12 Avqust, 2011
KÜR VƏ ARAZ ÇAYLARINDA MONİTORİNQ KEÇİRİLİB

Kür və Araz çaylarında çirklənmə səviyyəsini öyrənmək məqsədilə monitorinq keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə avqustun I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, avqustun I ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının III ongünlüyünə nisbətən 31 m3/san azalaraq 104 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 2, Ağstafaçay məntəqəsində fenollar və mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib.
Avqust ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar və mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.90-9.10 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!