20 Avqust, 2011
GÜLƏR ƏHMƏDOVA: “MUHTEŞEM YÜZ YIL” SERİALINA BAXIRAM”

Bu gün Millət vəkili Gülər Əhmədovanın doğum günüdür.

1965-ci il avqustun 20-də Bakı şəhərində anadan olan Gülər xanım gənc yaşlarından fəal ictimai-siyas şəxs olaraq mətbuatla da daim sıx təmaslar qurub. Proseslərə fərqli yanaşması ilə seçilən Gülər Əhmədovanın həyatı da qeyri-adi olub. Doğum gününü nəzərə alaraq xanım deputatın “Simsar” jurnalına verdiyi qeyri-rəsmi, siyasətdən kənar müsahibəsini təqdim edirik. 

- Riyaziyyat fakültəsini bitirmisiz, psixologiya elmləri namizədisiz, belə fərqli keçidə necə nail oldunuz?
- Pedaqoji Universiteti bitirmişəm. Psixologiyanı bilməyən şəxsdən pedaqoq olmaz. Odur ki, təəccüblü deyil. Nəzərə alaq ki, bütün elmlərin əsasında psixologiya durur.
- Siz də tələbə olmusuz, tələbələr də sizin yaşınıza çatacaq, amma arada ciddi düşüncə fərqi həmişə var. Sizcə bu, niyə belədir?
- Şəxsən mənim üçün heç bir düşüncə fərqi yoxdur. Mən həmişə danışdığım insanın yaşına uyğun davranıram. Böyüklərlə böyük, uşaqlarla uşaq kimi ünsiyyət qurmağa çalışıram və buna nail oluram.
- Əsərlərindən təsirləndiyiniz yazıçı varmı?
- Var, həm də çoxdur. Məsələn, Teodor Drayzer, Anar, Cəlil Məmmədquluzadə, Dostoyevski...
- Deyirlər, xanımlar daha çox seriallara baxmağa meyillidir. Sizin izlədiyiniz serial hansıdır?
- Əsasən, türk seriallarını izləyirəm – “Muhteşem yüzyıl”, “Öyle bir geçer zaman ki”. Əvvəllərsə rus seriallarına baxırdım. Əslində, belə filmlər həyatdan götürülmüş ssenarilər üzərində qurulur. Özümə yaxın bildiyim, doğma cizgilər gördüyüm serialları bəyənirəm.
- Heç şeir yazmısız? Yazmısızsa bir bəndini qeyd edə bilərsiz?
- Şeirlərim oxucular üçün deyil. Onlar yalnız hisslərimi içimdə saxlamamaq və nəyin bahasına olursa-olsun, ifadə etmək məqsədilə yazılıb. Odur ki, özümdən başqa kimsə oxumayıb həmin şeirləri.

“Qan təzyiqim də nəbzim də yerindədir”

- Ən çox nədən qorxursuz?
- Xəyanətdən... Allah qorusun!
- Sizi Azərbaycanda təəccübləndirən hadisə hansı olub?
- AXC-Müsavat cütlüyü hakimiyyətdə olarkən Surət Hüseynovdan qorxub hakimiyyətini dondurması. Çox təəccüblənmişdim ki, adam hakimiyyətdə olsun, amma iki dənə tankdan qorxub fəaliyyətini dondursun. Bu həm də çox gülməlidir.
- Adətən vəzifə sahibləri onlara telefon açan şəxsləri daim intizarda saxlayır. Bəzilərinin telefonları demək olar ki, həmişə susur. Bu yalnız vəzifəli şəxslər üçün xaraxterikdir?
- Bunu hamıya aid eləmək olmaz. Şəxsən hamının telefonlarına cavab verirəm. Kimliyindən asılı olmayaraq, hamının sözünü dinləməyə və imkanım daxilində kömək etməyə çalışıram. Bu, mənim borcumdur. Çünki, millət vəkiliyəm.
- Hazırda özünüzü necə hiss edirsiz, bunu obrazlı şəkildə ifadə edə bilərsizmi?
- Qan təzyiqim yerindədir, nəbzim də. Hər şey əladır. Həyat gözəldir. Gərək yaşayasan o gözəlliyi. Sevəsən və seviləsən!

Arifə Mikayılova, “Simsar” jurnalı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!