21 Sentyabr, 2011
Ermənilərə yaxın sayt Azərbaycandakı hərbi paradı təriflədi

"Hərbi hava qüvvələri sahəsində Ermənistan Azərbaycandan geridədi"

APA-nın Ermənistan kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, parad qalmaqalsız ötüşməyib. Belə ki, sabiq prezidentlər Levon Ter-Petrosyan və Robert Köçəryan fəxri qonaqlar üçün nəzərdə tutulmuş tribunaya gəlməkdən imtina ediblər.

Parad zamanı İrəvanın mərkəzi meydanından Ermənistan ordusunun müxtəlif bölmələrinin döyüş hissələri keçib. “Regnum” agentliyi parada çıxarılmış hərbi texnika və silah sistemlərini təhlil edərək belə qənaətə gəlib ki, yayda Bakıda keçirilmiş Azərbaycan Silahlı Qüvvələrinin paradı daha təsirli olub. Agentlik yazır ki, xüsusən hərbi hava qüvvələri sahəsində Ermənistan Azərbaycandan geridə qalır: “Döyüş təyyarələri baxımından yeniliklər gözə dəymədi. Respublika meydanı üzərindəki səmada yalnız Su-25 təyyarələri, Mi-24 və Mi-8 vertolyotları uçuş keçirdi. Bütün bunlar nəzərə alınsa, döyüş təyyarələri üzrə regional balans Azərbaycanın xeyrinədir”.

“Regnum” qeyd edir ki, son illər Azərbaycanın yiyələndiyi Su-25 və Miq-29 təyyarələri ona səmada üstünlük verir: “Hazırda Azərbaycan bölgədə müasir qırıcılara malik yeganə ölkə olaraq qalır”. Eyni zamanda agentlik qeyd edir ki, bu tipli təyyarələr Ermənistandakı Rusiya hərbi bazasında var və onlar Ermənistanın hava məkanını qoruyur.

Pilotsuz təyyarələrə toxunan agentlik Azərbaycanın bu sahədə dünya lideri olan İsrailin istehsal etdiyi casus-təyyarələrə, Ermənistanın isə özünün istehsalı olan “Krunk” adlı pilotsuz təyyarələrə malik olduğunu bildirir.

Zenit-raket komplekslərinə gəlincə, “Regnum” bu sahədə də Azərbaycanın üstünlüyü ələ aldığını yazır: “Silahların bu növündə də qüvvələr balansı Azərbaycanın xeyrinədir, çünki Azərbaycan Ukraynadan 12 ədəd “Smerç” alıb, bundan başqa, onun “Uraqan” tipli kompleksi də var”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!