18 Avqust, 2011
Kişilərin aliment bəhanəsi

İşsizlik...

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri Xanlar Zeynalov Trend-ə bildirib ki, şəxsin iş yerinin, əlavə gəlirlərinin olmaması məhkəmə qərarlarının icrasında problemlər yaradır.

"İşsizlərin işlə təmin olunması üçün məşğulluq mərkəzlərinə müraciət edirik və bəzən onların işlə təmin olunmasına nail oluruq", - nazirlik rəsmisi deyib.

Zeynalov bildirib ki, bu ilin 6 ayında idarənin icraatında alimentlə bağlı 29 347 iş olub. Onun sözlərinə görə, bu işlərin əksəriyyətinin icrası davam edir.

"Alimentin ödənilməsi ilə bağlı işlərin icrası uşaq 18 yaşına çatanadək davam edir", - Zeynalov deyib.

Alimentin ödənilməsindən qəsdən boyun qaçıran şəxslərin olduğunu bildirən idarə rəisi qeyd edib ki, həmin şəxslər barəsində inzibati tədbirlər görülür.

"İnzibati tədbirlər müsbət nəticə vermədiyi halda həmin şəxslər barəsində cinayət işi başlanılır. Bu ilin birinci yarısında alimentin ödənilməsi ilə bağlı məhkəmə qərarını icra etməkdən qəsdən boyun qaçıran 72 şəxs barəsində cinayət işi başlanıb, istintaq aparılıb", - Zeynalov deyib.

Onun sözlərinə görə, alimentlə bağlı məhkəmə qərarlarının icrasını təmin etmək üçün Baş İdarə tərəfindən müvafiq qurumlara təkliflər verilib.

Nazirlik rəsmisi bildirib ki, qanunla borclunun ölkədən getmək hüququ məhdudlaşdırılandan sonra bu sahədə məhkəmə qərarlarının icrasında müsbət dəyişiklik olub.

"Əvvəl şəxsin borcu olsa da, istədiyi vaxt ölkədən gedə bilərdi. Hətta elələri var idi ki, digər ölkələrdə öz biznesini qurmuşdu. İndi borclu şəxsin bu hüququ məhdudlaşdırılıb. Şəxs borcunu ödəmədiyi halda icra məmuru tərəfindən məhkəməyə təqdimat verilir. Məhkəmə təqdimata baxaraq onun bu hüququnu məhdudlaşdırmaq barədə qərar çıxarır. Şəxs məhkəmə və digər orqanların qərarı üzrə olan borcunu tam ödədikdə həmin məhdudiyyət icra məmuru tərəfindən götürülür. Bu cəzanın qanunvericiliyə daxil edilməsi məhkəmə və digər orqanların qərarlarının icrasında böyük stimul yaradıb", - Zeynalov deyib.

Onun sözlərinə görə, bu ilin birinci yarısında 406 nəfərin ölkədən getmək hüququ məhdudlaşdırılıb.

"Ölkədən getmək hüquqları mədudlaşdırılandan sonra bu şəxslərdən bir qismi məcbur olub borcu ödəyib. Bu ilin birinci yarısında borcu ödədiyi üçün 40 nəfər barəsində ölkədən getmək barədə məhdudiyyət götürülüb", - idarə rəisi bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!