Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Şəfəq” MTK-nın özbaşınalığı: Tanınmış rejissorun ailəsini təhdid edirlər - FOTO

Tanınmış rejissor Samir Kərimoğlu Bakının mərkəzində “Şəfəq” MTK tikinti şirkətinin işçilərinin özbaşınalığı ilə üzləşib. İşçilər şirkətin rəhbərliyi tərəfindən öyrədilərək rejissorun ailəsinin həyatını dözülməz vəziyyətə çatdırmağa çalışırlar. Artıq şəxsi həyata müdaxilə faktları var. Bu barədə Oxu.Az-a rejissorun özü danışıb.

S.Kərimoğlunun ailəsi 20 ildir İslam Səfərli küçəsindəki 12 nömrəli evdə yaşayır. Lakin S.Kərimoğlu və onun doğmaları son bir il ərzində tikinti şirkətinin işçilərinin özbaşınalığına görə stress vəziyyətindədir. Ən maraqlısı odur ki, 42 saylı Mənzil İstismar İdarəsinə edilmiş şikayət nəticə verməyib. Əsəblərini müalicə etmək üçün həkimlərin ər və arvada yazdığı resept və diaqnozlardan artıq bir qalaq yığmaq olar.

“Biz binanın üçüncü mərtəbəsində yaşayırıq, “Şəfəq” MTK ilk iki mərtəbəni orada yaşamış keçmiş mənzil sahiblərindən satın alıb. Şirkətin həmtəsisçiləri – Əli və Vasif Əliyev qardaşları burada hostel açmaq istəyirlər. Onlar sakinlər üçün evin əsas giriş yolunu bağlayıblar və indi biz təhlükəli yanğın pilləkənindən istifadə etmək məcburiyyətində qalmışıq. Bu azmış kimi, onlar bizə mənzilimizlə yanaşı olan ərazidən istifadə etməyi qadağan etməyə çalışırlar”, - rejissor bildirib.

“Şəfəq” MTK-nın gələcəkdəki hostelinin damı olacaq terrasda S.Kərimoğlunun ailəsi istirahət edir. Onlar ora kiçik divan və stol qoyublar, axşamlar orada çay içirlər. Bir sözlə, ailənin hərəkətlərində heç bir qanunsuzluq və qeyri-adilik yoxdur. Dünyanın böyük şəhərlərində qonşuların belə rahat yolla bir yerdə istirahəti müşahidə olunur.

Lakin şirkətin işçiləri qərara gəliblər ki, evin sakinlərinə həmin ərazidən istifadəni qadağan etməyə haqları çatır. Belə ki, işçilər məhkəmənin heç bir qərarı olmadan rejissorun mənzilinin pəncərələrində iki videokamera quraşdırıblar. Bunun şəxsi həyata açıq müdaxilə və qanunla cəzalandırılmalı olduğunu deməyə isə lüzum yoxdur.

S.Kərimoğlu üç övlad böyüdür. Hazırda rejissorun uşaqları və həyat yoldaşı öz mənzillərində hansısa iş görmək istəyəndə ehtiyatla ətrafa göz gəzdirirlər. Yəni iş o yerə çatıb ki, onlar mənzildə sərbəst hərəkət edə bilmirlər. “Onlar pəncərələrimizdə barmaqlıqlar quraşdırmaqla da hədələyirlər. Qonşu Bəxtiyarın pəncərəsi də bu əraziyə açılır. Ona da eyni təhdidlər edilib. Həmin insanlar cəzalanmayacaqlarına əmindirlər və buna görə də istədiklərini edirlər. İki işçi bir həftə əvvəl terrasa çıxaraq həyat yoldaşımın, övladlarımın və anamın orada olmasına fikir verməyərək yerə karton qoyaraq uzanıb. Üstəlik, maqnitofona yüksək səs veriblər. Mən evdə olmamışam, oğlum onlara irad tutub və bundan sonra işçilər maqnitofonu söndürüblər. Evə gec saatlarında gələndə işçiləri yenidən orada gördüm. Onlara dedim: “Nə edirsiniz? Bura bulvar deyil. Sizin öz yeriniz var, orada istirahət edin”. İşçilər üzr istəyib və söz veriblər ki, növbəti gün daha burada olmayacaqlar”, - S.Kərimoğlu qeyd edib.

İşçilər növbəti axşam yenidən terrasa çıxıblar, bu dəfə iki deyil, dörd nəfər olublar. Onlar özlərini olduqca həyasızcasına aparıblar, hətta söyüş söyüblər. S.Kərimoğlu buna etiraz edəndə isə işçilər deyiblər ki, onlara belə davranmağa “ağa”ları, yəni şirkət rəhbərliyi icazə verib. İşçilər tərəfindən ailənin əşyalarını çıxartmaq və göstərilən ərazidə qanunsuz hökmranlıq etmək üçün dördüncü cəhd edilib. Hətta onlar bir gün özləri ilə sahə polisini gətiriblər. Lakin sonuncu rejissorla söhbətdən sonra işçilərə dəstək çıxmaqla səhvə yol verdiyini başa düşüb.

S.Kərimoğlu tikinti şirkətinin bütün addımlarını psixoloji təzyiq və şəxsi həyata müdaxilə kimi qiymətləndirir. Rejissor özbaşınalıqla əlaqədar məhkəmə daxil olmaqla, bütün müvafiq strukturlara şikayətlə müraciət etmək niyyətindədir:

“Ev insanın şəhər təlaşı və ətalətindən xilas olub istirahət etdiyi yerdir. Bu, mənim qalamdır. Mənim bina sakini kimi bitişik ərazidən istifadə etməyə haqqım var”, - S.Kərimoğlu qeyd edib.

Oxu.Az, öz növbəsində, “Şəfəq” MTK-nın rəhbərliyi ilə əlaqə saxlamağa çalışıb. Lakin şirkətdən bildiriblər ki, rəhbərlik hazırda xaricdədir.

42 saylı Mənzil İstismar İdarəsinin direktoru Samir Mitiyev isə bəyan edib ki, terrasla bağlı vəziyyəti hələ öyrənməyib və işi araşdırmaq üçün vaxt istəyib.

Bu arada Yasamal Rayon İcra Hakimiyyətində etiraf ediblər ki, tikinti şirkətinin işçilərinin hərəkəti qanunsuzdur. İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov qeyd edib ki, S.Kərimoğlu ərizə ilə müraciət etməlidir. Bundan sonra İcra Hakimiyyəti işə baxa və özbaşınalığın qarşısını almaq üçün zəruri addımlar ata bilər.






10 Avqust, 2019  09:56 Baxılıb: 1767 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner