19 Avqust, 2011
"Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfəriyə cinayət işi açılıb

O, vergidən yayınmada və vəzifə səlahiyyətlərindən sui-istifadədəd ittiham olunur

"Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfəri barəsində cinayət işi başlanıb. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Mətbuat Şurasının "Qara siyahısı"na daxil edilmiş "Gündəm xəbər" qəzetində şəxsi həyatın toxunulmazlığı prinsiplərinə laqeyd yanaşıldığına, səhifələrində insanların şərəf və ləyaqətini ləkələyən məlumatlar yayıldığına, "Jurnalistlərin peşə davranışı qaydaları"nın mütəmadi pozulduğuna görə müvafiq tədbirlər görülməsi barədə Şuranın müraciəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Müəyyən edilib ki, "Gündəm xəbər" qəzetinin təsisçisi Cəfəri Şirin Abbasqulu oğlu tərəfindən "Kütləvi informasiya vasitələri haqqında" Qanunun tələbləri kobud surətdə pozulmaqla yanaşı, eyni zamanda vergi qanunvericiliyinin tələblərinə də əməl olunmayıb. Belə ki, vergi ödəyicisi kimi verginin hesablanması üçün zəruri olan hesabatlar tərtib olunmayıb, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibat uçotu aparılmayıb, o cümlədən dərc olunmuş tirajın sayı göstərilməyib, nağd pul hesablaşmalarının aparılması qaydaları pozulmuş və beləliklə külli miqdarda, yəni 68.244 manat məbləğində vəsait vergidən yayındırılıb.

Faktla bağlı qəzetin təsisçisi Şirin Cəfəri barəsində Cinayət Məcəlləsinin 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində iş üzrə istintaq davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!