19 Sentyabr, 2011
İşdən çıxarılan təhsil naziri müavini üzə çıxdı

"Məni hörmətlə yola saldılar"

Prezident İlham Əliyevin sərəncamı ilə vəzifələrindən kənarlaşdırılan təhsil nazirinin müavinləri Elmar Qasımov, İsgəndər İsgəndərov və İradə Hüseynova ilə bağlı müxtəlif məlumatlar yayılıb. Əldə etdiyimiz məlumata görə, sabiq nazir müavinləri Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəvət edilib sorğu-sual ediliblər.

Xatırladaq ki, adıçəkilən qurum nazirlikdə yoxlamalar aparır. Nazirliyin İqtisadiyyat İdarəsinin müdür müavini Orxan Kərimovun həbsi də bu çərçivədə həyata keçirilib. Bundan əlavə prezidentin göstərişi ilə Bakıda məktəb tkintisində yol verilən nöqsanlar araşdırılmağa başlayıb.

Dünən istefaya göndərilmiş nazir müavini İradə Hüseynova ilə əlaqə əlaqə saxlayıb, işdən çıxarılmasının səbəblərini soruşduq.

- İşdən çıxarılmağınızın səbəbi nədir?

- Bu, prezidentin səlahiyyətində olan məsələdir. Vəzifəyə təyin edən də, vəzifədən azad edən də prezidentdir. Buna şərh vermək doğru deyil.

- İstefanız fəaliyyətinizdəki qüsurlarla bağlı deyil ki?

- Bir şeyi deyə bilərəm ki, mənim kurasiya etdiyim sahə ilə bağlı hər hansı problem olmayıb. Ancaq qərar verilib və buna da hörmətlə yanaşmaq borcumuzdur. Çalışmışam ki, mənə tapşırılan işlərin öhdəsindən layiqincə gəlim. Ziyalılığıma və iş keyfiyyətimə görə də həmişə hörmətlə qarşılanmışam. İşdən də məni hörmətlə yola saldılar.

- Belə bir məlumat var ki, dindirilmək üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılmısınız. Bu, doğrudurmu?

- Xeyr, bunlar şaiyədir. Belə bir şey yoxdur.

- Dövlət başçısından yeni vəzifə təyinatı gözləyirsinizmi?

- Mən bu barədə bir söz deməyim doğru çıxmaz. Ancaq bu gün də elmi və pedoqoji fəaliyyətimi davam etdirirəm.

//”Bizim Yol”

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!