2 Sentyabr, 2011
Təhsildən kənarda qalan uşaqlara yardım

UNİCEF Təhsil Nazirliyi ilə birgə layihə hazırlayır

Azərbaycanın ucqar rayonlarındakı uşaqlar məktəbəqədər təhsil imkanlarından yararlanacaqlar.

YUNİSEF-in Bakı ofisi ucqar rayonlarda yaşayan, məktəbəqədər təhsil imkanlarından kənar olan uşaqların bu xidmətdən istifadə edə bilməsi üçün Təhsil Nazirliyi ilə birgə xüsusi layihəyə başlayıb. Bu barədə cümə günü Trend-ə YUNİSEF-in Bakı ofisinin rəhbəri Mark Herevard bildirib.

Onun sözlərinə görə, 1-ci sinifdən 11-ci sinfə qədər təhsilin yaxşılaşdırılmasına yönəldilmiş layihələr də həyata keçirilir. Bundan əlavə, əlilliyi olan uşaqların təhsili ilə bağlı layihə həyata keçirilir.

Herevard qeyd edib ki, YUNİSEF səhiyyə sahəsində hazırda yeni bir layihəyə başlayıb.

"Burada körpələrin qidalanması və sağlamlığına yönəlmiş layihələrin həyata keçirilməsi əsas yer tutur", - o bildirib.

O, YUNİSEF-in Bakı ofisinin "Deinstitutlaşdırma və nativ qayğıya dair" dövlət proqramında yaxından iştirak etdiyini xatırladıb.

"Biz əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyasını yaxşılaşdırmaq üçün müvafiq tədbirlər görürük", - o qeyd edib.

Hazırda respublika üzrə məktəb yaşına çatmamış uşaqların 17,6 faizi məktəbəqədər təhsilə cəlb edilib. Bu isə xarici dövlətlərlə müqayisədə aşağı göstəricidir.

Respublika üzrə 107 954 uşağı əhatə edən 1653 uşaq bağçası var. 103 157 uşağı əhatə edən 1571 müəssisə Təhsil Nazirliyinin tabeliyindədir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!