Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan üçün Dədə Qorqud fürsəti-MÜSAHİBƏ

Kamal Abdulla: “Kitabi-Dədə Qorqud” türkoloqların inhisarından çıxıb, germanşünasların da tədqiqat obyektinə çevrildi”

Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullanın Almaniyanın Mayns şəhərində keçirilmiş “Kitabi-Dədə Qorqud“ və “Nibelunqlar haqqında nəğmə“ - Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” adlı layihəsi ilə bağlı APA-ya müsahibəsi 

- Kamal müəllim, elə bu ayın əvvəlində Almaniyanın Mayns şəhərində “Kitabi-Dədə Qorqud“ və “Nibelunqlar haqqında nəğmə“ - Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” adlı layihəsi çərçivəsində II simpozium baş tutdu...

- Almaniyanın Maynz şəhərində ilk Avropa naşiri İohannes Qutenberqin adını daşıyan Universitetdə Azərbaycan filoloqları ilə Almaniya alimlərinin birgə konfransı keçirildi. Konfrans 10 il ərzində həyata keçirilməsi nəzərdə tutulan böyük bir layihənin ikinci mərhələsidir. Bu layihənin təməli üç il əvvəl qoyulub. O zaman Bakı Slavyan Universiteti alman həmkarlarımıza “Kitabi - Dədə Qorqud” dastanı ilə “Nibelunqlar haqqında nəğmə”nin müştərək öyrənilməsini təklif etdi. Onlar böyük məmnuniyyətlə buna razılıq verdilər. Bununla da biz Qutenberq adına Maynz Universiteti və Almaniyanın Osvald fon Volkenştayn Cəmiyyəti ilə birgə bu layihəyə başladıq. Bu 10 illik layihə əsasında 5 konfransın keçirilməsi nəzərdə tutulub. Onlardan birincisi “Kitabi - Dədə Qorqud” və “Nibelunqlar nəğməsi”nin dil xüsusiyyətlərinə həsr olunmuşdu və iki il bundan əvvəl Bakıda keçirildi. İkinci konfrans bu dastanların ədəbi xüsusiyyətlərinə həsr olunmuşdu ki, Maynz şəhərində baş tutdu. Üçüncü konfrans iki ildən sonra yenə də Bakıda keçiriləcək və bu qədim yazı abidələrinin kurturoloji aspektdən işıqlandırılmasına həsr olunacaq. Dördüncü konfrans yenə də Maynzda olacaq və dastanları tarixi nöqteyi-nəzərdən təhlil edəcək. Beşincisi isə sosioloji aspekt olacaq ki, mövzu əsas etibarı ilə müasir cəmiyyətin təsəvvüründə bu iki dastanın yeri barədə bəhs edəcək.

- Bu cür layihələrin həyata keçirilməsinin əhəmiyyəti nədən ibarətdir?

- Bu layihənin xüsusiliyini və əlahiddəliyini onda görürəm ki, ilk dəfə olaraq “Kitabi - Dədə Qorqud” dastanına geniş mənada qədim alman dili və ədəbiyyat mütəxəssisləri müraciət edirlər. Çünki onların tədqiqat obyekti olan “Nibelunqlar nəgməsi” və bizim tədqiqat obyektimiz olan “Dədə Qorqud” hər zaman sanki ayrı-ayrı sahələrdə bir-birindən aralı şəkildə öyrənilib. “Kitabi - Dədə Qorqud”u ilk dəfə dünyaya tanıdan 1815-ci ildə alman şərqşünas alimi Henri Fridrix fon Dits olub. Dits 195 il bundan öncə Almaniyada 1815-ci ildə öz əsərini yazdı, ilk dəfə olaraq “Kitabi- Dədə Qorqud” dastanlarına böyük qiymət verdi və yunan mifoloji süjetləri ilə müqayisə etdi. Ondan sonra italyan və rus alimləri də bu dastanı dünyaya tanıtmaqda işlər görüblər. Lakin buna baxmayaraq, gədim Ana Kitabımız yalniz şərqşünaslıq elmi çərçivəsində öyrənilib və geniş yayilmayıb. Bizim layihənin böyük əhəmiyyəti ondadır ki, biz onu bütün Qərb humanitar elminin tədqiqat obyektinə çevirə bildik. Artıq “Kitabi -Dədə Qorqud”a tək Qərb şərqşünasları deyil, həm də alman germanistləri müraciət ediblər və onu nibelunqlarla müqayisədə dərindən öyrəniblər. Beləliklə, “Dədə Qorqud”un Avropa cəmiyyətinə tanıtım sahəsi xeyli genişləndi. Bu layihə əslində germanistlərlə türkoloqların ilk təmas nöqtəsi idi. Buna görə də istərdim ki ölkəmizin geniş ictimaiyyəti Maynz şəhərində keçirilmiş konfransı və ümumilikdə bu 10 illik layihəni Azərbaycanın qədim mədəniyyətinin bayramı kimi dərk etsin.

- Sizcə, bu layihə “Kitabi- Dədə Qorqud” və “Nibelunqlar nəğməsi”nin birgə öyrənilməsinin geniş perspektivləri üçün də zəmin yaradacaqmı?

- Sözsüz ki, əlamətdar cəhətlərdən biri də ondan ibarətdir ki, əgər layihə başlayana qədər bu iki dastanın əsasən öz-özlüyündə öyrənilməsinə üstünlük verilirdisə, artıq son iki il ərzində onların müştərək şəkildə öyrənilməsinə üstünlük verilir və germanistlər “Dədə Qorqud”dan, Dədə Qorqudçular da “Nibelunqlar nəğməsi”ndən çox şeyi əxz edirlər. Bu iki dastan sanki bir-birinə kömək edərək tədqiqatçıların gözündə daha bütöv və daha dolğun mənzərə kəsb edir. İki ildən bir keçirilən bu konfransların elm üçün əhəmiyyətini bir daha vurğulayandan sonra bildirmək istəyirəm ki, ali məktəblər üçün də - həm Maynz, həm də Bakı Slavyan Universitetlərinin alimləri, eyni zamanda tələbələrimiz üçün bunun əhəmiyyəti böyükdür. Çünki biz öz işimizi konqresdən konqresə aparmırıq, biz öz işimizi konqreslər arası da aparırıq. Dəyirmi masalar təşkil olunur, tələbə konfransları keçirilir, hətta bizim kompleks məktəb-liseyimizdə də “Dədə Qorqud” və “Nibelunqlar nəöməsinə” həsr olunmuş müxtəlif tədbirlər təşkil olunur.

- Çox güman ki, bu cür layihənin qarşılıqlı təşkili həm də Azərbaycan və Almaniya arasında tələbə və müəllim mübadiləsi sahəsində də özünü göstərir...

- Bəli, tamamilə doğrudur. Almaniyadan bizə dərs deməyə müəllimlər gəlir, alman tələbələrini qəbul edirik və öz tələbələrimizi ora göndəririk. Elə bu məqamda bildirmək yerinə düşər ki, hazırda Bakı Slavyan Universitetinin filologiya fakültəsində alman professoru Doris Bölke dərs deyir. Ən maraqlı cəhətlərdən biri də birgə nəşrlərin hazırlanmasıdır. Bakı Slavyan Universiteti bu gün dünyanın bir çox universitetləri ilə birgə elmi əsərlər hazırlayır. Alman həmkarlarımızla hazırladığımız xüsusi buraxılış Osvald fon Volkenştayn Cəmiyyəti ilə birgə çox tanınmış alman dili alimlərinin iştirakı ilə çıxarılıb. Bu əvvəl qeyd etdiyim alman alimi fon Ditsin “Kitabi- Dədə Qorqud” dastanlarındakı “Təpəgöz” boyundan etdiyi tərcümənin 195 ilinə həsr olunmuş xüsusi buraxılışdır. Bu layihə eyni zamanda Şərqlə Qərb arasında mədəni və mənəvi dialoqun bir təzahür formasıdır. Bilirsiniz ki, bu gün bu istiqamətdə xeyli iş görülür. Artıq XVIII, XIX, XX əsrin əvvəllərindəki təsəvvürlər – “Şərq - Şərqdir, Qərb-Qərbdir və onlar heç zaman birləşə bilməz” kimi anlayışlar, Hipling dövrünün düşüncələri bu gün artıq özünü doğrultmur və Şərq və Qərb bu dialoq vasitəsi ilə birləşməyə cəhd edirlər. Bu baxımdan “Kitabi - Dədə Qorqud” və “Nibelunqlar nəğməsi” belə birləşdirici körpülərdən biridir. Oradakı süjetlərdə dil və üslub xüsusiyyətləri, ümumiyyətlə dastanlara xas olan bir çox cəhətlər iki xalqın qədim yazılı abidəsinin yaxınlığı barədə bir məxrəcə gəlməsi barədə danışmağa imkan verir. Buradakı motivlər bu dastanların hər ikisinin daha qədim ümumi kökə getməsini ortaya qoyur. Yunan dastanları, qədim slavyan, roman dastanları ilə müqayisədə bunu deməyə əsas verir və bu müstəvidə tədqiqat işləri alimlərimizi gözləyir.

- Yəqin ki, “Kitabi-Dədə Qorqud”la bağlı beynəlxalq layihələriniz bununla yekunlaşmayacaq. Gələcək planlarınızda nələr var?

- Biz “Kitabi-Dədə Qorqud” dastanımızın dünya dastanları ilə müqayisəsini davam etdirmək niyyətindəyik. Təkcə qədim german abidələri ilə deyil, eyni zamanda fransız, ispan, slavyan abidələri ilə bu dastanın müqayisəsini həyata keçirmək niyyətindəyik. İlk addımı biz atdıq və bu davamlı olacaq. Bu təkcə filologiyamız üçün deyil, ümumiyyətlə, mədəniyyətimiz üçün çox ciddi və faydalı bir addım oldu. Alman filoloji fikrinin bu gün üzdə və öndə olan simaları ilə bizim “Kitabi-Dədə Qorqud dastanlarını öyrənən alimlərimizin təması həqiqətən də son dərəcə ciddi bir hadisədir. Və alman həmkarlarımızın dediklərinə əsaslanaraq güman edirəm ki, bu hər iki tərəf üçün faydalı və maraqlı oldu. Təqdirəlayiq hal o idi ki, həm Azərbaycandan, həm Almaniyadan bu konqresin işində təkcə Maynz Universiteti və Bakı Slavyan Universitetinin alimləri bir-biri ilə görüşmədi. Azərbaycandan Dillər Universiteti, Bakı Dövlət Universiteti, Mədəniyyət və İncəsənət Universitetinin alimləri də bu sırada idi. Tədbirin Qərb aləmi üçün böyük elmi əhəmiyyətinin təzahürü ondadir ki, konfransa Amerikanın, Fransanın, Avstriyanın alimləri də qatılmışdırlar. Almaniya tərəfdən isə bu tədbirə Maynz Universiteti ilə yanaşı, Bonndan professor Karl Reixel, Bremendən professor Elizabet Linert, Saarbrükendən professor Volfqanq Haubrixs, Xemnitsdən Kristof Fasbender, Frankfurtdan doktor Regina Topfer, Vüzburqdan professor Ziqlinde Hartmann, Berlindən professor Ursula Şulze, Zalsburqdan Ulrix Müller qatılmışdı. Qeyd etmək yerinə düşər ki, Ulrix Müller alman germanşünaslarının sanki xaç atasıdır.

Azərbaycandan tədbirdə çıxış edənlərin arasında professorlar Rəhilə Qeybullayeva, Rəhman Bədəlov, Rəhilə Quliyeva, Telman Cəfərov, doktorlar Firəngiz Paşayeva, Rüstəm Rəsulov, Fərəh Cəlil, Telman Kazımov, BDU-nun türkologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, Dillər Universitetinin professoru Fəxrəddin Veysəlli və başqaları var idi. Son dərəcə sevindiricidir ki, Qərb alimləri ciddi şəkildə “Kitabi-Dədə Qorqud” dastanlarını öyrənərək və tədqiq edərək elm sahələri üçün ciddi nəticələrə gəlməyə çalışırlar.

Bu layihə dörd təşkilatçı tərəfindən həyata keçirildi. Bunlar Maynz Universitetinin qədim alman dili və ədəbiyyatı bölümünün başqanı professor, doktor Uta Ştörmer Kaysa, ikincisi Maynz Universitetinin türkoloji bölümünün başqanı professor, doktor Busoten, Volkenştayn Cəmiyyətinin sədri professor, doktor Ziqlinde Hartmann və mənəm.

Artıq əldə olunmuş elmi yeniliklər, tapıntılar, nəşr olunmuş toplular göstərdi ki, Bakıda və Maynzda keçirilmiş konfranslar özünü doğrultdu. Alman alimləri Bakıya gələn zaman təkcə müəllim və tədqiqatçılardan ibarət heyətlə gəlməmişdilər, eyni zamanda o heyətə 10-15 tələbə də qoşulmuşdu. Onlar bu işin önəmini öz tələbələrinə də aşılamağa çalışırlar. Çox sevinirəm ki, “Kitabi-Dədə Qorqud” türkoloqların inhisarından çıxıb, germanşünasların da tədqiqat obyektinə çevrilə bilir. Bu isə o deməkdir ki, “Kitabi - Dədə Qorqud” dastanları alman və dünya alimləri tərəfindən belə bir münasibətə hazır və layiq olduğunu bir daha sübut edir. Bu istiqamətdə biz gələcəyə addımlamalıyıq.

- 2013-cü ildə bu konfrans Bakıda keçiriləcək. Artıq bununla bağlı hazırlıqlara başlanıbmı?

- Bəli, dediyim kimi, bu konfrans növbə ilə Maynzda və Bakıda təşkil olunur. Biz artıq qayıdan kimi hazırlıq prosesinə başladıq. Dünən universitetimizdə geniş elmi ictimaiyyətin və tələbələrin iştirakı ilə dəyirmi masa keçirildi. İkinci simpoziumun təhlili və məruzələr hazırlanır. Bakıda keçirilmiş birinci simpoziumun materialları Azərbaycan dilində nəşr olunmuşdu. İndi isə alman alimləri bizə hədiyyə olaraq bu kitabı alman dilində çap etdilər. Artıq o kitab mənim masamın üstündədir və adini çəkdiyim dörd təşkilatçının redaktorluğu ilə hazırlanıb. Biz isə Almaniyada yenicə keçirilmiş II simpoziumun materiallarını Azərbaycan dilində nəşr edəcəyik.

Bir daha vurğulamaq istərdim ki, bu 10 illik layihə tək filoloji, tarixi-sosioloji hadisə deyil. Bu çox böyük kulturoloji əhəmiyyət daşıyan, Azərbaycanın qədimliyini, dərin mədəni irsini və ənənələrini Qərb düşüncə kontekstinə həkk etdirən bir elmi hərəkatdir! Bu da əslində Azərbaycanın Avropa ilə inteqrasiyası yolunda, milli ideyamız olan azərbaycançılıq prinsiplərinin geniş təbliğatı, ölkə imicinin dəstəklənməsi istiqamətində görülən önəmli işlərdən biridir. Məgər bu layihənin keçirilməsi yalnız Bakı Slavyan Universitetinin uğurudur? Əlbəttə ki, xeyr. Bu hadisə bu gün dünyada, Avropada ziyalı təbəqə, universitet ictimaiyyəti tərəfindən Azərbaycana olan marağın və diqqətin təzahürlərindən biridir. Biz bundan istifadə etməsək, deməli müəyyən bir fürsəti əldən vermiş olacağıq...

apa.az 






24 İyun, 2011  19:18 Baxılıb: 1475 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner