Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

TAKSİ, TAKSİ,... SÜRÜCÜ XANIMDI Kİ...

“Cip” maşınımı vurdu, qızıllarımı aldı”

Onu “Jiquli”- si ilə tanıyırlar, “Nurcahan bibi” deyə çağırırlar. İş yeri Yaşıl bazarın yanındakı taksi dayanacağıdır. Foto müxbirlə birgə onu gözləyirdik. O isə 15 dəqiqə gecikdi. Nəhayət gələndə gecikməyinin səbəbini belə izah etdi: “Müştəri oldu, əldən vermək istəmədim”.

Nurcahan Cəbiyeva 25 ildir taksi sürücüsüdü. Qubadan Bakıya köçüb. Yoldaşı vəfat edəndən sonra uşaqlarını dolandırmaq üçün bu peşəni seçib: “Beş uşaq böyütmüşəm, onlara həm ana, həm ata olmuşam”. Sürücülük məktəbini Sumqayıtda bitirib. O zaman 30 yaşı vardı. Ona maşın sürməyi öyrədən müəllimini xatırlayır: “Xahiş etmişdim ki, müəllimim qocaman olsun, sürücülüyü yaxşı bilmək istəyirdim. İndiyəcən yadımdadır, mənə sükan tutmağı öyrədən müəllimin 60 yaşı vardı”.

“Taksi sürdüyümə görə qardaşım məni danışdırmır”

Dediyinə görə, taksi sürücüsü olmasını qardaşı narazılıqla qarşılayıb: “Böyük qardaşım dedi ki, maşın sürmə. Onun sözünə baxmadığım üçün incidi. Elə indi də taksi sürdüyümə görə danışmırıq”. Nurcahan bibi sürücülüyə başladığı ilk bir ili adamları pulsuz aparıb: “Allaha dua edirdim ki, bircə pərt olmayım, maşın sürməyi öyrənim... Bir il heç kəsdən pul götürmədim”. Artıq onun üçün maşın sürməyin çətinliyi yoxdur: “Siftə başlayanda həyacanlanırdım. Daha bu işin içində “bişmişəm”, sərbəstəm. Necə deyərlər, gözüyumulu sürüb gedərəm”.

“Yol polisləri deyir, keç qurbandı”

Deyir ki, indi qadın taksiçi görəndə əvvəlki kimi təəccüblənmirlər. Bununla belə, qadın sürücünün maşın idarə etməsindən çəkinənlər də var: “Bəziləri maşınıma minməyə qorxur ki, birdən yaxşı sürmərəm. Çoxlarına isə maraqlı gəlir. Təəccüblənirlər ki, xanım necə taksi sürə bilər... Mühərriki işə salanda gülməkdən ürəkləri gedir. İnsanları mənzil başına deyə-gülə çatdırıram”. Bu günə qədər kobud adamlarla rastlaşmayıb: “Pis adamı həmin dəqiqə anlamaq olur. Adamların üzünə baxanda onların ürəyini oxuyuram. Qəlb sındırmaq istəmirəm, ona görə bir qüsur hiss edəndə müxtəlif bəhanələr gətirirəm. Heç kimi maşınımda siqaret çəkməyə də qoymuram”. Nurcahan bibi heç vaxt cərimə olunmayıb: “Polislər məni saxlamır. Qaydalara riayət edirəm. Düzdü, yol hərəkətini pozduğum hallar da olub. “Naruşeniya” edəndə icazə alıram, onlar da deyirlər, keç qurbandı sənə. Mən tanımasam da çoxu məni yolda görüb salamlaşır. Görürlər ki, halal zəhmətimlə pul qazanıram”.

“Maşın sürürsənsə, vuracaqsan da vurulacaqsan da”

Taksiçi yolda başına gələn əhvalatlardan danışır: “8 mart gün idi, bir “Cip” maşınımı vurdu. Hadisə yerinə gələn polislər dedi ki, xanımı azad buraxsaq daha yaxşı olar. “Cipi”in sürücüsü isə məni kənara çəkib,maşınını düzəltdirmək üçün qızıllarımı istədi, verdim apardı. Əslində isə o, məni vurmuşdu”. Onun diqqətli xanım olduğunu növbəti fikirlərindən də anlamaq olur. “Taksi sürücüsü nəinki piyadaya, hətta qarşısına çıxacaq pişiyə, quşa belə diqqət yetirməlidir”. Bunları Nurcahan bibi deyir və davam edir: “Ehtiyatlı olmaq lazımdır. Canlıları vurmaq günahdır. Amma olanda olur, hadisədir, ehtiyatla davransan da, bir başqası gəlib vuracaq. Maşın sürürsənsə vuracaqsan da vurulacaqsan da”.

Danışır... Ürəyi doludur. Gözləri isə qazandığı pulları sayır: “Pulumuz-paramız az olur, dolanmaq çətindir.. Bu günkü qazancım 11 manatdır. İndi taksi çoxdur, hamı düşünür ki, avtobusa 20 qəpik verib gedərəm”. Amma Nurcahan bibi peşəsini sevir, danışdıqca üzündə yaranan ifadədən bunu anlamaq heç də çətin deyil: “Daha bundan sonra başqa işə getmərəm. 57 yaşım var, canım nə qədər sağ olsa, taksiçi işləyəcəm. Bu həyatda balalarımı, bir də peşəmi sevirəm...”

Sağollaşıb ayrılırıq. Redaksiyaya qədər onunla getməyi təklif edir. Əvvəl razılaşmırıq, amma arqumentlərinin qarşısında geri çəkilməli oluruq. Deyir: “Məni axtarıb tapmısınız, jurnalınızda da barəmdə yazacaqsınız. Bu, böyük hörmətdir. Mən də taksi sürücüsü kimi qulluğunuzda dayanmalıyam”.
Söhbətimiz yol boyu davam edir, Nurcahan bibi bizə mahnı da oxuyur...

Arifə Mikayılova - “Simsar” jurnalı






25 İyul, 2011  16:58 Baxılıb: 2328 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner