20 Sentyabr, 2011
OQTAY ƏSƏDOV TÜRKİYƏYƏ GEDİR

Azərbaycan Milli Məclisinin sədri Türkiyəyə səfər edəcək

Azərbaycan nümayəndə heyəti prezident Abdulla Gül və Böyük Millət Məclisinin sədri Cəmil Çiçək tərəfindən qəbul olunacaq


Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 21-dən 23-dək Türkiyədə səfərdə olacaq.Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu keçirdiyi brifinqdə məlumat verib.

Səfər çərçivəsində O. Əsədovun Türkiyə prezidenti Abdulla Gül və Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəklə görüşləri nəzərdə tutulur. Görüşlərdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti, inkişaf perspektivləri, parlamentlər səviyyəsində münasibətlərin daha da dərinləşdirilməsi, regional münaqişələrin həlli yolları və digər məsələlər müzakirə olunacaq.

Nümayəndə heyətinin üzvləri də TBMM-dəki həmkarları ilə görüşlər keçirəcəklər.

A. Təvəkküloğlu əlavə edib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Ankarada Heydər Əliyev parkında və H. Əliyevin adını daşıyan məktəbdə olacaq, həmçinin Atatürkün mavzoleyini ziyarət edəcək.

Nümayəndə heyətində Milli Məclisin deputatları Eldar İbrahimov, Əhliman Əmiraslanov, Sahibə Qafarova, Kamilə Əliyeva, Ülvi Quliyev, İqbal Ağazadə, Adil Əliyev, Hacı Salayev, Fazil Mustafa, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər təmsil olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!