və qızıl əşyaları, habelə Fuad Nəzərovun evindən 2700 manat pul və 1 ədəd fotoaparat, Aqil Səfərlinin evindən isə 3580 manat pul və qızıl əşyaları oğurlaması da müəyyən edilib.

Qeyd edək ki, Z.Ordiyev əvvəlcədən planlaşdırılmış şəkildə imkanlı şəxslərin mənzillərinə girirmiş. Məlumata görə, onun evindən oğurluq etdiyi İ.İsaxanlı Xəzər Universitetinin prorektorudur. Z.Ordiyevin yardığı mənzillər arasında banklardan birinin filialının rəhbəri E.Abbasbəylinin də evi olub.

Ümumilikdə isə peşəkar oğrunun 10 min manatlarla pul və qiymətli əşyaları taladığı bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!