27 Avqust, 2011
Bayram günləri polis gücləndirilmiş rejimdə işləyəcək

Azərbaycanda bayram günləri polis gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib.

O, qeyd edib ki, bununla bağlı daxili işlər naziri general polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Azərbaycanda keçiriləcək müqəddəs Ramazan bayramı günlərində vətəndaşların və ölkəmizdə olan əcnəbi qonaqların təhlükəsizliyinin qorunması, kütləvi istirahət və yaşayış yerlərində təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrinin şəxsi heyəti avqustun 28-dən sentyabrın 1-dək gücləndirilmiş iş rejiminə keçəcək.

Əmrdə həmçinin sutkalıq fəaliyyət göstərən əməliyyat qruplarının yaradılması, baş vermiş hadisələrə çevik reaksiya göstərilməsi, ictimai yerlərdə, insanların kütləvi istirahət etdiyi ərazilərdə, xüsusi bayram tədbirlərinin keçirildiyi ünvanlarda baş verə biləcək hər hansı xoşagəlməz hadisələrin qarşısının alınması məqsədi ilə zəruri tədbirlərin görülməsi və asayişin nümunəvi şəkildə təmin edilməsi tələb olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!