19 Avqust, 2011
Mirvarid Dilbazinin 99 yaşı tamam olur

Mərhum şairənin xatirəsi bu gün yad edilir

Bu gün Mirvarid Dilbazinin 99 yaşı tamam olub. O, 1912-ci il, avqust ayının 19-da Qazax rayonunun Xanlıqlar kəndində anadan olub.


M.Dilbazi APİ-nin dil və Ədəbiyyat-İctimaiyyət fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunub. İki ildən sonra Bakıya qayıdan şairə Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi vəzifələrində çalışıb.

“Qadınların hüriyyəti” adlı ilk şeri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilib. Bu dərgidə o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şerləri də yer alıb.

M.Dilbazi həmçinin vətən mövzusunda yazılmış bir sıra poemaların müəllifidir. Bunlara “Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə” və başqaları aiddir.

Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə bir çox mahnı, romans və oratoriyalar bəsləyiblər.

Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və b. şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini tərcümə edən M.Dilbazinin özünün də əsərləri xarici dillərə tərcümə olunub.
Dilbazi Mirvarid Paşa qızı 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1976-cı ildə Azərbaycanın Əməkdar Mədəniyyət işçisi və 1979-cu ildə xalq şairi adına layiq görülüb.

İki dəfə “Şərəf nişanı” ordeni, “Qırmızı Əmək Bayrağı”, “İstiqlal” ordeni və medallarla təltif edilib.


Xalq şairəsi 2001-ci il, iyulun 12-də vəfat edib.

Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!