Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yevgeni Simonaxin: “İmam Hüseyn, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq milyonlarla insanı birləşdirir”

Yevgeni Simonaxin 1986 – cı il 21 fevralda Moskva şəhərindən 100 km kənarda sadə rus ailəsində dünyaya gəlib.  Fransız və ingilis dili müəllimidir. 2 qız atası Yevgenini ilk dəfə Hava Limanında Kərbəlaya Ərbəin ziyarətinə gedən zaman gördüm. Hamı kimi mənim üçün də qəribə gəldi, necə olub ki, Yevgeni bu ziyarətə getmək qərarına gəlib? Ziyarət ərəfəsində fürsət olduqca, onu kənardan izləsəm də ona veriləcək çox suallarım var idi. Qərara gəldim ki, özündən müsahibə üçün izn alım. Təklifimi qəbul etdi. Kərbəlayi Yevgeninin Ərbəin ziyarətindəki təəssüratları...

- Yevqeniy necə oldu ki, Kərbəlaya getmək, İmam Hüseyni ziyarət etmək fikrinə düşdüz?

- Gözəl sualdır. Bu fikir ağlıma 1 il əvvəl gəlmişdi. İmam Hüseyn haqqında çox eşitmişdim. Daha dəqiq onun haqqında çox danışmışdılar mənə. Xüsusilə mənim üçün Ərbəin ziyarəti maraqlı idi. Mən bu ziyarətlə bağlı videoçarxlara baxmışdım. İnana bilmirdim, necə milyonlarla insan bu yolu gedirlər. Və istədim bütün bunları öz gözlərimlə görüm.

 

 

"...doğrudan da Allahın Aslanının qarşısındayam..."


- Qeyd etdiniz ki, Sizə İmam Hüseyn haqqında danışmışdılar. Bəs o vaxta qədər İslam dini, sonuncu peyğəmbər və  onun ailəsi haqqında məlumatınız var idi?

- Bəli, mənim İslam dini, onun elçisi haqqında məlumatlarım var idi. Əvvəla onu bildirim ki, mənim çox gözəl yaddaşım var. Hətta ən xırda və ötəri məsələləri də yadımda saxlayıram. İslam peyğəmbəri və onun ailəsi haqqında oxumuşdum.  İsa peyğəmbər deyib, məndən sonra peyğəmbər gələcək, ona inanın və qəbul edin. Qurani – Kərimdə İsa peyğəmbər, haqqında surənin, Məryəm surəsinin olduğunu da bilirəm. Əgər İsa peyğəmbər deyibsə ondan sonra peyğəmbər göndəriləcək biz bunu necə qəbul etməyə bilərik. Mən bu düşüncələrimlə həmişə özümlə tək qalanda danışırdım. Qənaətə gəldim ki, hər şeyi öz gözlərimlə görüm. Eyni zamanda bir – iki nəfərdən aldığım məlumatlarla kifayətlənməyim. Çox sayda fərqli insanlarla görüşüb, onları dinləmək məlumatlar toplamaq istəyirdim. Din çox böyük həssaslıq tələb edir. Hər deyilənə inanmamalısan. Ən doğru olanı öz gözlərinlə görüb eşitmək, və məntiqinlə analiz etməkdir. İnsan Allaha doğru yol alanda şeytan onun yanına daha çox yaxınlaşır. Ən çox inanclı insanı belə şeytan yolundan azdırmağa qadirdir. Buna görə də çox diqqətli olmaq lazımdır.

- Biz ilk Bağdad aeraportuna endik, və ilk ziyarət etdiyimiz 7 – ci imam Museyi Kazımla  9- cu İmam Məhəmməd Tağı oldu. İsti ərəb ölkəsində ilk dəfə keçirdiyiniz hisslər və təəssüratlar çox maraqlıdır...

- Yolboyu mənimlə bərabər ziyarət edən insanlara baxıb, özümə və Allaha bu sualı verirdim. “Onlar niyə bura gəliblər?”, “Burada hansı  qüvvə var?”  “Səbəb nədir?” “Onları bura çəkən nədir?” “Niyə onlar hamısı ağlayırlar?”

- Daha sonra biz Nəcəf şəhərində İmam Əlini ziyarət etdik. Müəllimim həmişə deyərdi Hz.Əli bəşəriyyətindir. Sizi fürsət olduqca kənardan izləsəm də hansı hissləri keçirdiyinizi bilmək istəyirdim...

- Biz İmam Əlinin Kufə şəhərindəki evində də olduq. Özünün, övladlarının yaşadığı evi gördüm. Mən eşitmişəm İmam Əli haqqında ona Allahın Aslanı deyirlər. İlk hisslərim o oldu ki, sanki doğrudan da Allahın Aslanının qarşısındayam. Qəribə bir cazibə hiss etdim. Mənə hələ çox zaman lazımdır gördüklərimi analiz etmək üçün. Bu 10 gündə gözlərim sanki fotoaparat obyektivi idi. Hər şeyi çəkib yaddaşıma ötürüb. Geri qayıdandan sonra mən dəfələrlə yaddaşımdakı foto və videolara təkrar-təkrar bir daha baxacam.

 


"İmam Hüseyn 14 əsr əvvəl şəhid olub ki, biz insan olaq..."

 

- İmam Hüseyni ziyarət etməmişdən əvvəlki düçüncələrinizlə sonrakı düşüncələriniz çox maraqlıdır.

- İmam Hüseyn mənim üçün bir qəhrəmandır, və elə də qalacaq. Hansısa rəssamın təxəyyülü ilə çəkilmiş rəsmini gördüm, həyatı haqqında oxumuşam. Yeri gəlmişkən mənim atam da 54 yaşıda dünyasını dəyişib.  Güclü,  ədalətli, cəsur və böyük şəxsiyyətdir. Mən imam Hüseyn haqqında bu cür düşünürdüm. Ziyarətimdən sonra isə düşüncələrimin isbatını tapdım, əmin oldum.

- Kərbəla hadisəsi və İmam Hüseynin özü sizcə insanlara və insanlığa hansı mesajları ötürür?

- Rusiyanın tanınmış müğənnisi Lev Leşenkonun “Qələbə günü” adlı bir mahnısı var. Mahnı Böyük Vətən Müharibəsində qazanılan qələbəyə həsr olunub. Mahnının sözlərində deyilir ki, bu gün qələbə günüdür, bu gün bayramdır, bu gözlərdən axan yaşlarla yaşanan sevincdir. Bu gün həmin qələbə gününü biz qeyd edirik, həmin günü görənlərdən də həyatda olanlar var hələ, övlad və nəvələri də var. Amma bilmək olmaz 100 ildən sonra 1945-ci il qələbəsi qeyd olunacaq ya yox. Kərbəla hadisəsinə mən İmam Hüseynin Qələbə Günü deyərdim. Bəli, həmin gün İmam Hüseyn qələbə qazanıb. Biz bu günü yalnız matəm kimi yox, eyni zamanda qləbə bayramı kimi də qeyd etməliyik.   14 əsr əvvəl baş vermiş bir hadisə tarixdə baş verən digər hadisələrdən fərqli olaraq hələ də qeyd olunur, insanlar göz yaşları ilə, eyni zamanda sevinclə qeyd edirlər o günü. İmam Hüseyn 14 əsr əvvəl şəhid olub ki, biz insan olaq, insan kimi yaşayaq.  O bu qəhrəmanlığı ilə dini qorudu. 14 əsrdir O, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq milyonlarla insanı birləşdirir.

- Sizcə bu möcüzə deyilmi?

- Əlbəttə möcüzədir. Mənə təəccüblü gəlirdi necə ola bilər kiçik bir şəhərə 30-40  milyon insanın eyni vaxtda gəlməsi? Bunun izahı yoxdur. Hər kəs qidalanmalı, yuyunmalıdır. Bunu necə tənzimləmək olar axı? Yolboyu gecə və gündüz yol geden insanların ardı-arası kəsilmirdi. Və onlar hamısı həmin kiçik şəhərə gedirdilər.

 


"Kövrəldim, ağladım, utandım..."


- Yolboyu gördüyünüz o milyonlarla insan dünyanın 4 bir tərəfindən İmam Hüseyni ziyarətə gedirdi. Bu gün siyasi oyunlarda müsəlmanları terrorçuluqda ittiham edirlər. Necə düşünürsüz gördüyünüz o insanları terrorçu adlandırmaq  olarmı?

- Mən sizə yolda yaşadığım kiçik bir hadisəni danışmaq istəyirəm.   Yola başladığımız birinci gün idi. Dəqiq xatırlamıram yoldakı hansı sütunun yanı idi. Çiynimdə yol çantası ilə dayanmışdım, çantamda da Rusiyanın bayrağı var idi. Mənə 6-7 yaşlarında bir qız uşağı yaxınlaşdı. Əvvəl məndən haradan gəldiyimi soruşdu, dedim Moskvadan gəlmişəm. Soruşdu: “Bu Avropadır?” Cavab verdim ki, Rusiyanın bir hissəsi həm də Avropadır. O mənə görünüşü ilə orta əsrləri xatırladan bir məktub verdi. Keçmişdə halqa şəklində bükülub baş tərəfləri bağlanan məktub forması kimi. Yaşıl iplə bağlanmış məktubu açdım. Məktubda yazılanların ümumi mənası bu idi: “Niyə biz müsəlmanlar təzyiqlərə məruz qalmışıq? Niyə bizi öldürürlər? Niyə bizi terrorçu adlandırırlar? Baxın, hazırda gördüyünüz bu mənzərəyə. Olduğunuz yerə, insanlara və gedin öz ailənizdə, ölkənizdə, tanıdığınız insanlara hər kəsə deyin biz terrorçu deyilik. Biz gördüyünüz bu insanlarıq.” Bu hadisə məni çox təsirləndirdi. Kövrəldim, ağladım, utandım. Bu balaca qızcığaz məni o insanlara oxşatmışdıvə mən bundan xəcalət çəkdim... Bu böyük siyasi oyunların nəticəsidir. Əlbəttə mənim gördüyüm yoldakı insanlara  terrorçu demək olmaz. İnsanları aldatmaq çox asandır, nəinki, doğru olana onları inandırmaq.

- Əslində bütün peyğəmbərlər fərqli-fərqli vaxtlarda eyni dini təblig ediblər ki, sonuncu peyğəmbər və ona nazil olan Qurani-Kərimlə də bu sonlanıb. Amma xristian - müsəlman anlayışları bu gün danılmazdır. Başqa dinə mənsub olan biri kimi, müsəlmanların sizə münasibəti necə oldu? Necə qarşılayırdılar sizi?

- Açığını deyim, ilk günlərdə qəribə bir narahatlığım var idi. Çünki diqqət mərkəzində idim. Hər tərəfdən mənə baxırdılar. Hamı üçün maraqlı idim və bu məni bir qədər narahat edirdi. Sonra özümə qətiyyətlə dedim, bəli mən Moskvadan gəlmişəm, Provaslav xristianıyam, amma mən İMAMIMIZI  ziyarət etməyə gəlmişəm. O sizin olduğu kimi həm də mənim İmamımdır. Necə olub ki burdasız, sualına cavabım da bu olurdu. Bütün insanlar burada olmalıdır, biz hamımız burada olmalıyıq.

 


"İnanıram,  Tanrı məni müsəlman kimi yanına aparacaq"

 

- Ola bilər, nə vaxtsa, İslamda buyurulan vacib əməlləri yerinə yetirəsiz. Namaz qılmaq, oruc tutmaq, Həccə getmək kimi.

- Mən Həccə getməyi və bütün imamları ziyarət etməyi qarşıma məqsəd qoymuşam. Düşünürəm Allah bunun üçün mənə imkan verər. Mən bunları etmədən dünyamı dəyişmərəm. Buna əminəm həm də. Çünki Allahla tez – tez danışıram. Mən bu əməlləri edəcəyimə Ona söz vermişəm. Əminəm O da həmin imkanı mənə verəcək. Mən kiminsə xoşuna gəlməyə çalışmıram. Önəmli olan Onun bəyənməsidir. Əgər mən ətrafımda ailəmdə kimisə sevirəmsə bu da Allaha xatirdir. Namaza gəlincə isə mən orda olduğum müddətdə bu əməli yerinə yetirirdim. O qədər yol gəlib, imamları ziyarət edib ibadət etməmək mənim aləmimdə yersiz olardı. Buna görə də ibadət edirdim. Axı mən turist deyiləm, mən də İmam Hüseynin zəvvarıyam.

- Bundan sonra da daimi namaz qılıb müsəlmanlar kimi ibadət etməyiniz mümkündürmü?

- Qurani- Kərimdə yazılıb ki, hər kəs müsəlman kimi dünyadan köçməlidir. Düşünürəm ki, mən buna əməl edəcəm. Tanrı məni müsəlman kimi yanına aparacaq.

- Çox məsuliyyətli, çətin bir ziyarət səfəri keçdiz. Burada hərtərəfli çətinlik var idi. Müharibə şəraitindən yeni çıxmış bir ölkə, fiziki və mənəvi çətinlik, isti, toz fırtınası, antisanitariya və sairə. Bütün zəvvarlar bu qənaətdədir ki,  bu yoldakı bütün sadaladığım çətinliklər zövqvericidir. Sizdə necə oldu?

- Tanrı sanki mənə mənzərərləri göstərirdi. Dediyiniz kimi, isti, ağrı, toz fırtınası, çirkli şəhər, saçları daranmamış balaca bir qız. Sən nə görürsən? Saçları daranmamış qız, yoxsa Allaha xatir İmam Hüseyn zəvvarına xidmət edən qız? Bu yolda, getdiyim yerlərdə çirk görmədim. Hər yer təmiz idi, gözəl idi.  Çətin dediyimiz o yolu da mən çox rahatlıqla keçdim. Mən hətta çox vaxt  gün eynəyi də geyinmirdim, agzımı maska ilə bağlamadım. Çünki hər şeyi öz gözlərimlə görmək istəyirdim, şüşə arxasından yox. O havanı almaq istəyirdim. Toza, antisanitariyaya gəlincə ora İmam sevgisi ilə təmiz ürəklə getmisənsə, əmin ol sənə heç nə olmayacaq. Mən düşünürdüm əgər çətinlik çəksəm sınağım, çəkməsəm mükafatimdir. Yol boyu verilən yeməklərin isə demək olar hamısını yedim. Hətta bəyənmədiklərimi də sona qədər yeyirdim. Çünki, bu zəvvarlar üçün Allaha xatir göstərilən xidmətdir. Yeməmək, yarısını atmaq mənim aləmimdə hörmətsizlikdir. Hətta kimsə görməsə də Allah ki görür.

 

 

"Onlar məni eşitdi, bu ziyarət baş tutdu"

 

- İmam Hüseyni ziyarət edənlər, onun məzarına yaxınlaşıb, zirehinə toxunurlar, onunla ünsiyyət qurmağa çalışırlar. Bu sizdə də alındı?

- Yanımda təcrübəli zəvvarlar var idi, hansı ki, bir neçə dəfə bu ziyarətdə olmuşdular. Bildiyiniz kimi insan çox idi, böyük izdiham var idi. Mənə dedilər ki, səbr et özünün də xəbərin olmadan sənə yol açılacaq ona yaxınlaşacaqsan, hətta toxunacaqsan da. Düşünürəm mən gəldim və bu ziyarətimlə öz imzamı atdım. Əminəm bu mənə yenə qismət olacaq. Mən bir daha bu ziyarəti edəcəm. Mən Kərbəlaya daxil olanda, müqəddəs qardaşları salamladım. Bilirəm Əbəlfəzl Abbas imam deyil. Amma o İmam Hüseynin qardaşıdır. Və dərəcə baxımından çox yüksək şəxsiyyətdir. Onun hərəmində istəklərin həyata keçməsi barədə də eşitmişəm. Mən özüm üçün heç nə istəmədim. Onu deyə bilərəm ki, bu şəxsiyyətlər məni eşitdilər ki, bu ziyarət baş tutdu. Bu ziyarətlər mənim istəyimə verilən cavab idi.  Hətta Hərəmdə olanda yatmaq da istədim ki, bəlkə hansısa yuxu görərəm deyə. Yuxuda mənə nəyisə danışarlar izah edərlər. Hamı məndən soruşurdu sən necə olub bura gəlmisən? Hamı üçün maraqlı idi mənim o ziyarətdə olmağım.   Müxtəlif fikirlər söyləyirdilər. Bir nəfər deyirdi sən təmiz insansan, valideynlərində təmiz insanlar olublar ki, Allah sənə bu ziyarəti qismət edib. Zəvvar yoldaşlardan digəri isə deyirdi ki, İmam Hüseynin öz dəvəti olmadan onu ziyarət edə bilməzsən. Minlərlə insan var ki, onu ziyarət etmək istəyir amma alınmır. Bir başqa yoldaş da deyirdi ki, İmam Hüseyni ziyarətə xilas olmaq üçün gedirəm. Bəziləri istəkləri üçün, bəziləri sağlamlıqları üçün bu yola çıxmışdılar. Mənim üçün isə bu ziyarətin həyatımda baş verməsi özü bir mükafatdır, istəklərimin cavabıdır. Mən özümü heç vaxt ideal insan hesab etməmişəm. İmam Əlinin dediyi kimi, yaxşılıqları başqasında pislikləri isə özünüzdə axtarın. Yəqin ki, Allah əgər mənə bu müqəddəs məkanları görməyi nəsib etdisə deməli hardasa məndə yaxşı mənada qığılcımlar var. Eyni zamanda mən artıq hiss edirəm ki, qəlbimin bir hissəsində imama olan sevgi var.

- Ümumiyyətlə, hər ziyarətgahda fərqli-fərqli hisslər yaşayır insan. Hər imamın qarşılaması və yola salması fərqlidir. Siz də bu fərqi hiss etdinizmi?

- Doğrudur hisslər də, təəsüüratlar da, hətta mən deyərdim həyəcan da  fərqli idi. Məndə də belə oldu. Amma ümumilikdə hələ fərqlər barədə danışa bilmərəm. Sadəcə bir şeyi düşünürdüm,  mən kimin hüzurundayam, kimi ziyarət edirəm?..


 

- Bizdə belə bir ənənə var, Kərbəlanı ziyarət edənlərin adlarının qarşısına “Kərbəlayi” adı əlavə olunur. Siz də bu adı özünüzdə qəbul edirsiz?

- Qəbul etmək nə demək? Mən orda olmuşam? Deməli Kərbalayiyəm. Mən bu statusu qazandım.

- Ziyarətlərin sonunda, ayrılıq vaxtı gələndə insan sanki doğmasından ayrılırmış kimi bir hiss yaşayır, darıxmağa başlayır. Sizə necə təsir bağışladı İmam Hüseyndən ayrılmaq?

- Mən atamı itirəndə də belə olmuşdum. Onu dəfn edib qayıdandan sonra tək özümlə qalanda ağlamağa başladım. Eynisi burda da oldu. Hərəmdə olanda ağlaya bilmədim. Geri qayıdanda, təyyarədə yerim ən sonda illüminatorun qarşısında idi. Mən çox adamı görürdüm məni isə heç kəs görmürdü, çünki yerim son sırada küncdə idi. Mən illüminatordan baxaraq özümdən qeyri-ixtiyari ağlamağa başladım...

İradə Nurəddinqızı

P.S Müsahibə üçün göstərdiyi dəstəyə görə Yaqub Ağayevə təşəkkürümüzü bildiririk.

P.S.S Ərbəin ziyarəti ilə bağlı reportaj, tezliklə saytımızda olacaq.






26 Oktyabr, 2019  10:53 Baxılıb: 4012 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner