Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

PORTRET - Süleyman Ələsgərov

Süleyman Əlsəgərov 1915-ci  il  iyunun 20-də Bakıda doğulub. Yeddi illik təhsilini başa vurub üç il Maliyyə Texnikumunda, üç il də Azərbaycan Dövlət Tibb İnstitutunda  oxuyub. Lakin təhsilini yarımçıq qoyaraq 1933-cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində aktyorluq  fəaliyyətinə başlayıb. 1936-cı ilin sentyabrında isə yeni yaradılan Gənc Tamaşaçılar Teatrına müsabiqə yolu ilə aktyor götürülüb. 63 il bu teatrda çalışıb. Bu illər ərzində o, teatrda Polad (“Qızıl quş”),  Aqşin (“Babək”), Arqant (“Skapenin kələkləri”),  Valentin və Pontolone (“İki ağanın bir nökəri”), Molla Səfi və Hacı Qəmbər (“Hacı Qəmbər”), Lorenso (“Romeo və Cülyetta”) və s. kimi bütünlükdə 300-ə kimi obraz yaradır. Kino sahəsində isə  “Bakıda küləklər əsir”,  “Bəxtiyar”, “Uşaqlığın son gecəsi”, “Bizi bağışlayın”, “Etiraf”  filmləri də daxil olmaqla  34 filmə çəkilir. Aktyorun  ən  populyar və iri həcmli ekran obrazı Maqsud İbrahimbəyovun 1969-cu ildə çəkdiyi  “Bizim Cəbiş müəllim” filmində Cəbiş müəllim roludur.  Aktyora böyük şöhrət gətirən bu obraz  nədən belə təbii alınmışdı? Bu sualı Süleyman Ələsgərovun  qızı Sevinc xanım cavablandırarkən həm atasının həyatı, həm aktoyorluq fəaliyyətindəki maraqlı məqamlardan danışdı.

“Atam Cəbiş müəllimi oynamayıb, sanki öz həyatını yenidən yaşayıb. Bəlkə də atam müharibənin  fəlakətlərini öz gözləri ilə görməsəydi, o həyatı özü yaşamasaydı, bu obraz belə təbii alınmazdı. Atamgil ailədə üç uşaq olublar. 1918-ci ildə Bakıda ermənilərin törətdikləri qırğın vaxtı evləri dağılır. Bu hadisədən sarsılan nənəm xəstələnir və 2 ildən sonra 23 yaşında dünyasını dəyişir. Babam yenidən evlənir. Lakin analıq uşaqlara baxmadığından onlar dayılarının evinə yığışırlar. Uşaqlıq və gənclik illəri ağır keçən atamın arzusu həkim olmaq idi. Odur ki, gündüzlər işləyib, gecələr oxuyur, tibb institutuna qəbul olur. Lakin ailə vəziyyəti ağır olduğundan işləmək məcbutiyyətində qalır və təhsilini davam etdirə bilmir. 1941-ci ildə isə müharibəyə gedir, hava hücumlarından müdafiə qoşunlarında xidmət edir. Döyüşlərin birində ağır zədə alır, gözləri və qulaqları tutulur. Bir müddət müalicə alır, sağalandan sonra yenidən cəbhəyə qayıdır  və qələbə gününə qədər müharibədə iştirak edir.”

Ömrünün 63 ilini teatra həsr edən sənətkar oynadığı bütün rollarını sevirmiş. S.Ələsgərovun faciəvi rolları da, komik rolları da eyni dərəcədə təsirli alınırdı. Çünki o, rolu oynamırdı, yaşayırdı. Hacı Qəmbərə baxanda “ağlını itirib insanların gülüş hədəfinə çevrilən bu adama” bilmirdin güləsən, ya ağlayasan. Qızı deyir ki, atası  çox sadə, amma zəhmli insan olub. “ 8-ci sinifdə oxuyurdum, “Bizim Cəbiş müəllim” filminin çəkilişləri məktəbimizin yaxınlığında aparılırdı. Çəkilən atam olduğu üçün o qədər lovğalanırdım ki... Buna görə, məni bütün məktəb tanıyırdı. Atam icazə verməzdi gedib çəkilişlərə baxmağa. Bir dəfə uşaqlarla dərsdən qaçıb getdik çəkiliş meydançasına. Onda atam mənə elə acıqlandı ki, “bir də səni burda görməyim”,-dedi. Yadımdadı, bir dəfə çəkiliş qrupunu bizə gətirmişdi, anam da düşbərə, qutab hazırlamışdı. Yemək zamanı Həsən məllim atama dedi ki, Cəbiş məllimin qızı roluna bəlkə elə sənin qızını çəkək?! Atam buna razı olmadı. Mən orta məktəbi bitirəndə isə atam sual verdi ki, fikrin haradı? Dedim sənin yolunu davam etdirmək istəyirəm. “Əgər gələcəkdə ailə qurmaq – övladının, yoldaşının olmasını istəyirsənsə incəsənətə getmə. Başqa hansı sənəti seçirsən seç, sənə dayaq olacam” - dedi. Mən də ədəbiyyatı seçdim. Ümumiyyətlə atam qısqanc adam idi, anam tibb texnikumunu bitirsə də işləməyə icazə vermirdi. Anamın da qısqanclığı vardı. Atam ala gözlü, şabalıdı saçlı, hündürboy, yaraşıqlı adam idi. O qədər pərəstişkarları vardı ki... 1985-ci ildə anamı  itirəndən sonra meylini nəvəsinə, yəni qızıma saldı. Anamın adını qoymuşdu – Leyla xanım deyərdi. Atamın gözəl piano çalmağı vardı, hərdən rəsm əsərləri də çəkərdi.”

Hər gün teatra getməyi özünə borc bilən sənətkarın qəribə taleyi olub. Qarlı bir gündə evdən çıxanda ayağı sürüşüb, arxası üstə yıxılır. Onurğa sümüyü zədələnir.  Bir neçə ildən sonra məlum olur ki, xərçəng xəstəsidi. Ayaqları tutulmağa başlayır. “Ölümündən 1 gün əvvəl bizi çağırdı yanına, yoldaşıma dedi ki, Adil mən Sevildən arxayın gedirəm. Sən mənə oğul oldun, ona görə də o dünyada rahat yaşayacam. Sonra baxdı saata, dedi ki, altıya iyirmi dəqiqə işləmiş. Dedim, ata, saat doqquzdu hələ.  Dedi, vaxta var. Səhər altıya düz iyirmi dəqidə işləmiş atam keçindi.”

S.Ələsgərov 1998-ci il dekabrın 10-da uzun sürən ağır xəstəlikdən dünyasını dəyişib.

Simsar Jurnalı

 

 

 

 

 






14 Mart, 2019  14:37 Baxılıb: 1777 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner