21 Sentyabr, 2011
ŞİRƏLİYEVDƏN ONA TABE OLMAYAN XƏSTƏXANALARA MESAJ

Dövlət qurumlarının klinikaları Nazirliyə verilə bilər

Səhiyyə naziri Oqtay Şirəliyev ayrı-ayrı dövlət qurumlarının nəzdində fəaliyyət göstərən xəstəxanaların Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi məsələsini qaldırıb.

Simsar.az-ın məlumatlarına görə, nazir Şirəliyev dövlət qurumlarının nəzdində olan xəstəxanalarda tibbi xidmətin keyfiyyətinin aşağı olmasından şikayətlənib. Qeyd edib ki, Nazirlik həmin xəstəxanalarda keyfiyyətə nəzarət edə bilmir.

Dövlət Kömrük Komitəsi, Xəzər Dəniz Gəmiçilik İdarəsi, ARDNŞ və digər qurumların klinikaları Səhiyyə Nazirliyinin balansında olmadığından nazirlik onların işinə hər hansı formada nəzarət edə bilmir.

Daim Səhiyyə Nazirliyini müdafiə edən Milli Məclisin sosial siyasət komitəsinin üzvü Musa Quliyev də hesav edir ki, sözügedən xəstəxanalar nazirliyin balansına keçməlidir.

«Hərbi profilli səhiyyə obyektləri istisna olmaqla, dövlət qurumlarının tabeçiliyinədəki bütün səhiyyə obyektlərində idarəçilik vahid sistemə keçməlidir» deyən Musa Quliyev bildirib ki, hazırda ölkədə Dövlət Kömrük Komitəsinin, Dəniz Gəmiçilik İdarəsinin, ARDNŞ-nin xəsəxanaları var ki, bu səhiyyə obyektlərini birbaşa həmin qurumlar idarə edir: “Bu, düzgün deyil. Onda gərək bu qurumların hər birində ayrıca Səhiyyə Nazirliyi yaradılsın ki, orada tibbi xidmətin keyfiyyəti və çatışmazlıqları həmin nazirlik tərəfindən öyrənilib aradan qaldırılsın. Səhiyyə obyektlərinə idarəçilik vahid sistemdən olmalıdır. Bu qurum da Səhiyyə Nazirliyidir. Odur ki, Kömrük Komitəsinin hospitalı, Dəniz Gəmiçilik İdarəsinin tibb müəssisəsi, ARDNŞ-nin balansında olan Mərkəzi Neftçilər Xəstəxanası Səhiyyə Nazirliyinin balansına verilməlidir».

Millət vəkili deyir ki, bu gün həmin qurumların nəzdində olan tibb müəssisələrində yalnız özləri üçün tibbi xidmət pulsuzdur: «Kənardan müraciət edən xəstələrə isə od bahasına tibbi xidmət təklif olunur. Bu, düzgün deyil. Ya bu qurumların xəstəxanaları özəlləşdirilməlidir, yaxud da verilməlidir Səhiyyə Nazirliyinin tabeçiliyinə».

Mənbənin məlumatına görə, təklif birbaşa O.Şirəliyevdən gəlib. Nazir hətta bildirib ki, qeyd olunan xəstəxanalarda tibbi xidmət aşağı səviyyədə olmaqla yanaşı, maliyyə məsələləri şəffaf deyil, orqan transplatasiyası ilə bağlı şübhələr var.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!