22 Avqust, 2011
Təqaüd dalğası MSK-da

10-dan çox əməkdaş işdən çıxarıldı

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) əməkdaşları kütləvi şəkildə təqaüdə göndərilib.

APA-nın məlumatına görə, qurumun ümumilikdə 10-dan artıq əməkdaşı işdən çıxarılıb. Buna səbəb isə bu il “Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun qüvvəyə minməsi olub. İşdən çıxarılan əməkdaşlar arasında MSK Katibliyinin müdiri, II Dünya Müharibəsinin veteranı 86 yaşlı Çingiz Ələkbərov da var.

Xatırladaq ki, bu il iyunun 9-da Azərbaycan prezidenti İlham Əliyev “Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunu təsdiqləyib. Dəyişikliklərə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 yaş müəyyən edilib. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!