24 Avqust, 2011
ŞEVARDNADZENİN, QAMSAXURDİYANIN ƏLDƏ EDƏ BİLMƏDİYİ SAAKAŞVİLİNİN ŞƏHƏRİ - FOTOSSESİYA

Simsar.az əməkdaşının Tiflis səfəri

Azərbaycan sərhəddindən kənara çıxmağım ilk dəfə deyildi. Adam öz ölkəsində də darıxa bilir. Bu hissi 1998-ci ildə Moskvada olanda keçirdim. O zaman 4-cü sinifdə oxuyurdum. Ölkəmiz inkişaf etməmişdi. Bu gün isə Azərbaycan Avropa ölkələrinə oxşayır. Gürcüstan da Avropa ölkəsi sayılır. Amma Bakı ilə Tiflis arasında fərq böyükdür.

Kim deyir ki, sərhədd müqəddəsdir?

04:30 radələri. Bakıdan Gürcüstana yola düşürük. Yorğunam. Düşünürəm: kaş əbədi istirahət edə biləydim. Düşüncəmdən üşəndim. Sərhədlər müqəddəs hesab olunur. Belədirsə, niyə insan sərhəddi keçəndə sevinir?.. Sanki Tiflisə təyyarədə yox, bu sualın qanadında uçuram.  

Plan belədir: Tiflisdə bir həftə istirahət edəcəm. Yol boyu mənimlə rastlaşan fasiləsiz işləyən insanlara acıyıram. Əlbəttə onlar dincəlir, nahara çıxır, axşam yatırlar. Ürək isə dincəlmir axı. Adam isə yalnız ürəkdən yorulur. Məni yuxu tutur, ayılanda Gürcüstan sərhəddinə çatdığımızı görürəm.
Azərbaycan sərhəddini keçib Gürcüstan ərazisinə daxil olan kimi yeriyən exchanglə məşğul olan insanların əhatəsinə düşürsən. Onlar larini manata, manatı lariyə dəyişirlər. 1 azn 2 lariyə bərabərdi.

Bu ölkədə çörək olmasa qoyun əti ilə dolanmaq olar

Gürcüstanın azərbaycanlılar yaşayan hissəsində əhali daha çox heyvandarlıqla məşğuldur. Hər 400, 500 metrdən bir sürülər gözə çarpır. Yerlilərimizə məxsus ərazilərin yollarına qoyunlar səpələniblər. Əksər kişilərin dağda, dərədə bir sürü qoyun otardığını görürsən. Gürcüstanda qoyun əti çox ucuzdur. Onlar deyir ki, çörək olmasa, bu ölkədə qoyun əti ilə dolanmaq olar.

Bura Qasımlıdır...

Qırmızı körpüdə - Sərhəd Keçid Məntəqəsində pasportlarımızı yoxlayırlar. Bu iş o qədər asan başa gəlir ki, Gürcüstana nə vaxt daxil olduğumuzu hiss etmirik.
Marşurutumuz belədir: Marnuel - Qasımlı kəndi - Tiflis. Qasımlı kəndində 2 gün qalıb, geriyə, Gürcüstanın paytaxtına qayıtmalıyıq. Tiflis haqqında heç bir təsəvvürüm yoxdur. Sadəcə dostlardan eşitmişəm ki, bura qanunların işlədiyi şəhərdir.
Hələ ki, Qasımlı kəndindəyik. Nənəmgilin yaşadığı kənddə çox olmuşam.Maraqlıdır uşaq olanda kəndə olan hisslərinə ad tapa bilmirsən. Böyüyəndə isə başa düşürsən ki, çayın kənarında olan tək ağac üçün də darıxmaq olarmış.

Kəndlər başlanğıcdı, şəhərlərsə son...

Dünya kənddən başlayır. Mən nifrət haqqında bir şeylər bilmirəm, amma əminəm ki, kəndlər şəhərlərdən daha sevimlidir. Ola bilsin elə ilk sevgi hissi də kənddə yaranır. Amma bütün bunlara baxmayaraq, heç də həmişə kənd həyatına həsəd aparmamışam.
Kənd adamları kəndlərinə vurğun olsalar da, sosial problemlər onlara bu hissi dilə gətirməyə az hallarda imkan verir. Qasımlı da o kəndlərdəndir. Burada mənəvi zövq almaq olur, fiziki yox. Nə yazıqlar ki, insan həm də fizikidir.
Qasımlıda təhsildən söhbət açmaq yersizdir. Kəndin cəmi bir məktəbi var, o da uçulub - dağılır. Elə bir şagirdə rast gəlmədim ki, nəinki əla, hətta dərslərini yaxşı oxuduğunu dilinə gətirsin. Dərslər azərbaycan dilində keçirilir. Amma nə olsun, verilən dərsi oxumaq da lazımdır axı.

Burada adətlər miskin görünür...

Kənd oğlanları ilə qızlarının da problemləri fərqlidir. Oğlanlar nə vaxt istəsə böyük şəhərə gələ, burada ya özlərini tapa, ya da itirə bilərlər. Qızlarsa, uzatmağa ehtiyac yoxdur,15 yaşında ərə verilirlər. Qasımlıda 13, 14 yaşında olan gəlinlər də var. Onlar sevmək və seçmək hüququndan məhrumdurlar.
Şahid olduğum bir hadisə:Qız 16 yaşında toya qədər üzünü görmədiyi oğlana ərə gedib. Bir övladı var, yaxınlarda biri də dünyaya gələcək. Artıq ər və arvad arasında ciddi nifaq yaşanır. Bir- birini görməyə gözləri yoxdur, bir yerdə yaşamağa isə məcburdurlar. Boşana da bilmirlər. Hansısa mənası məlum olmayan qəribə "adətlərimizə” görə.
Əgər adət 14, 15 yaşlı uşaqlarla belə rəftar etməyi rəva bilirsə, onu ağır daş kimi qayadan diyirlətmək lazımdır. Hər iki gənc ali təhsil almadan (heç orta təhsili də axıra kimi oxumağa icazə verilmir) zorla evləndirilir, ərə verilir. Məncə dövlət bu işlə daha dərindən maraqlanmalıdır. Necə olur ki, ucqar dağ kəndlərində seçkinin keçirilməsi üçün şərait yaradılır, amma qızların oxuması üçün yox. Qızların ona görə dedim ki, bu kənddə qız doğuldunsa, deməli, sən hər bir hüquqdan məhrumsan. Təsəvvür edin, yerin peykinin ay olduğunu bilməyən cahil ana və gələcək cahil usaqların aqibətini kim bilir daha nələr gözləyir. Elə bu düşüncələrlə gecəni yatıb, səhər Tiflisə yola düşməliyəm. Amma Qasımlı kəndini bürüyən qaramat düşüncələr məni rahat buraxmır. Axı məndə həmin qızların yerində ola bilərdim. Axı mən də taleyi başqaları tərəfindən güclə yazılanlardan ola bilərdim. Əlim yerdən-göydən üzülüb, tam sarsıldığım anda birdən beynimdə ildırım çaxdı. Bəs Allah? Ona yalvarsam, kömək diləsəm, bu insanlara əl uzadarmı? Ən kədərli sözlərlə Onu köməyə çağırıram.
Beləcə səhər açılır. Qarşıda Tiflis var. Qasımlı kəndində o qədər sarsılmışdım ki, Tiflisi unutmuşdum. Bu kənddən bir saat o tərəfdə rəngarəng, fərqli həyatın olmasına ümidim itmişdi. İnana bilmirəm ki, Qasımlının burnunun lap ucunda parlaq bir həyat olsun. Varmış.

Mərhəba, bura Tiflismiş - Saakaşvilinin şəhəri

Bura Tiflisdir. Bura Şevardnadzenin, Qamsaxurdiyanın yox, Saakaşvilinin şəhəridir. Ünsiyyət qurduğum adamlar deyir, yaxşı olar bu şəhərə “Tiflis- Saakaşvili” deyək. Gürcüstanın paytaxtı adamın üzərinə yerimir, onu öz yanına çağırır. Təxminən 1 saata Qasımlı kəndindən Tiflisə çatırıq. Bura dağ şəhərdir. Bənzərsiz saraylar, kiçik evlər, alçaq mərtəbəli binalar. Yerindən hoppanmaqla Tiflis binalarının arxa tərəfini görmək mümkündür. Bu binalar heç nəyin qarşısını almır, əksinə qədim küçələrdən keçən insanlara təzim edərək, yol göstərir. Tiflisin axtitekturası əsrarəngizdir. Qədim tikililər zövq verir. Burada hər şey milliliyi, qədim dövrü xatırladır. Şəhərdə olanda hiss edirsən ki, mədəniyyət üst səviyyədədir. Amma bu mədəniyyət gürcü paytaxtına indilərdə gəlməyib və Avropa mədəniyyətinin qondarma forması deyil. 

Kür Azərbaycanda dəli, Gürcüstanda anadır

Gürcüstanın kür çayı sarıdan bəxti gətirib. Kür Azərbaycanda dəli, Gürcüsatanda anadır. Şəhəri tən ortaya bölən çay xüsusi gözəlliyi ilə seçilir.
Dağların, sıldırım daşların qoynunda qoca şəhər. Qırımızı rəngli evlər, təmiz küçələr, siqnalsız yollar insana qəribə həzz verir. Şəhərin təmizliyinə, səliqəliyinə söz ola bilməz . İnsanlar soyyuqanlıdır. Belə gördüm ki, gürcülər azərbaycanlılar kimi, mehriban və istiqanlı deyillər. Amma çox alicənab və mədəni görünürlər. Gürcü əhalisi kasıb olsa da, sadəliyi, təmizliyi və mədəniyyətilə seçilir.


Bizi cərimə etmədilər

Bakının Tiflislə oxşarlığı yanacaq doldurma məntəqələri ilə təsbit olunur. Burada da hər addımbaşı belə məntəqələr var və onlar SOCAR şirkətinə aiddir.
Marşrutlarda gediş haqqı 30 tetridir (15 qəpik). Marşrutu istənilən yerdə saxlatdırıb, minib, düşə, pulu sürücüyə verə bilməzsən. Avtobusun içərisində pulunu atıb, biletini almaq üçün xüsusi aparatlar quraşdırılıb. Bu işi görməyənlər departament tərəfindən cərimələnirlər. Ənənəni pozan turistlərə isə az hallarda güzəşt edilir. Biz güzəşt limitimizi xərclədik. Departament əməkdaşı gülümsəyərək, bizə qaydaları izah etmək şərtilə növbəti dəfə bilet almağı tövsiyyə etdi.

Bakı ilə Tiflis yeməkxanalarının qiymət fərqi...

Tiflis kafelərində yemək çeşidləri bol, qiymətlərsə ucuzdur. Yalnız əcnəbilərin açdığı kafelərdə qiymətlər bahadır. Təbii ki, həmin restoranda yeməyə ödənilən pul bizim üçün o qədər böyük rəqəm deyil. Məsələn, türk restoranında nahar hesabı Bakının kafelərindəki qiymətlərlə eynidir. Amma istənilən halda kasıb gürcülər üçün bu, yüksək məbləğ sayılır.
Gürcü kafelərində isə hər şey həddindən artıq ucuzdur. Bir gürcü kafesində 10 bakal pivə (bir bakal 50 tetri) içmək, 30 xəngəl (bir xəngəl 20 tetri) və iki şiş kabab (bir şiş kabab 4 lari) yemək cəmi 19 lari, Azərbaycan manatı ilə 9 manat 50 qəpikdir. Yuxarıda sadaladığım menyününün Bakı kafelərində qiyməti ən azı 30 manatdır.

Əsl Qafqaz ölkəsi...

Tiflisin İsanil metrosunun yanında taksiyə əyləşib, bizi şəhəri gəzdirə - gəzdirə funikilyora aparmağı xahiş edirik. Saat yarımlıq yola 10 lari ödəməliyik. Bizim pulla 5 manata. Hə yadıma düşmüşkən onu da qeyd edim ki, Tiflisdə Bakı neftindən hazırlanan benzin Azərbaycandakından ucuzdur. Şəhərin mərkəzini gəzə-gəzə funiklyora gedirik. Dar küçələr, təmiz yollar, üstəlik sıldırım dağların qoynundakı evlər adamı heyran edir. Küçələrdə gürcü dilindən və ara-sıra ingilis dilindən başqa bir yazıya rast gəlmək mümkün deyil. Maşının maqnitafonunda sakit səslə gürcü müğənnisi mahnı oxuyur. Eyyub Yaqubovun oxuduğu “blatnoy” mahnıları xatırladır. Hiss edirəm ki, əsl Qafqaz ölkəsindəyəm.

Tiflisdə köhnə binaların üzü qaşınmır

Köhnə Tiflisin küçələrindən keçərək Yeni Tiflisə daxil oluruq. Gözlərimiz qarşısında əsrarəngiz mənzərə açılır. Hər şey təbiidir burda. Bir dənə də olsun hündür mərtəbəli bina görməzsən. Ancaq dağların qoynunda salınmış qırmızı evlər, tarixi abidələr, yaşıllıqlar, şəhər boyu uzanan kür çayı və balaca, xudmani, ürək açan kafelər. Tiflisdə köhnə binaların üzü qaşınmır. Tiflis memarları daşın yaddaşının illərin binalar üzərində qoyduğu izlərdə gizləndiyini dəqiq bilirlər. Burda tarixi binaya barmaqla toxunmaq da ağır cərimədir.

Heydər Əliyev parkı və 3000 AZN-lik gül…

Səyahətimizi davam edərək Heydər Əliyev adına olan parka gəlib çıxırıq. Park gözəldir, səliqəlidir. Axı bizim park salmaq kimi qədim tarixi “ənənə”lərimiz var. Həmsöhbətim bu parkda ən ucuz gülün 3000 azn olduğunu deyir. Həm deyir ki, nə xeyri var, onsuz da, burda gəlib oturanlar hamısı ya ermənilər, ya da gürcülərdir. Elə bu parka baxıb, səhmana salanlar da elə bu ölkənin vətəndaşlarıdır. Onu da əlavə edir ki, bu park neçə gürcü
vətəndaşının iş yeridir.

Bizimkilərlə görüş

Qürbət eldə soydaşlarımızla görüşə bilirik. Babamın çox yaxın və yaxşı dostu Yazıçılar Birliyinin üzvü, şair Osman Dərvişlə tanışlığımız bu görüşü bir qədər də asanlaşdırır. Osman əmi məni Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov və kollektivi ilə tanış edir. Burada azərbaycanlılara məxsus istiqanlılığı hiss edə bilirəm. 2 saata yaxın baş tutan görüşümüz zamanı burada yaşayan azərbaycanlıların problemlərindən danışırıq.

Və biz Tiflisdən keçib Bakuraniyə gedirik. Taksi şoferi avtovağzalda bizi düşürdüb, bələdçiliyini bitirir. Deyir ki, görəcəkləriniz hələ qabağdadır.

Aynurə Həsənova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!