1 Sentyabr, 2011
“Eurovision-2012” -nin keçiriləcəyi binanı tikəcək şirkət bəlli oldu

İnşa ediləcək bina “Bakı Kristal Zalı” adlanacaq

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bir sıra əməli tədbirlər həyata keçirilir.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müasir beynəlxalq standartlara uyğun olaraq Kompleksin layihələndirilməsinin və tikintisinin ən qısa müddətdə həyata keçirilməsi məqsədi ilə aidiyyəti dövlət qurumlarının iştirakı ilə bir sıra tanınmış xarici şirkətlərlə danışıqlar aparılıb.

Danışıqlar nəticəsində müvafiq sahədə beynəlxalq nüfuza və təcrübəyə malik olan, müxtəlif idman və mədəni məqsədlər üçün inkişaf etmiş Avropa ölkələrində və dünyanın digər bölgələrində çoxsaylı layihələri uğurla başa çatdırmış Almaniyanın “Alpine Bau Deutchland AG” şirkəti podratçı kimi seçilib. Bu ilin avqust ayının 2-də “Alpine Bau Deutchland AG “şirkəti ilə əsas müqavilə imzalanıb, Kompleksin inşa ediləcəyi ərazi müəyyən edilib və həmin ərazidə tikinti üçün zəruri hazırlıq işlərinin aparılmasına başlanıb. Kompleks Bakı şəhərinin Dövlət Bayrağı Meydanı ərazisində inşa ediləcək.

İnşa ediləcək “Bakı Kristal Zalı” adlandırılan İdman-Konsert Kompleksinin müasir standartlara uyğun olaraq layihələndirilməsi və tikintisi nəzərdə tutulub. Müqaviləyə əsasən, “Alpine Bau Deutchland AG” şirkəti Kompleksin tikinti işlərini 8 ay ərzində başa çatdırmalıdır. Xarici görünüşü və daxili dizaynı ilə xüsusi fərqlənən Kompleks beynəlxalq miqyaslı mədəni-kütləvi tədbirlərin uğurla həyata keçirilməsi üçün nəzərdə tutulmuş bütün tələblərə və standartlara cavab verəcək. Müqavilə üzrə nəzərdə tutulmuş işlərin gedişatına nəzarət üçün peşəkar texniki nəzarətçilər cəlb edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!