20 Sentyabr, 2011
TƏBRİZ-BAKI REYSİ QEYRİ-MÜƏYYƏN MÜDDƏTƏ TƏXİRƏ SALINIB

Azərbaycan Mülki Aviasiya Administrasiyası İran "Kiş Air" şirkətindən Təbriz-Bakı marşrutunun həyata keçirilməsi ilə bağlı icazənin təqdim edilməsini gözləyir.

Bu barədə administrasiyadan bildirilib.Administrasiyada sənədlərin razılaşdırılmasının tamamlanma müddəti dəqiqləşdirilməyib.

İdarədən bildirilib ki, bütün sənədlərin razılaşdırılmasından sonra İran şirkəti uçuşları həyata keçirə bilər.

Həmçinin qeyd olunub ki, dünən İran Mülki Aviasiya Administrasiyası Azərbaycan tərəfə müraciət edib və Təbriz-Bakı marşrutu ilə uçuşları həyata keçirəcək şirkəti müəyyənləşdirib. Bu şirkət "Kiş Air"dir.

Bundan əvvəl ehtimal olunurdu ki, Təbriz-Bakı marşrutu ilə ilk reys sentyabrın 20-də həyata keçiriləcək. Bu barədə Trend-ə "Kiş Air"in Təbriz nümayəndəliyindən bildirilib.

Nümayəndəliyin rəhbəri Nadir Cəvani deyib ki, Bu hava reyslərində 150 nəfər tutumu olan "Boinq MD" təyyarəsindən istifadə olunacaq. İlk reys üçün 100 nəfər artıq müraciət edib. Gediş və gəliş üçün biletin qiyməti 250 ABŞ dolları civarındadır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!