27 Sentyabr, 2011
AZƏRBAYCANDA ANOLOQ TELEYAYIMDAN İMTİNA EDİLƏCƏK

Nuşirəvan Məhərrəmlidən vətəndaşlarə pis və yaxşı xəbər

Azərbaycanda rəqəmsal yayıma keçidlə bağlı noyabrdan sonra qərar veriləcək. MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycan analoq yayımdan imtina edəcək.

Simsar.az-ın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında bildirib.
MTRŞ sədri bununla bağlı əhaliyə müraciət edərək hamını bu prosesə indidən hazır olmağa çağırıb: “Rəqəmsal yayıma keçmək üçün analoq yayımı rəqəmsal yayıma uyğunlaşdırmaq lazımdır. Bunun üçün televizora dekoder alınmalıdır. Azərbaycanda Müdafiə Nazirliyinin Peyk zavodu və Kür zavodu dekoderlərin istehsalına başlayıb. Zavodlar yaxın vaxtlarda kütləvi istehsala başlayacaqlar. Eyni zamanda sahibkarlar da xaricdən dekoderlər gətirirlər”.

N. Məhərrəmlinin sözlərinə görə, hazırda dekoderlərin qiyməti 30-35 manat təşkil edir: “Amma istehsalçılarla danışıqlar aparırıq ki, bu qiymətləri aşağı salsınlar. Kütləvi istehsal olsa, o zaman qiymətlər düşməlidir”.

MTRŞ sədri Azərbaycanda iki ay paralel şəkildə həm analoq, həm də rəqəmsal yayımın aparılacağını, bundan sonra isə analoq yayımın tamamilə dayandırılacağını deyib.

Qeyd edək ki, paytaxtdan başlayacaq proses 2015-ci ilə qədər bütün ölkə ərazisini əhatə edəcək. Lakin rəqəmsal yayıma keçid yeni sistemi dəstəkləməyən televizor sahiblərinə müəyyən problem yaradacaq. Bu problemin həlli isə yeni rəqəmsal televizor almaq və ya rəqəmsal yayıma baxmaq üçün dekoderlərin quraşdırılmasıdır. Rəqəmli televiziya anoloji sistemə nisbətən daha mükəmməldir və üstün cəhətləri var. Rəqəmli yayım zamanı televiziyanın kompüter və notbuklarda internet vasitəsilə qəbul oluna bilməsi, mobil telefonla izlənməsinin mümkünlüyü əlavə interaktiv xidmətlərin də ötürülməsini mümkün edir. Rəqəmsal sistemin anoloq televizorlara təqbiqi birbaşa mümkün deyil. Çünki adi televiziyada dəqiqlik rəqəmsal sistemdən bir neçə dəfə aşağıdır. Bu səbəbdən rəqəmsal yayıma keçid zamanı sistemi dəstəkləməyən televizorlarda heç bir kanala baxmaq mümkün olmayacaq. Bu problemlə qarşılaşmamaq üçün iki variant mümkündür. 1-cisi vətəndaşlar rəqəmsal sistemi dəstəkləyən televizor almalıdırlar. 2-ci variant isə anoloq televizorlara yeni sistemi dəstəkləməyə imkan verən dekoderlərin quraşdırılmasıdır. Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bununla bağlı xüsusi işlər görür. Eyni zamanda vətəndaşların televiziyaya baxa bilməsi üçün rəqəmsal yayımla analoq yayım paralel şəkildə 2-3 il davam edəcək, sonra isə tamamilə aradan götürüləcək.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!