13 Sentyabr, 2011
BAKI METROPOLİTENİ YENİ İŞ REJİMİNƏ KEÇİR

Bakı Metropoliteni sentyabrın 15-dən payız-qış iş rejiminə keçir.

Bu rejim qatarların hərəkət intervalının indiki 3,5 dəqiqədən 2,5 dəqiqəyə qədər azaldılmasını nəzərdə tutur. Bu barədə metropolitenin baş mühəndisi Elbrus Muradov bildirib.

Onun sözlərinə görə, pik saatlarında hərəkətin intervalı müvafiq olaraq, üç dəqiqədən iki dəqiqəyədək azaldılacaq.

Metropolitendə təhlükəsizliyin təmini məsələsinə toxunan baş mühəndis deyib ki, metropoliten iş rejimindən asılı olmayaraq sərnişinlərin təhlükəsizliyini təmin edir.

Muradovun sözlərinə görə, Bakı Metropoliteninin stansiyalarında hüquq-mühafizə orqanlarının nümayəndələri işləyir və sərnişinlərin metropoliten ərazisində olduğu müddətdə onların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər.

Bu işlər Bakı Metropoliteninin 20 illik inkişaf proqramı çərçivəsində aparılır. Həmin uzunmüddətli inkişaf sxeminə əsasən, gələcəkdə Bakı Metropoliteninin ümumi şəbəkəsi 5 xətdən - hazırkı 2 xətt və yeni 3 xətt - və uzunluğu 119 km olan metro xəttində yerləşən 76 stansiyadan ibarət olacaq. Yəni proqram 53 yeni stansiya və 84,3 km metro yolunun tikilməsini nəzərdə tutur.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və hazırda 23 stansiyası var./trend

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!