Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mətbuat Şurası Qubada seminar keçirdi

Tədbir Azərbaycan Mətbuat Şurasının və Avropa Şurasının ölkəmizdəki nümayəndəliyinin birgə təşəbbüsü çərçivəsində baş tutub

İyulun 9-10-da Qubada Azərbaycan Mətbuat Şurasının və Avropa Şurasının ölkəmizdəki nümayəndəliyinin təşəbbüsü ilə «İnformasiya rəsmiləri üçün rəsmi sənədlərə çıxış» mövzusunda treninq-məşğələ keçirilib. Tədbir hər iki qurumun birgə layihəsi çərçivəsində baş tutub. 

M.Ş-nın mətbuat xidmətindən Simsar.az saytına verilən məlumata görə, seminarı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb. O, rəhbərlik etdiyi qurumun Avropa Şurası ilə birgə layihəsinin məqsədləri barədə ətraflı məlumat verib. «Bu bizim Avropa Şurası ilə ilk tədbirimiz deyil. İndiyədək medianın problemləri ilə bağlı müxtəlif səpkili təşəbbüslər reallaşdırmışıq. Mövcud layihədən isə məqsəd mətbuat xidməti institutunun ümumilikdə ictimaiyyətlə əlaqələr sektorunda oynadığı rolun kompleks təhlilini aparmaqdan, informasiya-kommunikasiya texnologiyalarının ən yeni metodlarının tətbiqində bu qurumların rolu və mövqeyinin artırılması xüsusiyyətlərini müəyyənləşdirməkdən, mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına effektiv təsir göstərməkdən ibarətdir” deyən Ə.Amaşov layihə çərçivəsində növbəti seminarın iyulun 30-31-də Tərtər rayonunda baş tutacağını bildirib. Azərbaycanın ilk jurnalisti olan Abbasqulu ağa Bakıxanovun doğma yurdu Qubada belə mötəbər toplantıların təşkilini rayonda mediaya və ümumilikdə informasiya işinə həssas münasibətlə əsaslandıran Ə.Amaşov eyni dəst-xəttin digər rayon və şəhərlər üçün də vacibliyini önə çəkib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev açıb. Bu kimi tədbirlərin cəmiyyət üçün xüsusi önəm daşıdığını deyən sektor müdiri onların davamlılığının vacibliyini vurğulayıb. «Modernləşmə kursu dövlət orqanları və digər qurumlar qarşısında yeni vəzifələr qoyur. Bu baxımdan informasiya əldə etmək haqqında qanunvericiliyə riayət zəruridir. Mövcud istiqamətdə irəliləyişlər ictimaiyyətlə əlaqə şöbələrinin, mətbuat xidmətlərinin işinin təşkilində, onların veb-səhifələrinin yaradılmasında və təkmilləşdirilməsində özünü göstərməkdədir. Əslində belə layihələrin əsasında da həmin prosesə dəstək göstərmək və bir növ, qarşıdakı vəzifələri müəyyənləşdirmək dayanır. Əsas məsələ təbii ki, dövlət orqanlarının cəmiyyətin informasiya tələbatını ödəmələridir. Azərbaycan dövləti də bu yöndə əhəmiyyətli tədbirlər reallaşdırmaqdadır», - deyə o vurğulayıb.

Quba Rayon İcra Hakimiyyəti başçısının I müavini Sahib Məmmədov rayonda bu kimi tədbirlərin təşkilinin ənənəyə çevrildiyini bildirib. MŞ-nin Qubada keçirdiyi silsilə toplantılardan söz açan S.Məmmədov rayondakı idarə, müəssisə və təşkilatların media ilə işinin qurulmasındakı xüsusiyyətlərə dair məlumatlar açıqlayıb. «Hazırda Qubada 7 qəzet və 3 telekanal fəaliyyət göstərir. Rayonda eyni zamanda mərkəzi kütləvi informasiya vasitələrinin də regional büroları var. Onlar müxtəlif qurumlarla, o cümlədən yerli dövlət orqanları ilə sıx əməkdaşlıq edirlər. Demək olar, bütün təşkilatlarda mətbuat xidməti sektoru yaradılıb. Hazırda qarşımızda duran vəzifə onların fəaliyyətini daha da təkmilləşdirməkdir. Düşünürəm ki, seminar bu prosesə təkan verəcək»

Bakı Dövlət Universitetinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli mətbuat xidməti institutunun hər bir qurumun fəaliyyətindəki roluna diqqət çəkib. «Layihə və bu günkü seminar çox əhəmiyyətlidir. Mən İctimai Televiziyada təmsil olunduğumdan həmin qurumda mətbuat xidmətinin rolunu qısaca qeyd etmək istərdim. Açığı təsəvvür edə bilmirəm ki, bu təsisat olmasaydı, işimiz necə qurulacaqdı. Mövcud mənada Bakı Dövlət Universitetinin də eyni adlı qurumunun müsbət işini qeyd etmək mümkündür. Təbii ki, bir sıra problem və çatışmazlıqlar da var. Ümid edirəm ki, bu kimi maarifləndirici tədbirlər onların aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaq».

Təlimləri hollandiyalı ekspertlər - Devid van der Huoven və Fred Gijbels aparıblar. Onlar «İctimai informasiya rəsmilərinin rolu və mövqeyi», «Media və vətəndaşlarla interaktiv ünsiyyət», «Hökumət informasiyasına açıq çatım və onun nəticələri», «İnformasiyaya açıq çatımın bəzi hüquqi aspektləri», «Böhran vəziyyətlərində necə işləməli» mövzularında fikir və təcrübələrini bölüşüb, iştirakçıların suallarını cavablandırıblar. Seminar çərçivəsində həmçinin iştirakçılara Azərbaycan Respublikasının Baş Prokurorluğu və Mətbuat Şurasının birgə hazırladıqları «Jurnalistlər üçün hüquqi terminlər lüğəti» kitabı da paylanılıb.

Qeyd edək ki, seminarda Daxili İşlər, İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər, Vergilər, Təhsil nazirliklərinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Dövlət Neft Şirkətinin, Dövlət Sosial Müdafiə Fondunun, “Azərsun Holdinq”in mətbuat xidmətlərinin nümayəndələri, eləcə də Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızıdan olan dövlət orqanlarının media ilə əlaqələrə məsul şəxsləri iştirak ediblər.







11 İyul, 2011  21:03 Baxılıb: 1362 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner