17 Sentyabr, 2011
Ekoloqlar toplandı

Ölkənin ekoloji vəziyyəti müzakirə edilib

Respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, bu sahədə ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və bu istiqamətdə effektivliyin təmin olunması məqsədilə ekologiya və təbii sərvətlər naziri yanında yaradılmış İctimai Ekoloji Şuranın növbəti iclası keçirilib.


 Simsar.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iclasda 5 məsələ müzakirəyə çıxarılıb. Birinci məsələ 2-4 noyabr tarixlərində “Baku Expo” mərkəzində “Xəzər: Ətraf mühit üçün texnologiyalar” mövzusunda keçiriləcək ekoloji sərgidə Qeyri Hökumət Təşkilatlarının da iştirakı olub. Nazirliyin onlara təşkilati dəstək göstərəcəyi bildirilib və bu məqsədlə birgə işçi qrupunun yaradılması qərara alınıb.


Müzakirəyə çıxarılmış növbəti məsələ “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi ilə bağlı yekun müzakirələr aparılıb və qanun layihəsində müzakirələr zamanı səsləndirilən fikirlərin layihədə əks olunduğu nəzərə alınıb.


“Ölkə ərazisində ekoloji riskli zonalar üzrə ictimaiyyəti cəlb etməklə monitorinqlərin keçirilməsi istiqamətlərinin müzakirəsi məsələsi ilə əlaqədar Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova yaradılmış qruplar və bu qrupların birgə fəaliyyətini təmin etmək üçün hazırlanmış qaydalar haqqında iştirakçılara məlumat verib. Məsələ ilə bağlı müzakirələr zamanı monitorinq qruplarının tərkibinə sahələr üzrə ekspertlərin, ərazi üzrə bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin də daxil edilməsi tövsiyə olunub.


Həmçinin, ETSN-nin ictimai təşkilatlarla birgə aparacağı “İctimaiyyəti cəlb etməklə ölkə ərazisində ekoloji monitorinqlərin keçirilməsi və nəticəyə uyğun əhalinin məlumatlandırılması” üzrə “Qaydalar”ın layihəsi müzakirə edilib.


Şurada müzakirəyə çıxarılmış sonuncu məsələ “Ekoloji ekspertiza haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin müzakirəsi olub. Nazirliyin Hüquq şöbəsinin müdir əvəzi Teymur Şəkərəliyev çıxış edərək Şura üzvlərinə məlumat verib. Qanun layihəsi ilə əlaqədar Şura üzvləri öz fikirlərini söyləyib, rəy və təkliflərini bildiriblər. Nazir tərəfindən qanun layihəsinə dair verilmiş təkliflərin təhlil edilməsi tapşırılıb.


Sonda QHT nümayəndələri tərəfindən irəli sürülən digər təkliflər də müzakirə edilib və şuranın növbəti iclasının gündəliyi müəyyən olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!