22 Avqust, 2011
Bələdiyyələr ağır durumdan çıxa bilər

Milli Məclisin payız sessiyasında onların səlahiyyəti artırılacaq

Azərbaycanda bələdiyyələrin səlahiyyətləri artırılacaq. Milli Məclisin payız sessiyasında bununla bağlı yeni təkliflərə baxılacaq.

Milli Məclisin mətbuat xidmətindən Simsar.az-a verilən məlumta görə, Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin artırılması ilə bağlı qanunvericiliyə dəyişikliklər olunacaq. “Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi” haqqında qanun layihəsi Milli Məclisin həm regional komitəsində, həm də parlamentin plenar iclasında birinci oxunuşda müzakirə də olunub. Hazırda isə layihə yenidən işlənir. Mövcud zərurətdən yaranmış yerli özünüidarəetmə institutunun səlahiyyətlərinin artırılması prosesində xarici ekspertlər də iştirak edir. Qanun layihəsində bələdiyyələrin işinin, bələdiyyələrin fəaliyyətinə nəzarətin effektivliyinin təşkili məqsədilə vergi sisteminin təkmilləşdirilməsi, bələdiyyələrə ödənilən vergilərin sayının artırılması, audit araşdırmasında xidmət haqqı və digər məsələlərin əksini tapması təklif olunur. Bələdiyyələrin səlahiyyətlərinin artırılması prosesi mərhələli şəkildə həyata keçiriləcək. Bu bələdiyyə institutunun həmin səlahiyyətləri üzərinə götürməsi üçün hazırlıqlı olması ilə bağlıdır.

Milli Məclisdə yerli özünüidarəetmə ilə bağlı hazırlanan digər bir sənəd isə "Bələdiyyələrin hesabatları haqqında"dır. Bu qanun layihəsinin hazırlanması 2009-cu ilin martında referendum yolu ilə Konstitusiyaya edilmiş düzəlişlərlə əlaqədardır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!