Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Seymur İsayev: "Qarabağın bərpasında yerli tikinti qurumları ilə yanaşı, dost və qardaş ölkələrin inşaat şirkətləri də çalışır"

Bu gün tikinti sektoru dünyada iqtisadi inkişafda və dayanıqlığının güclənməsində xüsusi yerə malikdir. Azərbaycanın tikinti sektoru da özünün yeni inkişaf mərhələsini yaşayır. Ölkədə həyata keçirilən əsaslı iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişaf etdirilməsi iqtisadiyyatın neft-qaz amilindən asılılığı getdikcə azalır. Bu gün Azərbaycanın yeni iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən birini inşaat sektoru təşkil edir. Bu sahənin inkişaf etdirilməsi yeni və uzunmüddətli iş yerlərinin yaradılması, inşaat materiallarının istehsalının stimullaşdırılması, tikinti materialları bazarında aktivliyin artması baxımından xüsusi əhəmiyyət daşıyır. Mebel səneyesi, aksessuar bazarı, bəzək əşyalarının satışı kimi bir çox sahələr dirçəlir.
Bu sahədə yüksək investisiya fəallığı da müşahidə olunur. 20 ilə yaxındır ki, Bakıda və bölgələrdə geniş həcmdə tikinti-abadlıq işləri görülüb. Tarixiliyi ilə yanaşı, müasirlik və gözəlliyi baxımından diqqətçəkən paytaxtımızda tikinti və şəhərsalma sahəsində nəhəng layihələr reallaş­dırılıb. Dünya memarlığının inciləri sayılan binalar inşa edilib. Bakı müasirliyin və klassikanın vəhdətini özündə birləşdirən gözəl bir şəhərə çevrilib. Dənizkənarı bulvarda, qədim İçərişəhərdə, eləcə də paytaxtımı­zın müxtəlif ərazilərində Şərq-Qərb memarlıq ənənələrini özündə yaşa­dan binalarda göz oxşayan bərpa və yenidənqurma işləri aparılıb.
Hazırda isə paytaxt Bakıda Prezident İlham Əliyevin xüsusi sərəncamına əsasən "Pilot layihə”lər həyata keçirilir. 1, 2,3 mərtəbəli, qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililər sökülərək yerində yeni beynəlxalq standartlara cavab verən yaşayış binaları ucaldılır. Layihələrin icrasında əsas məqsəd şəhərin xüsusən mərkəzi hissəsində yerləşən və görünüş cəhətdən paytaxta xələl gətirən həmin tikililərin tədricən sökülməsi və yerində müasir, yaşayış üçün tələb olunan məişət təminatlarını özündə əks etdirən binaların inşa edilməsidir. "Pilot layihə” Bakı şəhərinin gələcək inkişafı ilə əlaqədar olaraq hazırlanan ərazi planlaşdırma sənədlərindəki təklif və müddəalara uyğundur. Belə ki, "Bö­yük Bakının Regional İnkişaf Planı” və "Bakı şəhərinin ərazidən istifadə və zonalaşdırma planı” layihələrində xüsusi ərazilər müəyyənləşdirilib ki, hazırda həmin ərazilərin yenidən qu­rulması həyata keçirilir. "Pilot layihə” də onun formalarından biridir. Mövcud layihələr kompleks şəkildə özündə bütün infrastrukturun yaradılmasını nəzərdə tutur.
Bu gün işğaldan azad edilən ərazilərimizdə erməni vandallarının illərlə törətdikləri vəhşi əməllər hər addımda nəzərə çarpır. Viran qoyu­lan şəhər və kəndlərimiz, dağıdılan, təhqir edilən məscidlərimiz, yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin nə qədər barbar, vəhşi olduğunu göstərir. Qarabağda və ətraf rayonlarda azərbaycanlılara aid tarixi miras­ları viran qoymaqla xalqımızın bu ərazilərdəki mədəni kimliyinin itirilməsi məqsədi güdülüb. Düşmən bu torpaqlarda bütün milli izlərimizi silməyə çalışıb.
Erməni vandallarının xarabazara çevirdikləri yurdumuzun bərpası, sosi­al-iqtisadi dirçəlişi indi dövlətimizin qarşısında duran ən mühüm vəzifədir.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri sürətlə apa­rılır. İşğaldan azad edilən ərazilər möhtəşəm tikinti meydanı kimi diqqət çəkir. Düşməndən təmizlənən tor­paqlarda infrastrukturun yaradılması, vaxtilə mövcud olmuş magistralların yenidən qurulması və yeni yolların çəkilməsi xüsusi əhəmiyyət daşıyır.
Qarabağın bərpasında yerli tikinti qurumları ilə yanaşı, dost və qardaş ölkələrin inşaat şirkətləri də çalışır. Məsələn, Zəngilanda tikinti layihələrinin icrasında Çin, İsra­il, İtaliya şirkətləri çalışır, xüsusilə türkdilli ölkələr üçün geniş imkanlar yaradılır. Bu sahədə Türkiyə ilə daha çox səmərəli əməkdaşlıq həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələrinin, yolların tikintisində qar­daş ölkənin şirkətləri fəal iştirak edir.
Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərimizdə turizm, kənd təsərrüfatı, dağ-mədən və hasilat sənayesi, tikinti material­ları istehsalı, alternativ enerji kimi potensial sektorların yenidən can­landırılması və ölkə iqtisadiyyatına inteqrasiyası, habelə bölgədə yeni nəqliyyat-logistika dəhlizlərinin formalaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər Türkiyə, eləcə də digər türkdilli ölkələr ilə əlaqələrimizin genişləndirilməsində yeni perspektivlər vəd edir.
Ümumiyyətlə, Azərbaycan və Türkiyə arasında inşaat sektorunda kifayət qədər birgə əməkdaşlıqlar var. Şəhərsalma sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi üçün mühüm addımlar atılıb. "Ağıllı şəhər”lərin təşkili, inşaat işlərinin ərazi planlaşdırılması sənədlərinin tələblərinə uyğunluğu, şəhərlərin yenidən qurulması planlarının hazırlanması və sair kimi misallar göstərmək olar.

Seymur İSAYEV,
iş adamı, Sipark İnşaat şirkətinin rəhbəri






27 Dekabr, 2021  14:11 Baxılıb: 2660 Çap

Bu bölmədə


XƏBƏR LENTİ









15 Dekabr, 2021  10:29










11 Noyabr, 2021  12:55



28 Oktyabr, 2021  10:01










19 Oktyabr, 2021  09:38




18 Oktyabr, 2021  12:25



13 Oktyabr, 2021  10:49


12 Oktyabr, 2021  11:02

12 Oktyabr, 2021  10:37



12 Oktyabr, 2021  10:30

12 Oktyabr, 2021  10:27




sagbanner