25 Avqust, 2011
Liviya Təmas Qrupu Ankarada toplaşır

Əsas məsələ Liviya müxalifətinin maliyyələşməsidir

Türkiyənin həmsədrliyini apardığı Liviya Təmas Qrupu Ankaranın çağırışı ilə bu gün İstanbulda siyasi direktorlar səviyyəsində toplanacaq. Müəmmar Qəddafidən sonrakı Liviyanın yol xəritəsinin müzakirə ediləcəyi iclasda müxalifətin yaratdığı müvəqqəti Milli Şuraya dəstək veriləcək.

Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toplantıda müzakirə olunacaq prioritet məsələ müxalifətə təcili nəqd pulun göndərilməsidir. Liviyalı səlahiyyətli şəxslər Türkiyənin 100 milyon dollar göndərdiyini xatırladaraq, digər ölkələrdən də oxşar addımlar istəyəcək.

Toplantıya təqribən 20 ölkə nümayəndəsinin qatılması gözlənilir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun açacağı toplantıda ortaq hərəkət planı qəbul ediləcək. Əsas müzakirə mövzuları Liviyada hərbi, siyasi və iqtisadi yardımların davam etməsi olacaq. Ölkədə təhlükəsizlik təmin olunana qədər NATO qalmağa davam edəcək.

Liviya təmas qrupunun qurulmasından əvvəl Parisdə keçirilən beynəlxalq toplantıya Türkiyə dəvət almamışdı. Rəsmi Ankara bununla əlaqədar Fransaya sərt reaksiya göstərmişdi. Yaxın zamanlarda Parisdə həyata keçiriləcək xarici işlər nazirləri səviyyəsindəki toplantıya bu dəfə Ankara da qatılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!