20 Avqust, 2011
26 YAŞINDA MƏŞHURLAŞAN DAHİ

O, Hacıbəyov soyadının davamçısıdır.

Bu gün, avqustun 20-si 99 yaşı tamam olur. Azərbaycan drijorluq məktəbinin inkişafında önəmli rol oynayan məşhur bəstəkarı xatırlamaq və xatırlatmaq üçün foto müxbirlə onun ev muzeyinə yollandıq. Getdiyimiz ünvan Bülbül prospekti 21, mənzil 24. Əziz oxucu, maestro Niyazinin mənzil muzeyinə birlikdə ekskurs edək. Bələdçimiz muzeyin direktoru Rza Bayramovdur…

Məşhur Hacıbəyovlar ailəsinin üzvü

Niyazi Zülfiqar oğlu Tağızadə-Hacıbəyov 1912-ci il avqustun 20-si valideynləri Tiflisdə qostrolda olarkən dünyaya gəlir. Tanınmış bəstəkar Zülfiqar Hacıbəyovun ailəsində böyüyən Niyazinin anası Böyükxanım Tağızadə ixtisasca həkim olub. Uşaqlıq illəri tanınmış sənət adamlarının, yazıçıların ətrafında keçir. Musiqiyə marağı kiçik yaşlarından hiss edilir. İlk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinfində alır. Niyazi hərbi məktəbdə də oxuyur. 1926-ci ildə əmisi Üzeyr Hacıbəyovun məsləhəti ilə Moskvada bəstəkarlıq sinfində dərs alır. 1929-1931-ci illərdə Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda təhsilini davam etdirir.

Niyazi ilə Həcər xanımın gizli evlilik tarixcəsi

Niyazi Leninqraddan qayıtdıqdan sonra 1931-ci ildə Mahaçkalada Xalq Maarif Komissarlığına şöbə müdiri göndərilir. Ömür yoldaşı Həcər xanımla da orda tanış olurlar. Həcər xanımın ailəsi əslən İrandan olub. O zaman Həcər xanım Tibb Texnikomunda təhsil alırdı. Maxaçqalada İran konsulluğunda işləyən qardaşının vasitəsilə Niyazinin ailəsini qonaq çağırırlar. Niyazi ilə Həcər bir-birini burada tanıyır. Lakin Həcər xanımın ailələsinin İrana geri dönmək fikiri olduğundan onların evlənmələrinə razı olmurlar. 1933-ci ildə Niyazi ilə Həcər xanım qaçıb gizlicə evlənmək qərarına gəlirlər. Bir müddət Ağdaşda qohumlarıgildə qalırlar. Evliliklərinin ilk illəri əziyyətli keçir. Çünki həmin dövrdə Hacıbəyovlar ailəsinin maddi vəziyyəti yaxşı deyildi. Həcər xanımın sovet pasportu olmadığından molla kəbini kəsdirirlər. Onların nigahı 1940-ci ildə rəsmiləşdirilir və 51 il birlikdə ömür sürürlər.

Muzey eksponatlarının əksəriyyəti sonradan toplanılıb

Maestro Niyazi 26 il bu evdə yaşayıb (1958-1984). Ölümündən sonra xanımı Həcər 1990-ci ilə kimi bu mənzildə ömür sürüb. Mənzil 5 otaqdan ibarətdir. 3 otaq (yemək, yataq, iş) memorial otaqlar sayılır. R.Bayramov deyir ki, həmin otaqlar Niyazinin vaxtında olduğu kimi saxlanılıb: “Sadəcə təmir işləri aparılıb. Bəzi əşyaların yeri Həcər xanımın vaxtında dəyişdirilib. Ekspozisiya və qonaq otağı isə 1968-ci ildə qonşu ev boşaldıqdan sonra bu mənzilə birləşdirilib”. Muzey 1994-cü il, milli musiqi günündə - sentyabrın 18-də açılıb. Dəhlizdə muzeyin açılış gününə həsr olunmuş xatirə şəkilləri asılıb. R.Bayramov bildirir ki, muzey qurulanda 4700 ədəd material vardı. Hazırdasa 6200-dən çoxdur: “Bəzi eksponatları sonradan almışıq, elələri də var muzeyə bağışlayıblar. Niyazini tanıyanlar vaxtilə ona aid və ya onun bağışladığı hansısa əşyanı muzeyə gətiriblər. Məsələn, şəkil qalereyalarından, Toğrul Nərimənbəyovun rəsm qalereyasından, İncəsənət Universitetindən gətirdiyimiz materiallar var”.
Yemək stolunun üstündəki vaza da yuxarı mərtəbədə yaşayan qonşudan alınıb: “Niyazi Türkiyədən gələndə konfetlə dolu vazanı qonşuya pay aparıb. Sonradan qonşu həmin vazanı muzeyə satdı”. R.Bayramov deyir ki, Niyazi vaxtının çox hissəsini yemək otağında keçirərdi. Ömür yoldaşı Həcərlə birlikdə gün ərzində baş vermiş hadisələrdən, problemlərdən danışar, qonaqları bu otaqda qəbul edərdi. Jurnal stolu arxasında nərd yarışları təşkil olunurdu. Maestronun əsas rəqibləri Lütfiyar İmanov və Bəxtiyar Vahabzadə idi. Yemək otağındakı servanta Həcər xanımın vaxtından qalan sadə qablar düzülüb. Divardan Niyazi və Həcər xanıma müxtəlif illərdə hədiyyə olunan şəkillər, portretlər asılıb. Yataq otağında Özbəkistan və Monqulustanda maestroya bağışlanan papaq və xalatlar diqqəti çəkir. Şifonerdə Niyazinin geyimləri saxlanılır. Direktorun sözlərinə görə, paltarlar ildə bir dəfə havaya verilir. Güzgülü tirmonun üzərinə İrandan gətirilən güzgü, mücrü, Fransa istehsalı taxma düymələr, Monqolustandan gətirilən iynə qabı qoyulub. Direktorun sözlərinə görə, muzeyin 300-ə yaxın materialı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyindədir: “Niyazi rəhmətə gedəndən sonra Həcər xanım əşyaların bir hissəsini bağışlayıb və ya imkansızlıq üzündən satıb. Tarix muzeyində, Salman Mümtaz adına Ədəbiyyat Arxivində, Əlyazmalar İnstitutunda da materallar var”.

Üzeyir bəy qardaşı oğlunun yaradıcılığını daim dəstəkləyib

Niyazinin iş otağındayıq... Maestro görkəmli əsərlərini bu otaqda bəstələyib, məşhur bəstəkərların əsərləri üzərində işləyib. Masada Niyazinin şəxsi əşyalarını – eynəyini, kitabını, alışqanını, saatını, külqabıda son dəfə çəkdiyi Kazbek siqaretini görmək olar. Otaqda radio, piano və kitab rəfi yerləşdirilib. R.Bayramov Niyazinin şəxsi kitabxanasında musiqidən əlavə tarix, fəlsəfə və başqa sahələrə aid 486 kitab olduğunu bildirir. Onların arasında maestronun şəxsi əlyazmaları, digər bəstəkarların notları qorunur. Otaqdakı şəkil qalereyasını dirijorun özü tərtib edib. Qalereyada Niyazinin dünya və Azərbaycan musiqi xadimləri ilə fotoşəkilləri sərgilənir. Başda əmisi Üzeyr Hacıbəyovun şəkili yer alıb. R.Bayramov qeyd edir ki, əmisi Niyazinin yaradıcılığını həmişə yüksək qiymətləndirər, onu dəstəkləyərdi: “1945-ci ildə “Arşın mal alan” operattasının dirijorluğu zamanı aralarında bir balaca narazılıq olub. Lakin Üzeyr bəy filmə baxandan sonra: “çox sağol, qoçaq” – deyə məmnunluğunu ifadə edib”.
Qalereyada Niyazinin Bülbüllə şəkillərini də görmək olar. R.Bayramov Niyaziylə Bülbülün yalnız sənət dostları deyil, həm də uzun illər qonşu olduqlarını söyləyir. Niyazi 1937-ci ildən 1958-ci ilə qədər indiki Bülbül muzeyi yerləşən binada yaşayıb. Niyazinin Türkiyə ilə də sıx əlaqələri olub. SSRİ musiqiçiləri arasında ilk dəfə Türkiyəyə Niyazi yol açıb.

Foto çəkmək onun sevimli məşğuliyyəti idi

Ekspozisiya otağında Niyazinin ictimai fəaliyyətini əks etdirən materiallar toplanıb. Onun qostrol səfərləri zamanı çəkdirdiyi şəkillər, konsertlərdən afişalar, təltif olunduğu mükafatlar, medallar, diplomlar, not əlyazmaları sərgilənir. R.Bayramov bildirir ki, Niyazi dirijorluq fəaliyyətinə 1935-cü ildə başlayıb. Əvvəlcə Neftçilər İttifaqının dram dərnəyinin orkestrində işləyir. Azərbaycan Dövlət Estrada orkestrinə rəhbərlik edir. Azərbaycan dirijorluq məktəbinin inkişafı onun adı ilə bağlıdır. 1937-ci ildə Mirzə Fətəli Axundov adına Opera və Balet teatrında dirijorluq vəzifəsinə dəvət olunur. 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayev xəstə olduğundan "Nərgiz" operasını tamamlamaq işi Nizyaziyə tapşırılır. Niyazi həmin tamaşaya dirijorluq edir və ilk dəfə şərəf nişanı ordeni ilə təltif olunur. Bununla da, artıq 26 yaşındaikən bütün SSRİ məkanında tanınır.
Eksponatlar sırasında Azərbaycanın ilk simfonik əsərlərindən olan "Zaqatala suitası"nın əlyazması da var. Niyazi həmçinin "Xosrov və Şirin" operasının, "Çitra" baletinin, "Qaytağı", "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik müğamının, simfonik orkestr üçün "Rəqs suitası"nın, "Talış xalq mahnıları" mövzusunda fortapiano pyeslərinin və başqa musiqi əsərlərinin müəllifidir. Üzeyir Hacıbəyovun "Koroğlu", Qara Qarayevin və Cövdət Hacıyevin "Vətən", Fikrət Əmirovun "Sevil" operalarının, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin dirijorluğunu Niyazi edib. R.Bayramov ömrünün son illərində Niyazinin musiqi bəstələmədiyini, əsasən dirijorluqla məşqul olduğunu söyləyir. Niyaziyə Əməkdar İncəsənət xadimi, Dövlət Mükafatı lauriatı, SSRİ xalq artisti adı verilib. Ekspozisiya otağında bu sənədlərin sürətləri də nümayiş etdirilir. Bundan başqa, o, “Çitra” baletinə görə Hindistanda Beynəlxalq Nehru mükafatına layiq görülüb. Ekspozisiya otağında Niyazinin istirahət zamanı çəkdirdiyi fotolardan ibarət güşə də qurulub. Həmin fotolarda maestronu at çaparkən, nərd oynayarkən, dəniz sahilində dincələrkən görmək olar. R.Bayramovun sözlərinə görə, nərd oynamaq, at çapmaqdan əlavə Niyazi foto çəkməyi də xoşlayardı. Mənzilinin eyvanından çəkdiyi fotoşəkil də güşədə yer alıb.
Maestro 1984-cü ildə 72 yaşında vəfat edib. Onun Filarmoniyada çəkdirdiyi son şəkili də bu otaqdan asılıb.

Niyazinin 100 illik yubileyi keçiriləcək

Gələn il Niyazinin 100 illik yubileyi ilə əlqədar tədbirlərin keçirilməsi üçün sərəncam imzalanıb. Direktor bildirir ki, Niyazinin əsərlərindən ibarət kitabın nəşr olunmasını təklif ediblər. Muzeyə giriş bileti uşaqlar üçün 20, böyüklər üçün 60 qəpikdir. R.Bayramov muzeyə əsasən musiqi məktəblərindən, Asəf Zeynallı adına texnikomdan, Konservatoriyadan, İncəsənət Universitetindən tələbələrin gəldiyini deyir. Bura orta məktəb şagirdləri üçün də maraqlıdır: “Məktəblərlə əlaqə saxlayırıq, sərgilər təşkil edirik. Niyazi adına 22 saylı musiqi məktəbi ilə sıx əlaqələrimiz var. Şagirdləri tədbirlərimizə çağırırıq”. R.Bayramov xarici vətəndaşların nadir hallarda muzeyə gəldiyini söyləyir: “Çox güman ki, 100 illiklə bağlı xaricdən qonaqlar gələcək”. Muzeyin nəzdində klasik musiqisevərlər klubu da fəaliyyət göstərir. Hər ayın birinci çərşənbəsi klassik musiqiyə aid söhbətlər, musiqiçilərlə görüş, xatirə günləri, musiqi gecələri düzənlənir.


Arifə Mikayılova - “Simsar” jurnalı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!