Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

«Mediada dil faktoru»

Mətbuat Şurasında tədbir

Bu gün Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Medianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimi» layihəsi çərçivəsində «Mediada dil faktoru» mövzusunda «dəyirmi masa» keçirilib.

MŞ-də baş tutan tədbiri Şura sədri Əflatun Amaşov açaraq layihənin məqsəd və vəzifələri barədə məlumat verib O bildirib ki, kütləvi informasiya vasitələrinin dil xüsusiyyətləri müxtəlif səviyyəli müzakirələrin mövzusuna çevrilməsi baxımından diqqət çəkib. Məsələyə hər zaman böyük diqqət verilməsi əsasən bu sahədəki problemlərlə bağlı olub. Ötən illərlə müqayisədə bir sıra irəliləyişlərin əldə olunmasına baxmayaraq indinin özündə də jurnalistlərin ədəbi dil və onun xüsusiyyətləri, işlədilməsi qaydaları ilə bağlı çətinlikləri yaşanmaqdadır. “Əlbəttə, bilərəkdən və siyasi məqsədlərin təminatına hesablanmış jarqonlardan istifadə nisbətən arxa plana keçib. Amma sırf jurnalist yaradıcılığı baxımından nəzərə çarpan dil xətaları var ki, onlarla mübarizə vacib əhəmiyyət daşımaqdadır. İlk növbədə isə məsələyə ictimai diqqətin artırılmasına ehtiyac duyulmaqdadır. Mövcud layihə həmin ehtiyacın ödənilməsinə hesablanıb və KİV-lərin dil xüsusiyyətləri ilə bağlı problemlərinin aradan qaldırılmasına dəstək göstərilməsini nəzərdə tutur”, - deyə o əlavə edib.

Ə.Amaşov bildirib ki, KİV-lərin və orada çalışan jurnalistlərin yaradıcılıq məhsullarında Azərbaycan dilinin norma və qaydalarına necə riayyət etmələri sahəsindəki mənfi meyllərin aradan qaldırılmasına dəstək göstərmək, mövcud istiqamətdəki problemlərin effektiv həllini həyata keçirmək, tendensiyaları izləmək, ümumən məsələyə ictimaiyyətin diqqətini cəlb edərək yol verilən nöqsanların kəmiyyət göstəricilərinin azalmasına nail olmaq layihənin başlıca məqsədlərindəndir. MŞ sədri həmçinin layihə çərçivəsində aparılmış monitorinqin nəticəsində əldə edilmiş statistik rəqəmlər barədə də məlumat verib.

Layihədə ekspert qismində iştirak edən, «Xalq qəzeti»nin şöbə müdiri, dilçi ailm İlham Abbasov bildirib ki, layihə ilə bağlı həyata keçirilən başlıca iş ölkənin aparıcı, ictimai fikrə təsir göstərən KİV-lərinin monitorinqi olub. Monitorinqin ümumilikdə 40 qəzetdə aparıldığını vurğulayan İ.Abbasov konkret tendensiyalara diqqət çəkib: «Azərbaycan dili türk dillərindən biridir. Türkiyə türkcəsinə daha yaxındır, amma türk sözlərindən geniş istifadə müəyyən mənada dilimizin deformasiyasına gətirir. Qəzetlərdə korrektura ilə bağlı səhvlərin mövcudluğu diqqət çəkir. Bu baxımdan durğu işarələrinin düzgün işlədilməməsini göstərmək olar. Bəzən elə olur ki, eyni söz qəzetin bir səhifəsində bir, digərində başqa cür yazılır. Ümumən beynəlxalq səviyyədə işlədilən sözlərin dilimizə inteqrasiyasında da nöqsanlar var. Bütün bunların köklü səbəbi isə ədəbi dilin normalarına bələd olmamaqdır».

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin müəllimi Alxan Məmmədov qəzetlərdə dil xətalarını redaktorların səviyyəsinin aşağı olması ilə əlaqələndirib. Digər səbəb kimi tədrisin vəziyyətini önə çəkib. Onun bildirdiyinə görə, jurnalistika fakultəsində tələbələrə Azərbaycan dili fənn kimi birinci kursda keçilir, o da yalnız ilk semestrdə. Daha sonra isə mövcud sahədə boşluq yaranır. Nəticədə ortaya indi qarşılaşılan mənfi meyllər çıxır. «Əlbəttə, burada orta məktəblərdə də tədrisin səviyyəsi məsələsini qeyd etmək vacibdir. Dilə sevgi ilk növbədə oradan başlamalıdır», - deyə o bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun nümayəndəsi Könül Həbibova çıxışında bildirib ki, müasir dövrdə dilimizdə geniş yayılmış problemlərdən biri morfoloji strukturda kobud səhvlərə yol verilməsidir. O, şəkilçilərdən düzgün istifadə edilməməsi ilə bağlı faktların çoxluğuna diqqət çəkərək KİV-lərdə xüsusən reklam, kommersiya məqsədli çarxlarda və lövhələrdə yanlışlıqlara yol verildiyini önə çəkib. K.Həbibova mediada Azərbaycan dilinin qorunmasına nəzarət edən ayrıca qurumun yaradılmasının vacibliyini vurğulayıb.

«Turan» İnformasiya Agentliyinin əməkdaşı Tapdıq Fərhadoğlu mətbuatda gedən dil xətalarının geniş təhlilinin tərəfdarı olmadığını deyib. Onun qənaətincə, bu məsələdə mediadan nümunəvilik gözləmək düzgün deyil: «Hazırda dünyada vətəndaş jurnalistikası geniş yayılıb. Buna bloggerlik də deyilir. Bloqçuluq dili əslində xalq dilidir».

AMEA-nın Nəsimi adına Dliçilik İnstitutunun əməkdaşı Rasim Heydərov çıxışında diqqəti peşəkarlıq məsələlərinə yönəldib. O bildirib ki, hər bir sahədə, o cümlədən mətbuatda da işin biliciləri çalışmalıdırlar. «Onların peşəkarlıq səviyyəsi isə təkcə hadisə və prosesləri izləmək və operativ şəkildə çatdırmaqla məhdudlaşmır. Azərbaycan dilinin xüsusiyyətlərini mükəmməl mənimsəmək və tətbiq etmək burada tamamlayıcı rol oynayır».

Mövzu ətrafındakı müzakirələrdə çıxış edən respublikanın əməkdar jurnalisti Yusif Kərimov və «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu layihənin əhəmiyyətini vurğulayaraq KİV-lərin öz materiallarında ana dilinin normalarına riayət etmələrinin vacibliyini bildiriblər. «Olaylar» qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz belə layihələr çərçivəsində jurnalistlər üçün dil kurslarının təşkilini əhəmiyyətli sayıb. MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas jurnalistlər üçün savad meyarını dilə riayət sahəsindəki problemlərin aradan qaldırılmasında başlıca amil kimi dəyərləndirib. «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə qeyd edib ki, mediada dil xətalarına yol verilməsi təkcə jurnalistikanın qüsuru deyil. Onun sözlərinə görə, problem bütövlükdə təhsil səviyyəsinin aşağılığından irəli gəlir və hazırda redaktorlar da həmin təhsilin yetişdirdiyi gənclərlə işləmək məcburiyyətindədirlər.


Anar






14 İyul, 2011  20:39 Baxılıb: 1177 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner