21 Sentyabr, 2011
İlham Əliyev Şüvalanda olub

Prezident açılış mərasiminə qatılıb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən "Şimal" elektrik stansiyasının 409 meqavat gücündə ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində iştirak edib.

 Simsar.az-ın məlumatına görə, inşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyevə məlumat verildi ki, ikinci buxar-qaz enerji qurğusu Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Kredit Sazişi əsasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) dövlət zəmanətli krediti hesabına inşa ediləcək.

Dövlətimizin başçısı layihənin baş planı, buxar-qaz qurğusunun sxemi və soyutma suyunun qəbuledici sisteminin stendinə baxdı. Məlumat verildi ki, "Şimal" elektrik stansiyasının sahəsi 68 hektar, ikinci buxar-qaz enerji qurğusunun tikiləcəyi ərazi isə 12 hektardır.

Qeyd edildi ki, tikinti işlərinə ötən il dekabrın 10-da baş podratçılar Yaponiyanın "Toyo Engineering Corporation" və Azərbaycanın "Azenco" Açıq Səhmdar Cəmiyyəti konsorsiumu ilə "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış müqavilə əsasında başlanıb. Tikinti işləri 2013-cü ilin sonunda başa çatdırılacaq.

Sonra Azərbaycan Prezidenti metal gilizi bünövrəyə buraxdı və beton qarışığı tökən qurğunu işə saldı.

Prezident İlham Əliyev inşaatçılarla görüşdü. Sonda xatirə şəkli çəkdirildi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!