Bu məhsullara ƏDV tətbiq edilməsinə nazirlik münasibət bildirdi
Azərbaycan Nazirlər Kabinetinin iyulun 10-dan idxal olunan taxıl, meslin (buğda və çovdarın qarışığı), buğda və çovdar ununun ƏDV-dən azad edilməsinin ləğvi haqqında qərarı bu məhsulların qiymətlərinin artmasına gətirib çıxarmayacaq. Bu barədə Trend-ə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı və emalı üzrəində nəzarət şöbəsinin rəisi Sabir Vəliyev bildirib.
Bu qayda 2010-cu il dekabrın 3-dən tətbiq edilmişdi və 2011-ci il avqustun 1-dək qüvvədə olmalı idi. Azərbaycanda ƏDV dərəcəsi 18 faiz təşkil edir.
“Ötən il bu məhsulların idxalının ƏDV-dən azad edilməsi haqqında qərarın qəbulu ölkənin daxili tələbatının təmin olunması üçün taxıl idxalı zərurəti ilə bağlı idi, çünki təbii fəlakətlərlə əlaqədar ötən il məhsuldarlıq aşağı olmuşdu”, - Vəliyev bildirib.
Onun sözlərinə görə, ötən il 2,1 milyon ton taxıl istehsal olunub, 1,4 milyon ton isə idxal olunub. Bu həən bir milyon ton taxıl istifadə olunmayıb və cari ilə qalıb.
“Cari ildə taxıl qıtlığı müşahidə olunmur, bizdə ötənilki ehtiyatlar var. Aprel ayına olan məlumata görə, ilin əvvəlindən 330 min ton taxıl idxal olunub, indi isə bu, artıq təxminən 500 min olacaq, istehsal həcminin artacağı da proqnozlaşdırılır”, - Vəliyev əlavə edib.
Onun sözlərinə görə, bununla əlaqədar ƏDV-nin ləğvi haqqında qərarın zəruriliyi qüvvədən düşür.
“Təbii ki, qiymətlərin artımı ilə bağlı heç bir təhlükə yoxdur”, - Vəliyev bildirib.
Bu gün Azərbaycan Rusiya və Qazaxıstandan taxıl idxal edir.
Bir müddət əvvəl kənd təsərrüfatı naziri İsmət Abasovun dediyi kimi, Azərbaycanda 2011-ci ildə 2,5 milyon ton taxıl istehsalı gözlənilir. Bu, ötən ilin göstəricisini 500 min ton üstələyir.
“Hava şəraiti əlverişli olsa, biz 2,5 milyon ton taxıl istehsalını proqnozlaşdırırıq. Bunun 1,7 milyonu ərzaq buğdasının payına düşəcək”, - Abasov qeyd edib.
2011-ci ildə 800 min ton arpa istehsalı planlaşdırılır.
Nazirin sözlərinə görə, bu gün ölkənin taxıla tələbatı 3-3,2 milyon tondur.