İlkin məlumatlara görə, Bakı buxtası üzərində tikiləcək körpü 1,8 milyard dollara başa gələcək.
Bu barədə Nəqliyyat Nazirliyinin İqtisadiyyat və nəqliyyat siyasəti şöbəsinin rəhbəri Sədrəddin Məmmədov deyib.
Onun sözlərinə görə, gələn ayın sonunadək Koreyanın "Dongsung Engineering" şirkəti Nəqliyyat Nazirliyinə yeni körpünün texniki-iqtisadi əsaslandırmasını, eləcə də layihənin təqdimatını təqdim edəcək. Bundan sonra layihə hökumətə təqdim ediləcək.
Layihə bəyəniləcəyi halda, building-operation-transfer prinsipi üzrə işləyəcək beynəlxalq konsorsium yaradılacaq. Bu, konsorsium tərəfindən körpünün hazırlanmasına, layihələşdirilməsinə, tikintisinə və istismarına vəsait qoyuluşunu nəzərdə tutur.
Məmmədovun dediyinə görə, yeni körpü qoyulan vəsaitləri ödədikdən sonra konsorsium onu Azərbaycana verəcək. Bu layihəyə Azərbaycan tərəfindən vəsaitlərin qoyulması nəzərdə tutulmayıb.
Nəqliyyat Nazirliyi nümayəndəsinin sözlərinə görə, layihənin hazırlanması prosesinə 2-3 il, tikinti prosesinə isə 3 il lazım ola bilər.