7 Sentyabr, 2011
Azərbaycanlı rejissor "Qran-pri" aldı

" Uçur" filmi Moskvada qalib oldu

Azərbaycanlı rejissor Fuad İbrahimbəyovun “Uçur” filmi Rusiya paytaxtında keçirilmiş “Moskovskaya premyera” kinofestivalının “Art-liniya” müsabiqəsində “Ən yaxşı film” nominasiyasında “qran-pri” qazanıb. APA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə istinadən yaydığı xəbərə görə, festival avqustun sonu, sentyabrın əvvəllərində baş tutub. Belə yüksək mükafata layiq görülmüş “Uçur” tammetrajlı filmi quruluşçu rejissor Fuad İbrahimbəyovun və rejissor Sergey Şvıdkoyun debütüdür. Film Olqa Muxinanın eyni adlı pyesi əsasında çəkilib.

Filmdə tanınmış aktyorlar – Aleksandr Ratnikov, Yevgeni Sıqanov, Yevgeniya Osipova, Aleksey Barabaş və başqaları çəkiliblər. Rejissorlar Fuad İbrahimbəyov və Sergey Şvıdkoy “Uçur” filmi ilə avqustun 27-dən sentyabrın 2-dək Smolenskdə keçirilmiş “Qızıl simurq” adlı IV Ümumrusiya Festivalının “Debüt” nominasiyasında da baş mükafata layiq görülüblər.

”Moskovskaya premyera” Rusiya Mədəniyyət Nazirliyinin və Moskva hökumətinin dəstəyi ilə, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və Kinematoqrafçılar İttifaqları Konfederasiyasının iştirakı ilə Moskva şəhərinin Mədəniyyət Departamenti, “Moskovskiy komsomolets” qəzeti və “Kinoproses” prodüser mərkəzi tərəfindən təşkil edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!