Qazaxıstan Milli Əlifba Komissiyası 2023-2031-ci illlərdə tədricən tətbiq ediləcək Latın hərflərinə uyğunlaşdırılmış yeni qazax əlifbasını təqdim edib. Türkiyənin “Hürriyyət” nəşrinin məlumatına görə, təqdimat Baş nazir Askar Maminın sədrliyi ilə keçirilən toplantıda baş tutub.
“Əlifbanın təkmilləşdirilmiş versiyası qazax dilinin yayılmasına yeni bir təkan verəcək və müasirləşməsinə kömək edəcək”, - deyə A.Mamin bildirib.
İclasda qeyd olunub ki, Əhməd Baytursunov adına Dilçilik İnstitutu tərəfindən hazırlanan əlifba "bir səs-bir hərf" prinsipinə əsaslanır.
Latın hərflərinə uyğunlaşdırılmış yeni qazax əlifbasında 9-u sait olan 31 əsas hərf var. Ancaq əlifbaya daxil olmayan “x” və “w” kimi hərflər xarici mənşəli sözlərdə istifadə ediləcək.
Bundan əlavə, Qazaxıstan türkcəsinə aid bəzi səslər cüt nöqtəli, uzantı, çəngəl və qısaltma işarəsi kimi işarələrlə müəyyənləşdiriləcək.
Sözügedən əlifbanın hazırlanması prosesində 40-dan çox nümunə araşdırılıb. Həmçinin yeni əlifba ilə yazma və oxuma barədə sorğular aparılıb.
Qeyd edək ki, 1940-cı ildən bəri Kiril əlifbasından istifadə edən Qazaxıstan 2017-ci ildə tədricən Latın əlifbasına keçməyə qərar verib.