19 Sentyabr, 2011
Amerikanın ən yaxşı televiziya filmləri məlum oldu

"Emmi" mükafatı sahiblərinə çatdı

Simsar.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Ağılsızlar” dördüncü ildir “Ən yaxşı dramatik serial”, “Amerika ailəsi” isə ikinci dəfə “Ən yaxşı komediya serialı” nominasiyasında qalib gəlib. 

“Yaxşı həyat yoldaşı”ndakı baş roluna görə, Culiana Marqulis “Dramatik serialda ən yaxşı aktrisa” seçilib. “Cümə gecəsinin işıqları”nda iştirak edən Kayl Çendler isə “Dramatik serialda ən yaxşı kişi rolu”na görə “Emmi”yə sahiblənib. Bu filmin ssenari müəllifləri də mükafatçılar arasında olub.

“Dramatik serialda ən yaxşı rejissura” nominasiyasında “Gizli imperiya” filminə görə Martin Skorseze qalibiyyət əldə edib.

“Amerika ailəsi” serialı ümumilikdə beş “Emmi” qazanıb. Culi Bouen və Ti Barrell bu serialda ikinci planda oynayan ən yaxşı aktrisa və aktyor seçilib. Bu serial ən yaxşı ssenari və rejissor işinə görə də mükafat alıb.

Miniseriallar və televiziya filmləri kateqoriyasında aktrisa Keyt Uinslet karyerasında ilk dəfə “Mildred Pirs” telefilimindəki roluna görə “Emmi”yə layiq görülüb.

“Komediya serialında ən yaxşı aktrisa” adına Melissa Makkarati (“Mayk və Moli”), “Komediya serialında ən yaxşı aktyor” adına Cim Parsons layiq görülüb.

Bu il 63-cü dəfədir keçirilən “Emmi” mükafatının qaliblərinin tam siyahısı mükafatın rəsmi saytında yer alıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!