26 Avqust, 2011
Sürücülərlə bağlı qaydalara dəyişiklik edildi

Balların necə müəyyənləşməsi qaydası bilindi

Nazirlər Kabineti "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" qərarına dəyişiklik edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qanunvericiliyə edilən son əlavə və dəyişikliklərin icrasını təmin etmək məqsədilə "Yol hərəkəti haqqında" Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"na əlavələr eilib.

Əlavələrə görə, İnzibati Xətalar Məcəlləsinin 35.2-ci maddəsində nəzərdə tutulmuş hallarda şəxsin törətdiyi inzibati xətalar balla qiymətləndirilən xətalara aiddirsə, həmin xətalara dair işlərə baxılarkən yalnız daha ciddi xətaya görə müəyyən edilmiş bal təyin edilir.

Digər bir əlavədə qeyd olunur ki, şəxsin müxtəlif vaxtlarda törətdiyi balla qiymətləndirilən bir neçə inzibati xətaya dair işlərə baxılarkən, daha ciddi xətaya görə müəyyən edilmiş bal və hər bir digər xətaya görə bir bal toplanaraq təyin edilir.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, qanunvericiliyə edilən dəyişikliklər sürücülərin vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.

Əliyev bildirib ki, birinci əlavədə eyni vaxtda balla qiymətləndirilən bir neçə inzibati xəta törədən sürücüyə ciddi xətaya görə bal təyin edilməsi göstərilir.

"Məsələn, sürücü işıqforun qırmızı işığını keçməklə həm də qəza şəraiti yaradır. Bu halda sürücü balla qiymətləndirilən iki inzibati xəta törətmiş olur. Lakin ona daha ciddi xətaya - qəza şəraiti yaratmağa görə nəzərdə tutulan bal təyin edilir. İkinci əlavə isə müxtəlif vaxtlarda balla qiymətləndirilən inzibati xətalara eyni vaxtda baxılması zamanı cəzanın təyin edilməsini nəzərdə tutur. Bu halda sürücüyə daha ciddi xətaya görə müəyyən edilmiş bal və hər bir digər xətaya görə bir bal toplanaraq təyin edilir. Məsələn, sürücü bir gündə həm 3, həm 4, həm də 5 balla qiymətləndirilən inzibati xətalar törədibsə və bu xətalara eyni vaxtda baxılırsa, onda həmin sürücüyə 5 bal və hər xətaya görə 1 bal təyin edilməklə 7 bal verilir", - İdarə sözçüsü deyib.

O bildirib ki, bu dəyişikliklərə qədər sürücünün törətdiyi hər bir xətaya görə nəzərdə tutulan ballar toplanılırdı.

Əliyevin sözlərinə görə, bu əlavələr inzibati xəta ilə bağlı yerində qərar qəbul edilməyən hallarda tətbiq olunur: məsələn, sürücü yol polisi müfəttişinin qərarı ilə razılaşmadıqda və yaxud sürücü törətdiyi inzibati xəta ilə bağlı qeydə alınan görüntülərlə əlaqədar polisə çağırılarsa.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!