Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

19 il Çingiz Mustafayevsiz - siz onu necə xatırlayırsınız?

Azərbaycanın Milli qəhrəmanının ölümündən 19 il ötür

İyunun 15-i Azərbaycanın Milli qəhrəmanı Çingiz Mustafayevin ölümündən 19 il ötür. Azərbaycanın məşhur telejurnalisti 1992-ci ilin iyun ayının 15-də Dağlıq Qarabağın Naxçıvanik kəndində qızğın döyüşləri lentə alarkən aldığı mərmi qəlpəsindən həlak olub. O, son anınadək kameranı söndürmədi. Bu dəfə biz Çingiz Mustafayev haqqında danışmayacağıq. 

"Siz onu necə xatırlayırsınız?" məhz bu sualla biz Azərbaycanın ictimai-siyasi, elm və mədəniyyət xadimlərinə, eləcə də sadə vətəndaşlara müraciət etdik.

Mais Məmmədov - Azərbaycanın əməkdar jurnalisti

-Onun valehedici gülüşü, bizim çoxumuzda çatışmayan Vətənə olan böyük məhəbbəti və şücaəti əbədiyyətə kimi mənim yaddaşıma həkk edilib. Çingiz Mustafayevin bu keyfiyyətləri onun hətta düşmənləri tərəfindən belə hörmət qazanmasına gətirib çıxarmışdı. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan keçmiş azərbaycanlı həmkarı Ayaz Mütəllimovla Moskvada görüşən zaman Çingiz Mustafayevin şəhid olması ilə əlaqədar ona başsağlığı verdiyini bəlkə də çoxları bilmirlər.

Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə, həm də Çingiz Mustafayevin xatirəsinə, onun vətənpərvərliyinə, qorxmazlığına həsr edilib. Əgər Çingizin jurnalist bacarığı, lentə aldığı kadrlar olmasa idi, dünya ictimaiyyəti heç vaxt erməni qatillərinin törətdiyi vəhşiliklərdən xəbər tutmazdı.

Deyirlər ki, insan nə qədər xatırlanırsa, bir o qədər o bizim qəlbimizdə yaşayır. Əminəm ki, həm Çingiz Mustafayev, həm də Vətən uğrunda canından keçən hər kəsin xatirəsi əbədiyyən yaşayacaq. Allah ona rəhmət eləsin!

Rasim Musabəyov - millət vəkili

Çingiz Mustafayev Günəşin bir işığı idi. O, vətənpərvər, cəsarətli və eyni zamanda çox bacarıqlı bir jurnalist idi. Mənim xatirəmdə Çingiz Mustafayev ilk növbədə vətənpərvər və Vətən uğrunda heç nəyini, hətta canını belə əsirgəməyən, hər şeyini qurban verməyə hazır bir insan kimi qalıb. Təəssüf ki, o, həyatdan belə tez köçdü. Allah ona rəhmət eləsin!

Mübariz Qurbanlı- millət vəkili, YAP-ın icra katibinin müavini

-O mənim yaddaşımda Azərbaycan xalqının maraqlarını yüksək səviyyədə qorumağa qadir vətənpərvər insan, peşəkar jurnalist, xeyirxah vətəndaş kimi qalıb. Çingiz Mustafayevi həmişə televiziyadan müşahidə etmişəm. Münasibətlərimiz "salam"dan o tərəfə ötməyib. Ancaq onun Qarabağ barədə hazırladığı reportajlar vətənpərvərliyi olmayan istənilən adamda belə bu hisslərin coşmasına səbəb olur. Xüsusilə, Xocalı faciəsini Azərbaycanın dünya ictimaiyyətinə çatdırması yönündəki xidmətləri əvəzsizdir və hesab edirəm ki, o, yaddaşlarda qəhrəman övlad, xeyirxah insan kimi qalacaq.

Anar - xalq yazıçısı

-Çingiz Mustafayevi mən əsl peşəkar jurnalist və qeyrətli Azərbaycan oğlu kimi tanıyıram. Düzdür? onunla yaxından tanış olmasam da, onun fəaliyyətini, Qarabağ müharibəsində lentə aldığı kadrları görmüşdüm. O, qəhrəman kimi yaşadı, qəhrəman kimi də həlak oldu. Mən ona Allahdan rəhmət diləyirəm!

Amaliya Pənahova - xalq artisti

-Çingiz Mustafayev deyəndə ilk növbədə müstəqil Azərbaycanın qəhrəmanı yada düşür. Hələ sovetlər, müstəqillik dönəmində onun fəaliyyyəti bizim gənclərimizə örnək olub. Gənclikdə olan bütün yeniliklər Çingizin adı ilə bağlı idi. İstər gənclərin asudə vaxtlarının keçirilməsi, istər erməni işğalında olan torpaqlarımız uğrunda gedən döyüşlərdə onun ilk olaraq döyüş meydanına atılması. Çingiz Mustafayev mənin gözümdə qəhrəmanlıq rəmzidir. Mən fəxr edirəm ki, Azərbaycanın Çingiz Mustafayev kimi oğulları olub. Mən onunla şəxsən tanış idim. Biz onunla bir neçə məqamda, ayrı-ayrı yerlərdə, iş başında görüşmüşük, ünsiyyətdə olmuşuq. Tərbiyəli, savadlı, vətənpərvər, millətini, vətənini hər şeydən uca tutan, sevən insan idi. Onun barəsində ən gözəl sözləri demək olar. Təəssüflənirəm ki, Çingiz kimi oğullarımızı müharibə uddu. Amma Çingiz qərhəmandır. O bizim gəncliyimizə, millətimizə örnəkdir. Allah ona rəhmət eləsin!

Çingiz Abdullayev - xalq yazıçısı

-Mən onu yaxşı tanıyırdım. Çünki o vaxt o, digər jurnalistlərdən cox fərqlənirdi. Birincisi, o, çox düşüncəli, peşəkar insan idi. Bir şeyi araşdıranda dərinə getməyi, yoxlamağı, gedib baxmağa çalışırdı. Hər adamın hünəri deyildi, Moskvaya gedib, bizi sevməyən adamlarla görüşürdü. Mən həmişə ona ehtiyatlı olmağı məsləhət görürdüm. Yaxşı mənada o çox qorxusuz adam idi. Onun vəfatından indi 19 il keçib. Milli qəhrəmandır. Tanınmış adam olanda hamı sənin dostun olur. Mən deyə bimərəm ki, biz yaxın dost idik. Ancaq biz çox yaxşı tanış idik, bir-birimizi anlayırdıq. Dəfələrlə məndən müsahibə götürüb.

Onun Xocalı faciəsini çəkməsi əsl qəhrəmanlıq, əsl jurnalist faktıdır. Mən hesab edirəm ki, əgər o, bundan başqa heç nə etməsəydi belə bu kadrlarla bizim qəhrəmanlıq tariximizdə qalacaqdı. Çingiz Mustafayev lentə aldığı üçün erməni canavarlarının vəhşilikləri tarixdə qalacaq.

Mən istərdim ki, indiki cavan jurnalistlər ona oxşasınlar. İndi onun adına çox gözəl mükafat var. Ancaq ondan əlavə mən istərdim ki, gənc jurnalistlərimiz onun haqqında daha çox bilsinlər, onun necə işlədiyini, güllə altında necə çəkilişlər etdiyini öyrənsinlər. O, əsl peşəkar jurnalist idi. Mən istərdim ki, onun kimi qəhrəmanlarımız, jurnalistlərimiz çox olsun. Mən onun belə cavan yaşda həlak olmasına təssüflənirəm. Allah ona rəhmət eləsin!

Fəxriyyə Xələfova - modelyer

-Mən həmişə təəssüf etmişəm ki, Çingiz Mustafayevi yaxından tanımamışam. Onun gördüyü işlər misilsizdir. Hamımız gözəl bilirik ki, bu cəsur insan Vətən uğrunda şəhid olub. O bizim Milli qəhrəmanımızdır, çox istedadlı, cəsur, fədakar, qəhrəman bir insan olub. Ümumiyyətlə belə keyfiyyətlərin bir insanda toplanması nadir haldır. İnsan istedadlı, vətənpərvər ola bilər. Ancaq çox keyfiyyətin bir yerdə cəmlənməsi həmin şəxsin parlaq olmasından xəbər verir. Əfsuslar olsun ki, onunla şəxsən tanış olmamışam. Ancaq həmişə onun haqqında material, film və ya verilişləri diqqət və maraqla izləyirəm. Çünki o bizim ölkəmizin Milli qəhrəmanıdır, fədakar insan, parlaq simasıdır.

Çingiz Mustafayev həmişə Azərbaycan vətəndaşının qəlbində olacaq. Heç kim onun gördüyü işləri unutmayacaq. Artıq neçə nəsil yetişib və hamı xatırlayır və xatırlayacaq. Ümumiyyətlə belə insanlar ölməzdirlər, əbədidirlər. Onlar hafizələrdə, ürəklərdə beyinlərdə yaşamağa davam edirlər. O, gənclərimiz üçün bir örnəkdir, nümunədir. Mən inanıram ki, minlərlə gənc ona bənzəmək istəyir, hər kəs onun həyat yolunu səhifələyəndə özü üçün ibratəmiz bir fakt tapır. Məncə, Çingiz Mustafayev hamının qəlbində əbədi qalacaq.

Fərid Mansurov – olimpiya çempionu

-Çingiz Mustafayev bizim Milli qəhrəmanımızdır. Onun Qarabağ müharibəsindən, döyüşlərdən lentə aldığı kadrlar erməni vəhşiliyinin nəinki Azərbaycan xalqına, bütün dünyaya çatdırılmasında böyük rol oynayıb. Onlar dünya miqyasında erməni vəhşiliyinin, onların törətdiyi qırğınların sübutudur. Çingiz Mustafayev bu acı həqiqəti bütün dünyaya çatdıran insan olub.

Damarında təmiz qan axan hər bir azərbaycanlı, o cümlədən mən onun ruhu qarşısında baş əyməliyik. O, hər kəsin qəlbində yaşayacaq. Allah ona rəhmət eləsin!

Polad Qasımov - sadə vətəndaş

-Çingiz Mustafayev Azərbaycanın Milli qəhrəmanı, peşəkar jurnalisti, istedadlı musiqiçisi, igid oğullarından biridir. Mən onunla şəxsən tanış deyildim. Bu gün buna çox təəssüflənirəm. Onun Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə çəkdiklərinə həyəcansız baxmaq mümkün deyil. Çingiz Mustafayevin lentə aldığı kadrlar sayəsində dünya ictimaiyyəti erməni vandallarının azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən xəbər tuta bilirlər. O, vətən, torpaq millət uğrunda hər şeyini, hətta canını belə fəda verməyə hazır idi və bu yolda da həlak oldu. Çox təəssüf olsun ki, bu gün hər bir Azərbaycan gənci üçün örnək ola biləcək belə istedadlı, vətənpərvər insanı biz çox tez itirdik. Allah ona rəhmət eləsin!






14 İyun, 2011  19:50 Baxılıb: 3307 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner