Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

Erməni oyuncağının partlamasından ölən qızın atası danışdı

Dəhşət saçan reportaj

Ermənilərin öldürdüyü qız Sankt-Peterburqdan Azərbaycana toya gəlibmiş
Müxbirimiz 13 yaşlı Aygünün baba evində oldu; “o həmişə deyirdi ki, Azərbaycan mənim cənnətimdir”
“Elnarə qızının ürəyini yoxlamaq üçün əlini parçalanmış yerdən içəri salıb, amma Aygünün nə ürəyini, nə də ciyərini tapa bilib. Əvvəlcə qızın öldüyünə inanmayıb, onu qucağına alaraq yola çıxarıb” 

Xəbər verdiyimiz kimi, iyul ayının 14-də Tovuzun Əlibəyli kəndində Ermənistan xüsusi xidmət orqanlarının oyuncağa quraşdırdığı partlayıcı qurğunun işə düşməsi nəticəsində 13 yaşlı Aygün Şahmalıyeva dünyasını dəyişib. Aygünün ölümü haqda təfərrüatları öyrənmək və yaxınları ilə söhbət etmək üçün yas mərasiminin keçirildiyi evlərində olduq. 13 yaşlı qızın yas mərasimi babasının Əlibəyli kəndindəki evində keçirilirdi. Aygün iyun ayının 15-də dəfn olunduğu üçün dünən üç mərasimi keçirilirdi. Azyaşlı qızın ölüm xəbərini alan yaxınları baba evində toplaşmışdı. Qızcığazın atası ilə evin qapısında rastlaşdıq. 

Zirəddin Şahmalıyev qızının ölümü haqda danışarkən göz yaşlarına hakim ola bilmirdi. Atanın sözlərinə görə, onlar daimi Azərbaycanda yaşamırlar, yay tətillərində rayona gəlirlər. Builki yay tətilləri onlara qızlarının həyatı bahasına başa gəldi: “Biz Sankt-Peterburqda yaşayırıq, hər il uşaqların dərsləri bitəndə tətil üçün buraya gəlirdik. Bu il də həm toy, həm də tətil üçün atamın evinə gəlmişdik. Qızımın ölümünə səbəb olan oyuncaqdan həyat yoldaşım şübhələnib, lakin qızıma xəbərdarlıq edəndə artıq gec imiş. Elnarə qızıma baxanda görüb ki, yerdədir. Həkimə aparsa da heç bir xeyri olmayıb, xəstəxanaya çatana qədər keçinib. Yoldaşımın vəziyyəti ağırdı, hazırda xəstəxanadadır, yeriyə bilmir”.

Z.Şahmalıyev deyir ki, rayon rəhbərliyindən onlara diqqət yüksək səviyyədədir: “Rayon rəhbərliyindən olan hər kəsin bizə qarşı münasibəti yaxşıdır, gəlib-gedirlər”.
Aygünün atası qızının necə öldüyü haqda danışarkən göz yaşlarına boğulurdu. 13 yaşlı qızının ölümü onu dərindən yaraladığı üçün danışmaqda çətinlik çəkirdi. Məhz bu səbəbdən də Aygünün uşaqlığı, arzuları və ölümü haqda məlumat almaq üçün bibiləri ilə söhbət etdik. Sücayət Şahmalıyeva deyir ki, qardaşını toy üçün Azərbaycana dəvət edib: “Qardaşım ailəsi ilə birlikdə Sankt-Peterburqda yaşayır. Qızıma toy elədiyim üçün onları da dəvət etdik, gəldilər. Toydan bir neçə gün sonra qardaşım qayıdıb getdi, Elnarə və uşaqlar bizdə qalırdılar. Nə oldusa toydan bir neçə gün sonra oldu”.

Hadisə necə baş verib?

S.Şahmalıyevanın sözlərinə görə, Aygün qonaq getdiyi yerdə həlak olub: “Elnarə uşaqlarla birlikdə öz bibisi gilə qonaq getmişdi. Uşaqlar çayın qırağında oynayarkən paketin içində oyuncaq tapıblar. Həmin oyuncağı da gətirib Aygünə veriblər. Aygün də oyuncağa baxıb və ”mən uşaq deyiləm ki, oyuncaqla oynayım" deyərək oyuncağı masanın üzərinə atıb. Hadisə zamanı evdə Aygün, Elnarə və Elnarənin balaca qardaşının uşağı var imiş. Oyuncaq masanın üzərinə düşdüyü zaman ondan tüstü çıxıb və Elnarənin qardaşı uşağı ağlamağa başlayıb, elə həmin anda ev də partlayıb. Elnarə görüb ki, Aygün yerdə uzanıb. Uşağın sol tərəfi parçalanıbmış. Elnarə qızının ürəyini yoxlamaq üçün əlini parçalanmış yerdən içəri salıb, amma Aygünün nə ürəyini, nə də ciyərini tapa bilib. Əvvəlcə qızın öldüyünə inanmayıb, onu qucağına alaraq yola çıxarıb".
Aygünün bibisi deyir ki, Elnarə qorxudan ayaqlarının tutulduğunu hiss etməyib: “Oyuncaq partladığı zaman partlayıcının qəlpələri Elnarənin ayaqlarına dolub, amma o hadisədən qorxduğu üçün həyəcanlanıb və yaralarını hiss etməyib. Yola çatdığı zaman ayağından qan gəldiyini görüb və yıxılıb. Yoldakı maşınların biri ilə qızını xəstəxanaya çatdıra bilib. Onlar xəstəxanaya gedəndə artıq gec olub, Aygün ölmüşdü, Elnarənin vəziyyəti də ağırlaşmışdı”.
- Deyirsiniz ki, atası Sankt-Peterburqa qayıdıbmış. Ona qızının öldüyünü necə dediniz?
- Qardaşıma Aygünün öldüyünü demədik. Zəng edib dedik ki, Elnarə ölüb. Qardaşım da gəldi. Evə gələndə Orxan (Aygünün qardaşı - Ş.N.) atasına bacısının öldüyünü dedi. 


Aygünün digər bibisi Aybəniz Şahmalıyeva deyir ki, o, çox ağıllı qız idi: “Bu il 7-ci sinifə keçmişdi, dərslərini çox yaxşı oxuyurdu. Buraya gələndə də kitab-dəftərini gətirmişdi ki, dərslərindən geri qalmasın. Aygün cərrah olmaq istəyirdi, həmişə deyirdi ki, həkim olub, insanların həyatını xilas edəcəyəm. Azərbaycanı çox sevirdi. Hər dəfə Azərbaycana gələndə deyirdi ki, ölkəmizin daşına-torpağına qurban olub. Deyirdi ki, Azərbaycan mənim cənnətimdir. Burda torpağında da canını verdi. Aygün çox qəşəng rəqs edirdi, toyda rəqs edərkən hər kəs ona baxırdı”. 


Aygünün özündən böyük bir qardaşı var. Orxan bacısı üçün çox darıxdığını deyir: “Aygün məndən bir yaş kiçik idi. Hərdən bir mübahisəmiz olurdu, amma heç vaxt dalaşmırdıq. Aygün ağıllı idi, hər kəs onu çox istəyirdi. Onun öldüyünü mənə deyəndə inanmadım”.
Aygünün yaxınlarının sözlərinə görə, Elnarə Şahmalıyevanın səhhəti yaxşıdır. Həkimlər 20 gün sonra xəstəxanadan çıxıb, yeriyə biləcəyini deyirlər.
Allah Aygünə rəhmət eləsin, yaxınlarına səbir versin.

"Yeni Müsavat" qəzeti






18 İyul, 2011  16:56 Baxılıb: 2038 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner