22 Avqust, 2011
«Gündəm Xəbər»in təsisçisi ittihamlara siyasi rəng verdi

Qəzet 68 min 244 manat məbləğində vergidən yayınmada və şəxsi həyata müdaxilədə ittiham olunur

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Vergilər Nazirliyinin yoxlamaları nəticəsində «Gündəm Xəbər» qəzetinə qarşı açılan cinayət işi nəşrin fəaliyyətinin dayanması ilə nəticələnib.

Qəzetin təsisçisi Şirin Cəfəri barəsində açılan cinayət işi ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, qəzet bu ilin 16 may tarixindən gündəlik nəşr olunmasına baxmayaraq, vergi orqanları onun son bir illik fəaliyyətini araşdırıblar.

“Eyni zamanda qəzetimizin real tirajının rekvizitdə göstərilməməsini bəhanə edərək, «Gündəm Xəbər»lə bağlı araşdırmaları zamanı «Azadlıq» qəzetinin bugünkü tirajını nümunə kimi götürüb və hər iki absurd dəyərləndirmə şəraitində qəzetimizə qarşı astronomik həddə vergidən yayınma məbləği irəli sürüblər” deyə, açıqlamada bildirilir.

Nazirliyin qərarında “Gündəm Xəbər” qəzetinin 68.244 manat məbləğində vergidən yayındığı qeyd olunub.


Qeyd edək ki, təsisçinin barəsində Cinayət Məcəlləsinin 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilir.


“Gündəm Xəbər” qəzetinə qarşı olan bütün bu basqılar siyasi mahiyyət daşıyır, siyasi sifarişin nəticəsidir. Bu səbəbdən bütün ölkə ictimaiyyətindən, hüquq-müdafiə təşkilatlarından, beynəlxalq təşkilatlardan, Avropa ölkələrinin və ABŞ-ın Azərbaycandakı səfirliklərindən bu gülünc və qanunsuz hərəkətin durdurulması üçün dəstək istəyirəm” deyə, açıqlamanın sonunda bildirilir.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!