15 Sentyabr, 2011
Bakı tıxaclar məngənəsində

Əksər küçələrdən keçmək mümkün olmayıb

Yeni dərs ilinin ilk günündə Bakıda bir neçə istiqamətdə yollarda böyük tıxaclar yaranıb. Simsar.az-ın əməkdaşlarının yerlərdən verdiyi məlumata görə, səhər saat 08:00-dan başlayaraq Ayna Sultanova heykəlinin yaxınlığından "Gənclik" metrosu, 3-cü mikrorayon dairəsi yaxınlığı, Cavanşir körpüsündən (keçmiş Qaqarin) Azneft meydanı istiqamətinə, "İçərişəhər" metro stansiyası ətrafında tıxaclar yaranıb.

Yeni tədris ilinin başlaması ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə işləyəcəyini bəyan etsə də, tıxac yaranan ərazilərdə nəqliyyatın hərəkətini tənzimləyən yol patrul xidməti əməkdaşlarına rast gəlinməyib.

İdarənin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, müəyyən istiqamətlərdə tıxaclar yaransa da, yol polisi hərəkəti tənzimləməyə çalışır.

O bildirib ki, polis paytaxt ərazisindəki məktəblərin qarşısında fəaliyyətini gücləndirib.

Əsədov tıxacları şəxsi avtomobillərdən çox istifadə olunması və sürücülərin yol hərəkəti qaydalarına riayət etməməsi ilə əlaqələndirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!