7 Sentyabr, 2011
Bakıdakı möhtəşəm tədbirə daha bir hazırlıq

Turistlərin səfərləri asanlaşdırılır

Azərbaycanda turizm sektorunun inkişafı, turizm ili ilə bağlı həyata keçirilən tədbirlər və «Eurovision-2012» mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı xarici qonaqların səfəri və onlara yaradılacaq şəraitlə bağlı məsələlər bu gün Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) turizm şirkətləri və əlaqədar dövlət qurumları ilə birlikdə təşkil etdiyi turizmə həsr olunmuş genişləndirilmiş iclasda müzakirə edilib.

 Simsar.az-ın məlumatına görə, müzakirələrdə əsas maraq doğuran məsələ gələn ilin may ayında Bakıda keçiriləcək «Eurovision» mahnı müsabiqəsinin təşkili ilə bağlı dövlət orqanları tərəfindən atılacaq addımlar olub. Bu barədə suallara cavab verən Mədəniyyət və Turizm Nazirliyi Turizm İdarəsinin rəisi Aydın İsmiyev bildirib ki, hazırda Bakıdakı otellərdə «on-line» sisteminə qoşulma işlərinə başlanıb. Bununla yanaşı, əsas diqqət xidmət səviyyəsinin artırılmasına yönələcək: «İndi turizm xidmətlərinin səviyyəsi o qədər də yüksək deyil. Bu istiqamətdə işlər aparılır və noyabr ayında Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Bakıda 3-4 ulduzlu otellərin əməkdaşları üçün treninqlərə başlanacaq, bu treninqlər aprelədək davam edəcək».

İclasda müsabiqə zamanı xarici turistlərin ölkəyə gəlişinin asanlaşdırılması, o cümlədən onlara viza verilməsinin sadələşdirilməsi də müzakirə edilib. Müvafiq dövlət orqanlarının nümayəndələri bildiriblər ki, Azərbaycanın MDB-yə üzv dövlətlərlə müvafiq müqaviləsi olduğuna görə, bu ölkələrin vətəndaşları ölkəyə vizasız gələ bilərlər, digər ölkələrdə isə belə qayda yoxdur - hamı viza almalıdır. Müsabiqə dövründə ölkəyə gələn xarici turistlərə vizaların aeroportda verilməsi imkanına gəlincə, Xarici İşlər Nazirliyi İqtisadi əməkdaşlıq və inkişaf İdarəsinin nümayəndəsi Məmməd Zülfüqarov bildirib ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri kifayət qədər olduğuna görə, vizaların hava limanında alınmasına ehtiyac yoxdur: «O cümlədən, «Eurovision»la bağlı da bu məsələdə elə bir yenilik yoxdur. Amma bu məsələlərlə bağlı Təşkilat Komitəsi var və bu məsələ ortaya çıxarsa, müzakirə oluna bilər».

Dövlət Miqrasiya Xidməti Miqrasiya proseslərinin təhlili İdarəsinin rəisi Elxan Vəliyev isə bildirib ki, may ayınadək turizm şirkətlərinin cəlb elədiyi mütəxəssislərin ölkəyə gəlib burada işləməsi üçün onlar sadəcə giriş vizası almalıdırlar: «Onların ölkədə qalma müddəti qanunla nəzərdə tutulan vaxtı keçdikdə şirkətlər vaxtın uzadılması üçün DMX-ə müraciət etməlidir». DMX nümayəndəsi xidmətdə sənədlərin elektron qəbulunun təşkil edildiyini və müraciətin çətin olmadığını bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!