19 Avqust, 2011
KİRAYƏ MƏNZİLLƏR BAZARI ALIŞIB YANIR

Tələbələr söyləyir ki, kirayə mənzil bazarı onların imkanına hesablanmayıb

Ali məktəblərdə tədris ilinin başlanmasına az vaxt qaldıqca, paytaxtın kirayə bazarında gərginlik artır. Yataqxanalarda məcburi köçkünlər məskunlaşdığından hər il tələbə və valideynlər belə vaxtlar ev axtarışına çıxır. 

Tələbələr söyləyir ki, kirayə mənzil bazarı onların imkanına hesablanmayıb.Araşdırmalar da göstərir ki, bazarlarda aylıq kirayə qiymətləri tələbə təqaüdündən bir neçə dəfə çoxdur.

«Bazarda qiymətlərinin artmasının səbəbi kirayə qiymətinin artması ilə bağlıdır. Kirayə 1 otaq 200 manat, iki otaq 250 - 300 manatdır. Baxır təmirinə və şəraitinə»,- deyə makler Vəlixan Dursunov bildirib.

Mənzil bazarını araşdıran mütəxəssislər də bildirir ki, əksər hallarda kirayə sövdələşməsini sənədləşdirməkdə çətinliklər yaranır. Ekspertlər bildirir ki, ev, torpaq, tikinti materialları bazarlarından fərqli olaraq kirayə bazarında qiymətlərdə son illər ucuzlaşma müşahidə olunmur. Tələbələr tətildə olanda, qiymətlər cüzi düşsə də, avqustun ortalarından bazarlarda 20 faizə qədər bahalaşma müşahidə olunur.

Ekspertlər bildirir ki, kirayə qiymətlərinin artması təkcə tələbələrlə bağlı deyil. Rayonlardan Bakıya işləməyə gələnlərin sayı da çoxalır. Statistika göstərir ki, ən çox 1-2 otaqlı evlər kirayəyə götürülür. İndi bazarda ən ucuz kirayə qiyməti 100 manat, ən bahalısı isə 3-4 mərtəbəli mülklərdir ki, burada da aylıq kirayə haqqı 10 min manata qədərdir./anspress

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!