Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Müşfiq Hətəmov borcları “yamayır”: İşdən çıxarılan əməkdaşlar etiraza qalxdılar

Kinorejissor Vaqif Mustafayevin rəhbərliyi dövrundə uçuruma qədər yuvarlanan “Space” MMC-nin Müşfiq Hətəmov tərəfindən layiq olduğu zirvələrə qayıdacağı xəbəri çoxunu sevindirmişdi. Cənab Hətəmov cibində siçovullar dolaşan televiziya və radio işçilərinin etimadını qazanmaq üçün bol oksigenli vədlərə xəsislik etmədi, məxaric tələb etməyən bütün “gəlişi gözəl” terminlərdən yararlandı. Bu prosesə el arasında “pambıqla baş kəsimi” deyilir.

Biçarə “Space”çilər uzun illər həsrətini çəkdikləri tərəqqi və analoqsuz yüksəliş məzmunlu “imla” və “inşa”lara artırılacaq gül-çiçək dolu abzasların real təsdiqini gözlədikləri halda, Hətəmov daha “orijinal” metodu tətbiq etdi: bütün işçiləri öz hesabına iki aylıq məzuniyyətə göndərdi. “İnkişaf” strategiyasının 2-ci “peredoz”unda isə, hamı bir nəfər kimi işdən azad olunması üçün ərizəsini yazmalıydı. Təsəvvür edin, ömrünün çox hissəsini “Space”-in inkişafına, ayaqda qalmasına fəda edən işçilər heç bir əsas gətirilmədən, heç bir təzminat almadan ərizə yazıb işdən çıxmalıydılar.

Düzü, “Space” MMC-nin keçmiş əməkdaşlarına olan maaş borcunun sıfırlanması birbaşa Müşfiq Hətəmovun qəbahəti və ya xətası da deyil. Yəni obyektivlik baxımından  qeyd etmək doğru olardı ki, teleşirkəti borc bataqlığına yuvarlayan Vaqif Mustafayev və onun komandası olub. Nə qədər müəmmalı səslənsə də, sabiq rəhbər heç nə olmamış kimi, mənimsənilən vəsaitin aqibətiylə bağlı hesabat vermək, yarğılanmaq əvəzinə, fundamental yaradıcılığıyla məşğuldur. Bu gün Müşfiq Hətəmov Vaqif Mustafayevin dağıtdığı və xarabaya çevirdiyi şirkəti hansısa yolla dirçəltməyə çalışır, televiziyanın böhranlı vəziyyəti üçün fantastik məbləğ kimi görünən borcları “yamayır”. Fəqət, bunun keçmiş əməkdaşlara nə aidiyyəti var? Maaşlarını tələb etmək onların ən doğal haqqı deyilmi? Yığışıb Müşfiq müəllimi döyəsi deyillər ki...

Vaqif Mustafayevin “Space” MMC-nin rəhbəri olduğu dövrdə dönə-dönə, yorulmadan işlətdiyi “Bura Heydər Əliyevin kanalıdır” cümləsi öz təzahürünü bu cür tapmalıydımı? Ümummilli Lider həyatda olsaydı, Vaqif Mustafayevi və bu gün keçmiş işçilərin əsəbləriylə oynayan Müşfiq Hətəmovu bağışlayardımı?

“Space” radiosunun işdən səbəbsiz çıxarılan səs rejissoru Eldar Məmmədli iki azyaşlı uşağıyla acınacaqlı durumdadır. Baş vurduğu işlərin heç birindən müsbət reaksiya ala bilmir: “Yaman yerdə axşamladıq. Biz gözləyirdik ki, yeni rəhbər pozulmuş hüquqlarımızı, itirilmiş haqqımızı bərpa edəcək. O isə, qaş dura-dura, vurub gözü də çıxardı. Uzun illər mən Sumqayıtdan radioya təpik döydüm. Aylarla gecikən maaşa birtəhər sinə gərdim. Artıq vəziyyət o həddə çatmışdı ki, öz aramızda lotereya oynayırdıq. İnsan heysiyyatıyla, insan taleyi ilə belə amansızca oynamazlar. Günahdır.”

Daha bir haqqı tapdanan işçilərdən biri isə, “Space” radiosunun keçmiş musiqi redaktoru Şəbnəm Nəhmədovadır: “Əlimiz hər yerdən üzülüb. Heç olmasa, şirkət bizə olan maaş borcunu tam ödəsə, ora-bura olan borclarımızı bağlayarıq. Heç kimə sirr deyil ki, bu gün hər kəs işlərini kreditlə sahmana salır. Lətifəsi bizdən uzaq, “toyuğun dənini verib, sonra “kişşş” etmək lazımdır.”

Vaxtilə “Space” radiosunda prodüser vəzifəsində çalışmış Rəvanə İntiqamqızı isə bunları deyir: “Xəbərdarlıq etmədən uşaq kimi aldadıb, işdən çıxardılar. Indi heç harda iş tapa bilmirik. Yeni işçilərin üstünlükləri nədir ki? Onlar bizim edə bilmədiyimiz nəyi edirlər?”

19 il radioda xəbər aparıcısı işləmiş Famil Məcidli də gileylənənlər sırasındadır: “Bu radioda həyatımın ən gözəl illərini keçirdim. Məqsəd kimisə baltalamaq və fəaliyyətini qaralamaq deyil. Haqqım olanı istəyirəm. “Space” Teleradio Şirkəti üçün tək aparıcı olmamışam. Müxtəlif layihələr hazırlamışam. Sonda lazımsız şifoner kimi çölə atılmaq, taleyin ümidinə buraxılmaq qarşı tərəfin qeyri-peşəkar davranışıdır. Televiziya mütəxəssisləri fikrimlə razılaşarlar, bir sanballı kadr hazırlamaq - uzun illərin əziyyətidir. Mənə və iş yoldaşlarıma qarşı oyun oynanıldı. O kişiyə “əhsən” deyərdim ki, daha yaxşı kadrlardan ibarət komanda qura bilsin. Qura bilmədi axı... “Çevir tatı, vur tatı.”

Həqiqətən gözləntilər özünü bir o qədər də doğrultmadı. “Space” TV-nin “rebrendinq” haray-həşiri ucuz Çin fişəngi kimi xırda qığılcım yaradıb, yenidən söndü. Bunu efir səbətinə düzülmüş “təkrarçı” və licimsiz layihələr də təsdiqləyir. Müşfiq Hətəmovun götürdüyü istiqamət yenə də Vaqif Mustafayev “yaradıcılığı”nın sahillərinə yan alır. Səbəbi öyrənmək üçün isə, nə görkəmli alim və ya dosent olmağa gərək duyulmur. Ölünü diriltmirlər, basdırırlar.

Simsar.az






22 Noyabr, 2021  18:25 Baxılıb: 5607 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner