Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

AĞSUDAN İSMAYILLIYA - REPORTAJ - FOTOSESSİYA

"Qala"-dan Kirovkaya

...Narın yağış yağır, hava şaxtalıdı . İsti evdən eşiyə çıxmaq adamdan həvəs istəyir. Yox, həvəssiz deyiləm, sadəcə sübh tezdən yuxudan durmağa bir az tənbəllik edirəm...Saat 8-də fotomüxbirimiz Əjdərlə vədələşdiyimiz yerdə görüşürük. Bu dəfə səfərimiz Ağsuyadı. Yolçu yolda gərək...

Ağsunun əsası 1735- ci ildə qoyulub, 1967 -ci ildə şəhər statusu alib. Coğrafi mövqeyinə görə isə Şirvan düzü və Böyük Qafqazın ətəklərində yerləşir. Gözəl mənzərəsi və əlverişli iqlimi var .Ərazisindən Girdimançay və Ağsuçay axır. Yolu məşhur Ağsu aşrımından keçir. Həmin yol əlverişiz olduğundan İpək yolu ilə getdik. Buna baxmayaraq, Ağsu aşrımından danışmaq istəyirəm. Uzunluğu 14 km -dir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən 900 metr yüksəklikdədir. Aydın havada buradan ətrafa tamaşa etməyin ayri ləzzəti var. Belə də gözəl mənzərə olar?.. Dumanlı vaxtlarda isə adam özünü buludların arasındakı kimi hiss edir... Bir dəfə şahidi olmuşam. Bu gün getdiyimiz yol rahat olsa da vaxtımızı aldı. Həm də heç bir mənzərə olmadığından bir qədər maraqsız gəldi... Nəvahi keçid məntəqəsində polislər maşınımızı saxladıb sənədləri yoxladılar. Sonra “yaxşı yol” dilədilər . Gözləməsək də bu, həqiqətdir. Nəhayət , Ağsuya çatdıq. Yağış yağmışdı, küçələr palçıq içində idi. Amma sakinlər arasında bir canlanma vardı, küçələrdə, təmir gedirdi. Səfərimizin əsas məqsədi camaat arasinda “Qala” adlanan şəhərə getmək idi.

Soruşa-soruşa

Məlum olduğu, kimi ötən il rayonun Ülgüc kəndi ərazisində XVII əsrə aid şəhər qalıqları aşkar edilib. Arxeoloqlar buranı rayonun 300 il əvvəlki yeri sayır və bildirirlər ki, qazıntıların davam etdirilməsinə zərurət var. Məqsəd isə XVII-XVIII əsr Azərbaycan şəhərinin sosial-iqtisadi və mədəni həyatının tarixi məqamlarını araşdırılmaqla bərabər, turistlərin bura cəlb olunmasıdır. Axtardığımız məkanı soraqlaya-soraqlaya tapdıq. “Qala”-da bizi təlimatçı Cabir Osmanov qarşıladı. Gəzə-gəzə Cabirlə xeyli söhbət etdik. Həmsöhbətimizin sözlərinə görə, arxeoloqlar qazıntılara ötən il mayın əvvəllində başlayıblar. Tədqiqatlar təxminən 2 hektar ərazini əhatə edir. Mütəxəssislər ilkin olaraq qala divarlarının qalıqlarını, şəhərin daxili infrastrukturunu, hamam və başqa məişət obyektlərini müəyyənləşdiriblər.


" Həm binaların içində, həm də kənarında ocaqların və təndirlərin aşkar olunması burada əhalinin sıx yaşadığını üzə çıxarır. Qazıntılar zamanı çox sayda maddi-mədəniyyət nümunələri mis, metal, şüşə, dəmir, saxsı məmulatlardan ibarət qablar aşkar olunub”- deyən Cabir Osmanov xeyli miqdarda kirəmit qırıqlarının aşkar olunduğunu bildirdi, şəhərdə kanalizasiya və su xətlərinin tapıldığını söylədi.

“Qala”nı Nadir şahın tikdirməsi haqda da məlumat var. O, Şamaxını dağıtdırır, yaxınlıqdakı düzəngahda böyük bir qala tikdirir: “Bura öz ərazisinə görə Azərbaycanın başqa qala şəhərlərindən fərqlənir. Şəhər ərazisi düzbucaqlı formada olmaqla, təqribən 34 hektar sahəni əhatə edir. Ətrafı dərin xəndək və val şəklində olan çox möhtəşəm müdafiə sistemi ilə möhkəmləndirilib. Burada əsasən çay daşlarından, bişmiş və çiy kərpiclərdən, qaya daşlarından material kimi istifadə olunub.”

Təlimatçı bildirir ki, bura XVIII əsrin sonunda Şirvan xanlığının paytaxtı olub. Tez-tez hücumlara da məruz qalıb. Tədqiqat nəticəsində məlum olub ki, qazıntı sahəsinin mərkəzindən daş döşəməli şəhər küçələrindən biri keçir. Küçənin 5 m cənubunda şəhər meydanlarından biri üzə çıxıb. Meydanın cənubunda boyaq dükanı, onun anbarından 5 ədəd iri boyaq küpü və 1 ədəd su küpü tapılıb. Boyaq küplərinin divarında və ətrafında qırmızı boyaq izləri var. Boyaq dükanından saxsı məmulatı, şüşə qablar da aşkar edilib. Tapılmış geyim hissələri, yumaqlar, düymələr, qayçı, oymaqlar, möhür, metal tikmələri buranın tikiş dükanı olduğunu göstərir. Döymə üsulu ilə çox incə hazırlanmış ürək formalı və insan təsvirli metal lövhə bəzək elementi kimi geyim üzərinə tikilirmiş. Yeri gəlmişkən, həmin bəzək əşyası Ağsu arxeoloji ekspedidsiyasının loqosu kimi qəbul edilib. Dəmirçi sexində sümük ustası və misgər də fəaliyyət göstərib. Sümükdən əsasən xəncər və bıçaq dəstləri, bəzək əşyaları və düymələr düzəldilib. Misgər isə mis əşyalar düzəltməklə yanaşı, mis pullar da kəsib. Şəhər küçəsinin şimalında isə çörək tələbatının böyük bir hissəsini ödəmək gücündə olan iri təndirlər, çörəkxanalar, ocaq qurğuları aşkar olunub. Bu təndirlər həm də müxtəlif yeməklərin bişirilməsində də istifadə olunurmuş.Bunu buradan tapılmış iri və xırda buynuzlu heyvan sümükləri də təsdiq edir. Təndirlərin bəziləri qalın , bəziləri isə nazik divarlıdır…

İvanovka kolxozu öz qanunlarıyla

C.Osmanovla söhbətimizi yekunlaşdırıb Ağsuya qayıtdıq. Yeməkxanaların birində nahar etdik və İsmayıllının “İvanovka” kolxozuna yola düşdük. Bəh-bəh, şair demiş ,qarşımda gözəl səhnə canlandı. Mənzərəli yolla İvanovkaya qalxdıq. Kolxozun ərazisində “ Zibil atan 1000 azn cərimə olunur...” löhvəsi diqqətimi çəkdi.
Başqa bir aləmə düşmüşdüm. Özümü əsl rus kəndində hesab edirdim. Hər yanda gözəllik, səliqə-səhman... Adamları da şirin,mehriban. Təbii ki, buranın öz qayda- qanunları var. Reportaj etmək üçün icazə almaq lazım idi. Üz tutduq kənd sovetinə. Sədrlə alınmasa da, icra hakimiyyətinin nümayəndəsi Olqa Jabina ilə görüşdük. Bizi xüsusi qonaqpərvərliklə qarşılaqı , orada belə atüstü reportaj hazırlamağımızın mümkünsüz olduğunu bildirdi. Ancaq kolxozun içində bir neçə şəkil çəkməyimizə icazə verdi. Bizi qarşıdan gələn Paska bayramına dəvət etdi. Əgər qismət olsa, malakanların bu bayramına ğedəcəyik. Hazırlayacağımız böyük reportajı da həmin vaxt təqdim edərik. İndi isə Bakıya qayıtmağın vaxtıdır...

İradə Nurəddinqızı







13 İyun, 2011  17:07 Baxılıb: 2882 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner