19 Sentyabr, 2011
Əksəriyyətin təzyiqi yüksəkdi

Artıq çəki problemi də kifayət qədər geniş yayılıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ölkələrində qeyri-keçici xəstəliklərin (diabet, xərçəng, ürək xəstəliyi, insult) yayılmasına dair illik hesabatını açıqlayıb. APA-nın Birləşmiş Millətlər Təşkilatının saytına istinadən verdiyi məlumata görə, hər il 60 yaşına çatmamış milyonlarla insan bu xəstəliklərdən dünyasını dəyişir. ÜST-nin yeni hesabatı 193 ölkəni əhatə edib. Sənədin Azərbaycana aid bölməsində bildirilir ki, indi ölkədə dünyasını dəyişən şəxslərin 85 faizi məhz diabet, xərçəng, ürək və ağ ciyər xəstəliyi, insult və digər qeyri-keçici xəstəliklərdən ölür.

Qeyd olunan xəstəliklərin meydana çıxmasının əsas səbəbləri tütün aludəçiliyi, fiziki cəhətdən qeyri-fəal həyat tərzi, artıq çəkinin əmələ gəlməsi və digər amillərdir. Sənədə görə, Azərbaycanda kişilərin 50.6 faizi, qadınların isə 60 faizi artıq çəki problemindən əziyyət çəkir. Eyni zamanda Azərbaycanda xanımların 31,4 faizi piylənmə problemi ilə üz-üzə qalıb. Bundan savayı Azərbaycan əhalisinin xeyli hissəsinin (təqribən 40 %) yüksək qan təzyiqindən də əziyyət çəkir.

Azərbaycan səhiyyə sisteminin bu cür xəstəliklərlə mübarizə potensialına gəlincə, ÜST bildirir ki, ölkədə qeyri-keçici xəstəliklərin önlənməsi və müalicəsi üçün imkanlar olsa da, onların monitorinqi və geniş qeydiyyat şəbəkəsi mövcud deyil.

Xatırladaq ki, bu gün və sabah BMT-in Baş Assambleyasının iclasında planetdə qeyri-keçici xəstəliklərlə mübarizə səyləri müzakirəyə çıxarılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!