15 Sentyabr, 2011
Rəsmi olaraq 24 min narkoman var

"Bir dəfə də istifadə edirsənsə narkomansan"

Azərbaycanda narkomaniya ilə bağlı vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

"Narkomaniya Azərbaycanda 5 nəfərdə də müşahidə olunsa, vəziyyəti qənaətbəxş hesab etmək olmaz", - Ağayev deyib.

Nazir müavini hesab edir ki, bu, yalnız Azərbaycanın deyil, bütün dünyanın problemidir. Ümumilikdə digər ölkələrlə müqayisədə Azərbaycanda narkotik istifadəçilərinin sayı azdır.

"Bu bəlanın ən pis tərəfi ineksion narkotik istifadəçiləri ilə bağlıdır. Azərbaycanda qeydiyyatda olan narkomanların əksəriyyəti ineksion narkotik istifadəçiləridir. Sözsüz ki, bir dəfə narkotikdən istifadə edənlər də narkoman hesab olunurlar", - Ağayev deyib.

O əlavə edib ki, bu problemin qarşısını almaq yalnız Səhiyyə Nazirliyinin işi deyil, müvafiq qurumlar birgə işlər görməlidirlər.

Narkomaniyanı cəmiyyətin bəlası hesab edən Ağayev ictimaiyyəti də bu problemlə mübarizəyə çağırıb.

Nazir müavini vurğulayıb ki, narkotik istifadəçilərinin sayı ilə bağlı araşdırma aparıldıqca, statistik rəqəmlərdə artım müşahidə olunur. Amma əldə olunan rəqəmlər tam reallığı əks etdirmir. Çünki rəsmi qeydiyyata Səhiyyə Nazirliyində müalicə edilən və məcburi qeydiyyata alınanlar düşürlər.

Ağayevin sözlərinə görə, hazırda ölkədə rəsmi qeydiyyatda 24 min narkoman var.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!